Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov geniş müsahibə verib. Son dövrlər xaricdə təhsil almış şəxslərin diplomlarının tanınmaması ilə bağlı cəmiyyətdə yaranmış narazılıqlara aydınlıq gətirib. Həmin müsahibəni təqdim edirik.
-Tural bəy, Agentliyin yaydığı son məlumata görə daha 46 nəfərin diplomu tanınmayıb. Ümumilikdə, 2024-cü ildə yüzlərlə diplom üzrə mənfi qərar verilib. Bu rəqəmlər narahatlıq doğurur. Problemin əsas səbəbi nədir? TKTA hansı meyarlar əsasında bu qərarları verir?
-Biz hər ay ictimaiyyəti mütəmadi olaraq məlumatlandırır və xəbərdar edirik. Təəssüf ki, vətəndaşların əksəriyyəti bu məsələyə yalnız “diplomun tanınmaması” prizmasından yanaşır. Halbuki, illik əsasda təqdim olunan statistika göstərir ki, daxil olan müraciətlərin təxminən 15-17 faizi üzrə imtina qərarı verilir. Bu o deməkdir ki, Agentlik hər il 6–7 minə yaxın müraciətin ekspertizasını həyata keçirir. Onların da 83-85 faizi müsbət qərarla yekunlaşır. İmtina qərarlarının təhlili göstərir ki, əsas səbəblərdən biri vətəndaşların təhsil aldıqları ölkədə müəyyən olunmuş minimum tədris müddətindən daha az müddətdə fiziki olaraq iştirak etmələridir. Diplomların tanınması “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq olunub. Həmin Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən, əgər təhsil alınan ixtisas tibb və səhiyyə ixtisaslarına aiddirsə, bu zaman tam tədris dövrü — yəni 8 semestr — əsas götürülür. Digər ixtisaslar üzrə isə hər tədris ilinə münasibətdə tədrisin yarısı — yəni minimum 4 ay— məqbul hesab olunur. Eyni zamanda, Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən, ümumi tədris müddətinin üçdə ikisi (2/3) ənənəvi təlim metodları ilə — yəni fiziki iştirakla — həyata keçirilməlidir. Təhsil alan şəxs yalnız ümumi müddətin üçdə bir hissəsini qeyri-ənənəvi təlim metodları (məsələn, məsafədən təhsil) vasitəsilə keçə bilər. Diplomların tanınmasından imtinanın əsas səbəblərindən biri də budur: tələbə əyani təhsilə münasibətdə hər tədris ilində 4–5 ay ölkədə fiziki olaraq iştirak etməli olduğu halda, faktiki iştirak müddəti cəmi 10, 15 və ya 20 gün olur. Bu qədər qısa müddətdə tədris proqramını mənimsəmək real olmadığından diplomun tanınmasından imtina edilir.
-Tanınmayan diplomların arasında ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya kimi yüksək təhsil sisteminə malik ölkələrin universitetləri də var. Bu ali məktəblərin proqramları hansı əsasla normativlərə uyğun sayılmır?
-Doğru olaraq qeyd etdiniz ki, inkişaf etmiş ölkələrdə fiziki olaraq yerləşən və fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələri mövcuddur. Lakin təcrübə göstərir ki, diplomların tanınmasından imtina hallarının əksəriyyəti lisenziyasız və akkreditasiyasız fəaliyyət göstərən ali təhsil müəssisələri ilə bağlıdır. Bu cür müəssisələr əsasən İsveçrə Konfederasiyası və İspaniya Krallığı ərazisində yerləşir. Tanınma qaydalarına əsasən, ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkənin səlahiyyətli qurumu tərəfindən rəsmi olaraq tanınması və ona təhsil məqsədilə fəaliyyət göstərmək və dərəcə vermək hüququ verən lisenziya təqdim olunması tələb olunur. Təsəvvür edin ki, Azərbaycanda bir hüquqi şəxs təhsil müəssisəsi təsis edir, lakin ona təhsil xidməti göstərmək üçün rəsmi səlahiyyət verilmir. Bu zaman söhbət kurslardan və qeyri-formal təhsil proqramlarından deyil, formal təhsildən gedir. Əgər belə bir müəssisənin aktiv akkreditasiyası və lisenziyası yoxdursa, onun məzunlarının digər ölkələrdə növbəti təhsil səviyyəsinə keçmək imkanları da məhdudlaşır, çünki onların diplomları tanınmır. Bu cür hallarda təhsil müəssisəsinin lisenziya və akkreditasiya statusu müvafiq diplomatik kanallar vasitəsilə araşdırılır. Əgər qarşı tərəfin səlahiyyətli qurumu təsdiqləyirsə ki, həmin ali təhsil müəssisəsinin bakalavriat və magistratura səviyyələri üzrə kvalifikasiya təqdim etmək hüququ mövcud deyil, bu zaman Azərbaycan tərəfi mövcud qaydalara uyğun olaraq tanınmadan imtina qərarı verir. Məsələn, hazırda ölkəmizdə bu cür hallar yaşanmasa da, 1990-cı illərdə bəzi ölkələrin ali təhsil müəssisələrinin filialları fəaliyyət göstərib və nəticədə müəyyən hüquqi və akademik çətinliklər ortaya çıxıb. Almaniya və Böyük Britaniya ilə bağlı məsələlərə toxunarkən bildirmək istəyirəm ki, Almaniya üzrə bu günədək konkret tanınmama halları müşahidə olunmayıb. Lakin Böyük Britaniyanın müxtəlif ölkələrdə fəaliyyət göstərən təhsil müəssisələrinin filialları mövcuddur. Məsələn, Middlesex Universitetinin Dubay filialı fəaliyyət göstərir, lakin həmin filialın akkreditasiyası olmadığı üçün verilən diplom tanınmayıb. Eyni hal Çexiyada yerləşən Britaniya universiteti üçün də müşahidə olunub. İctimaiyyətin maarifləndirilməsi məqsədilə Agentliyə edilən müraciətlər əsasında formalaşmış lisenziyası və akkreditasiyası olmayan ali təhsil müəssisələrinin siyahısı Agentliyin tkta.edu.az internet səhifəsində paylaşılıb. Bu siyahıda göstərilən müəssisələrin akkreditasiyası və lisenziyası olmadığı üçün onların diplomlarının tanınması mümkün deyil. Bu səbəbdən vətəndaşlardan xahiş edirik ki, siyahıda qeyd olunan ali təhsil müəssisələrinə müraciət etməsinlər. Əgər hər hansı təhsil şirkəti onları siyahıda yer alan ali təhsil müəssisələrinə yönləndirirsə, öncədən bilsinlər ki, bu kvalifikasiyalar tanınmayacaq. Hazırda İspaniya və digər ölkələrdə yerləşən bəzi ali təhsil müəssisələri ilə birbaşa ünsiyyətimiz var. Onlar Azərbaycanın bu sahədə tətbiq etdiyi tələbləri bilirlər və fəaliyyətlərini həmin tələblərə uyğunlaşdıracaqlarını bildirirlər. Burada əsas məsələ ondan ibarətdir ki, eyni təhsil müəssisəsinin müxtəlif ölkələrdə filialları ola bilər. İspaniya və İsveçrə ilə bağlı oxşar vəziyyət ondadır ki, bu ölkələrdə eyni müəssisənin bir neçə filialı mövcuddur. Hətta Barselona, Cenevrə, Münhen kimi şəhərlərdə bu cür filiallara rast gəlinir. Yəqin ki, Almaniya ilə bağlı sualınızda da bu kontekstdə qeyd olunan filial nəzərdə tutulub. Lakin bu fakt, həmin təhsil müəssisəsinin Almaniyada yerləşməsini əsas gətirərək, onun tanınmasını təmin etmir. Yəni təhsil müəssisəsinin yalnız fiziki mövcudluğu deyil, rəsmi akkreditasiyası və lisenziyası tanınmanın əsas şərtidir. Eyni yanaşmanı da digər ölkələrin aidiyyəti qurumları ölkəmizdə təhsil alan və növbəti təhsil səviyyəsi üzrə təhsilini digər ölkələrin ali təhsil müəssisələrində davam etdirmək istəyən şəxslərə münasibətdə göstərir. Belə ki, mütəmadi olaraq TKTA-ya daxil olan müraciətlərdə yerli ali təhsil müəssisələrinin institusional akkreditasiyasına dair rəsmi məlumat sorğu edilir.
– TKTA-nın qərarlarında tez-tez “tədris yükü normativdən azdır” səbəbinə istinad edilir. Azərbaycanda müəyyən olunmuş bu normativlər beynəlxalq standartlarla nə dərəcədə uzlaşır? Misal üçün, Bolonya prosesinə qoşulmuş ölkələrin kredit sistemi niyə yetərli sayılmır?
– Azərbaycan Avropa Ali Təhsil Məkanının iştirakçısı olan ölkələrdən biridir. Bu çərçivədə biz əsasən Bolonya prinsiplərinə əsaslanırıq və kreditlərin hesablanması da həmin prinsiplərə uyğun aparılır. Əgər söhbət kreditlərin yetərsizliyindən gedirsə, bu artıq həmin çərçivəyə uyğun gəlməyən bir hal kimi qiymətləndirilə bilər. Milli qanunvericiliyimizə görə, bakalavriat səviyyəsində kredit sayı 180-240 aralığında olmalıdır. Yəni, əgər təqdim olunan proqram bu aralığa uyğundursa, biz onu tanıyırıq. Amma əgər kredit sayı 180-dən aşağıdırsa, bu o demək deyil ki, dərhal imtina qərarı verilir. Belə hallarda biz sadəcə əlavə izahat istəyirik. Yəni heç bir müraciət avtomatik olaraq rədd edilmir. Əksinə, biz ali təhsil müəssisəsinə sorğu göndəririk və bu fərqin səbəblərini öyrənməyə çalışırıq. Əgər fərq çox böyük deyilsə — məsələn, proqram 175 kreditdirsə — biz bu fərqin əsaslandırılmasını istəyirik. Əgər təqdim olunan izahat məntiqlidirsə və kifayət qədər əsaslıdırsa, bu halda tanınmadan imtina edilmir. Qısa desək, məqsədimiz formal yanaşmadan qaçaraq, hər bir müraciətə fərdi və obyektiv şəkildə baxmaqdır.
– Agentliyin qərarları hansı hüquqi sənədlərə əsaslanır? Bəziləri qeyd edir ki, qərarların elmi əsasları və hüquqi dayanıqlığı ictimaiyyət üçün tam şəffaf şəkildə təqdim edilmir?
-Təbii ki, biz cəmiyyətdə səsləndirilən bütün fikirlərə hörmətlə yanaşırıq. Eyni zamanda vətəndaşlarımıza müraciət edərək bir daha vurğulamaq istəyirik ki, xarici kvalifikasiyaların tanınması prosesi ilk növbədə dövlət başçısının müvafiq Fərmanı əsasında həyata keçirilir. Həmin Fərmandan irəli gələn əsas tələblər isə 4-cü bənddə açıq şəkildə öz əksini tapıb. Bundan əlavə, tanınma prosesi milli qanunvericiliyin, xüsusilə də təhsil qanunvericiliyinin müvafiq müddəalarına əsaslanaraq aparılır. Bu sənədlər ictimaiyyət üçün tam açıqdır və istənilən vətəndaş onlarla tanış ola, istinad edə və istifadə edə bilər. Əgər kiminsə əlində əlavə arqument və ya əsaslandırıcı məlumat varsa, onları bizimlə bölüşə bilər. Biz bu cür akademik və məzmunlu müzakirələrin aparılmasının tərəfdarıyıq və belə yanaşmaları hər zaman dəyərləndiririk. Bu kontekstdə, ekspertiza prosesinin necə aparıldığını da izah etmək istərdik. Ekspertiza kifayət qədər geniş və mərhələli bir prosedurdan ibarətdir. Burada ilk və əsas tələblərdən biri — ali təhsil müəssisəsinin lisenziyası və akkreditasiyasının olmasıdır. Əgər bu tələblər yerinə yetirilmirsə, bu artıq tanınmadan imtina üçün əsas sayılır. Bununla yanaşı, müraciət edən şəxsin təqdim etdiyi kvalifikasiya ilə bağlı ətraflı təhlil aparılır. Bu zaman əsas meyarlar nəzərə alınır. Tədris proqramının ixtisasa uyğunluğu, kredit sayının yetərli olub-olmaması, təhsil aldığı ölkədə fiziki olaraq iştirak, ixtisasın ekvivalentliyi, təhsilalma forması və digər göstəricilər araşdırılır. Bütün bu göstəricilər əsasında əsaslı, obyektiv və qanunvericiliyə uyğun qərar qəbul olunur.
– Lissabon Tanınma Konvensiyasına qoşulmuş bir ölkə kimi Azərbaycanda diplomların avtomatik tanınması sistemi niyə tətbiq edilmir? Yalnız saxta və akkreditasiyasız diplomlar üzrə istisnalar tətbiq olunması daha məntiqli olmazdımı?
-Mənə görə dünya hələ kvalifikasiyaların avtomatik tanınmasına tam hazır deyil. Bunun əsas səbəblərindən biri odur ki, bəzi ölkələr artıq təhsili ixrac etməyə başlayıblar və bu prosesdə təəssüf ki, keyfiyyəti aşağı olan kvalifikasiyalar təqdim olunur. Siz Lissabon Konvensiyasına istinad etdiniz. Orada “əhəmiyyətli fərq” anlayışı var və avtomatik tanınma birbaşa və birmənalı şəkildə təsbit olunmayıb. Əksinə, hər ölkənin qanunvericiliyinə hörmətlə yanaşmaq prinsipi də orada vurğulanır. Təbii ki, istərdik ki, dünyada kvalifikasiyaların tanınması daha sürətli və rahat şəkildə baş versin. Amma reallıq bizə tam fərqli mənzərə göstərir. Bu gün xüsusilə aşağı reytinqli ali təhsil müəssisələrindən alınan diplomlarla bağlı ciddi suallar yaranır. Biz çox hallarda görürük ki, belə müəssisələrin məzunları tədris dilini belə bilmirlər. Belə olan halda, təbii ki, avtomatik tanınmadan danışmaq mümkün deyil. 2023-cü ildə dövlət başçısının imzaladığı Fərmana əsasən, artıq “tənzimlənən” və “tənzimlənməyən” ixtisaslar anlayışı tətbiq olunur. Bu nə deməkdir? Tənzimlənən ixtisaslara tibb, səhiyyə, müəllimlik, mühəndislik və hüquqşünaslıq ixtisasları daxildir. Bu ixtisaslar üzrə məzun olan şəxslər kvalifikasiyalarının tam tanınması məqsədilə peşə imtahanı verməlidirlər. Tibb və səhiyyə ixtisasları üzrə imtahanları Səhiyyə Nazirliyi, digər ixtisaslar üzrə isə Dövlət İmtahan Mərkəzi təşkil edir. Məsələn, hüquq üzrə diplomu olan bir şəxs 30 sualdan ibarət imtahanda iştirak edərək, minimum 15 suala düzgün cavab verməlidir. Amma təəssüf ki, nəticələr göstərir ki, iştirakçıların cəmi 15-17 faizi bu tələbi yerinə yetirə bilir. Üstəlik, suallar faktoloji yox, analitik düşünmə və praktiki yanaşma tələb edən keyslər üzərində qurulub. Burada vurğulamaq istədiyim əsas məsələ budur ki, əlində diplomun olması, insanın bu kvalifikasiyaya real şəkildə sahib olduğunu sübut etmir. Bu, düşündürücü və bir o qədər də təsirli reallıqdır. Çox təəssüf ki, bəzən biz görürük ki, diplom var, amma ixtisas üzrə bilik və bacarıqlar ya yoxdur, ya da olduqca zəifdir. Müqayisə üçün qeyd edim: məsələn, Norveçdə tanınan bir diplom İsveçdə də tanınır. Çünki bu ölkələrdə ali təhsil formalaşmış, sabit və yüksək keyfiyyətli standartlara əsaslanır. Ona görə bu ölkələr bir-birinin diplomlarını avtomatik olaraq qəbul edə bilir. Bizdə isə təəssüf ki, xaricdə təhsil alma motivi çox zaman yerli imtahandan keçə bilməmək səbəbindən yaranır. Məsələn, abituriyent mərkəzləşdirilmiş imtahanda cəmi 100 bal toplayır, sonra attestatla qəbul həyata keçirən xarici universitetə müraciət edir. Həmin şəxs heç bir imtahan vermədən qəbul olunur, 3-4 il sonra diplom alır. Amma nəticədə nə tədris dilini, nə də öyrəndiyi fənlərin məzmununu bilir. Belə bir diplomla əmək bazarına daxil olmaq faktiki olaraq mümkün deyil.
– O da qeyd edilir ki, bəzi inzibati sərtliklər Azərbaycana təhsil alıb qayıdan gənclərin iş tapmasını, karyera qurmasını çətinləşdirir. Sizcə, bu yanaşma ölkədən “beyin axını”nı sürətləndirmirmi?
– O şəxslərin ölkə kənarında öz ixtisasları üzrə əmək fəaliyyətinə başlaması mümkündürmü? Əgər bir şəxs tədris dilini bilmir və aldığı fənlərin nədən ibarət olduğunu anlamır, eyni zamanda ən sadə baza suallarına belə cavab verə bilmirsə – bu “beyin axını”na səbəb ola bilərmi?
– Doğru qeyd etdiniz, bəs Agentlik diplomu tanınmayanların sonrakı aqibəti ilə maraqlanıbmı? Sonradan onlar nə işlə məşğul olublar, gediblərmi? Yoxsa burada qalıb təhsillərini davam etdiriblər?
– Maraqlanmısınız dedikdə, təbii ki, bunun üçün ayrıca bir resursumuz yoxdur. Siz inzibati sərtlikdən danışdınız, amma mən bunu tam əksinə olaraq, müsbət anlamda liberal yanaşma sayıram. Siz imtahanda uğur qazanmasanız da, növbəti imtahanlarda iştirak edə bilirsiniz. Statistikaya baxsaq, görərik ki, bir şəxs 3 dəfə peşə imtahanında iştirak edir, lakin nəticə etibarilə fərq elə də çox olmur. İlk cəhddə 2 düzgün cavab, ikinci cəhddə 8 cavab – bu, müəyyən qədər səriştənin artmasını göstərə bilər, lakin yenə də həmin nəticələr əmək bazarında rəqabət üçün çox aşağıdır.
-Diplomları tanınmayan şəxslərə tövsiyəniz nədir? Onlar bu vəziyyətdə hansı alternativ yollardan istifadə edə bilərlər və TKTA bu gənclərlə necə işləməyi planlaşdırır?
-Bizim əsas tövsiyəmiz ondan ibarətdir ki, , ali təhsil almağa qərar verməzdən əvvəl hər kəs özünə sadə, amma mühüm bir sual versin – “Mən bu yola niyə çıxıram və nəticədə nə əldə etmək istəyirəm?” Biz demirik ki, ali təhsil almamalıdırlar. Əksinə, sadəcə istəyirik ki, bu qərar təsadüfi və ya emosional yox, yaxşı araşdırılmış və planlı şəkildə verilsin. Çünki burada təkcə diplomdan yox, həm də zaman, enerji və ciddi maliyyə resurslarının sərf olunmasından söhbət gedir. Bu mənada peşə təhsili də real və dəyərli alternativ ola bilər. Hazırda bir çox peşə istiqamətləri insanları qısa müddətdə əmək bazarına hazırlayır. Məsələn, proqramlaşdırma, şəbəkə texnologiyaları, qrafik dizayn, və digər texniki sahələr. Bu istiqamətlər üzrə 1–2 ilə kifayət qədər ciddi bilik və bacarıqlar əldə etmək mümkündür. Əgər kiminsə ali təhsil almaq arzusu, məqsədi və motivasiyası varsa, bu qərarı verməzdən öncə ciddi şəkildə araşdırmalıdır. Biz müşahidə edirik ki, bəzən insanlar sadəcə “nə olursa olsun, oxuyum” prinsipi ilə hərəkət edirlər. Bu isə gələcəkdə həm peşəkar, həm də şəxsi həyatlarında problemlər yarada bilər. Məsələn, sosial media resurslarında müxtəlif təhsil şirkətləri tərəfindən “açıköğretim” təhsilalma forması “asan qəbul” prinsipi əsasında cəlbediciliyi təmin edilərək cəmiyyətə təqdim olunur. Lakin reallıq odur ki, bu təhsilalma forması ölkəmizdə birmənalı olaraq tanınmır. Bəzi ali təhsil müəssisələri isə təqdim etdiyi diplomun arxasında duran kvalifikasiyanı dəstəkləyəcək real infrastruktur və akademik təcrübəyə malik deyillər. Əgər bir şəxs ali təhsil almaq istəyirsə, o zaman konkret olaraq hansı universitetə gedəcəyini, bu universitetin hansı xüsusiyyətlərlə seçildiyini əvvəlcədən araşdırmalıdır. Burada söhbət təkcə beynəlxalq reytinqlərdən getmir. Ümumiyyətlə, universitetin statusu və nüfuzu, təhsilə yanaşması və verdiyi diplomun arxasında dayanan real məzmun dəyərləndirilməlidir. Universitet hansı cəmiyyətə istinad edir, orada hansı dəyərlər mövcuddur, məzunlarına nə verir? Təəssüf ki, bu gün hətta inkişaf etmiş ölkələrdə belə bir çox universitetlər təhsili bir növ kommersiya fəaliyyətinə çeviriblər. Elə inkişaf etmiş ölkələrin ali təhsil müəssisələri var ki, orada 2 saata qəbul sənədi almaq mümkündür. Təbii ki, onların səviyyəsi o qədər aşağı deyil ki, təkcə attestatla qəbul mümkün olsun, əlavə olaraq tədris dilini təsdiq edən beynəlxalq səviyyəli sertifikat tələb olunur. Ən maraqlısı isə budur ki, bu universitetlər dünyanın ən yüksək reytinqli təhsil müəssisələri sırasındadır – bəziləri ilk 100-lükdə, bəziləri isə hətta ilk 10-luqda yer alır.
-Reytinq məsələsinə toxunmuşkən, dünya reytinqlərində ali məktəblərimiz 700-cü yerlərdən yuxarı qalxmır, diplomları tanınmayan universitetlər isə dünyanın ən yaxşı 200 ali məktəbi sırasındadır…
-Baxın, reytinq hekayəsi bir az fərqlidir. Misal üçün, mən mövcud olan və o qədər də statusu yüksək olmayan, amma müxtəlif reytinqlərdə yer alan universitetlər göstərə bilərəm. Bəzi universitetlər var ki, vətəndaşların ora ayaq basmadan diplom alması mümkündür. Şəxs idman üzrə bakalavr oxuyub, amma bu diplomun əsasında aviasiya mühəndisliyi üzrə magistr oxuyub, bu necə ola bilər? Yaxud da adam qiyabi oxuduğunu iddia edir, diplomu əyanidir, ya da əksinə. Bunlar kifayət qədər üzücü məqamlardır. Belə hallarda heç bir güzəşt tətbiq olunmur.
-Tural bəy, yaxın gələcəkdə bu sahədə hər hansı islahat planlaşdırılırmı? Diplom tanınma mexanizminin sadələşdirilməsi, elektronlaşdırılması və avtomatik tanınma sisteminə keçid gündəmdədirmi?
-Artıq elektronlaşma prosesi uğurla tətbiq olunur. Vətəndaşlar tanınma üçün Agentliyə gəlmədən, onlayn formada müraciət edə bilirlər. Agentliyin internet səhifəsində video bələdçi yerləşdirilib, onlayn müraciəti addım-addım izah edir. Əyani baxış yalnız xüsusi hallarda – məsələn, şəxsin təqdim etdiyi sənədin həqiqiliyinin verifikasiyası baxımından – tətbiq olunur. Bəzən elə hallar olur ki, xarici tərəf təqdim olunmuş diplomun autentik olmadığını bildirir və bu zaman ekspertiza daha fərqli formada aparılır. Ümumilikdə sistem sadələşdirilmiş və şəffaf bir yanaşma üzərində qurulub. Lakin qeyd etdiyiniz avtomatik tanınma modeli bu gün üçün real deyil. Belə bir mexanizm yalnız o zaman mümkün ola bilər ki, əldə olunan kvalifikasiyalar güvən doğursun, təhsil sistemləri arasında qarşılıqlı etimad mövcud olsun. Bu şərtlər təmin olunarsa, avtomatik tanınma istiqamətində mərhələli şəkildə addımlar atıla bilər. Bu sahədə müəyyən regional təşəbbüslər və konvensiyalar da mövcuddur. Onlardan biri də UNESCO-nun təşəbbüsü ilə hazırlanan və 2019-cu ildə qəbul edilən Ali Təhsil Kvalifikasiyalarının Tanınması üzrə Qlobal Konvensiyadır. Hazırda bu sənədin ratifikasiya prosesi davam edir. Son 6 ildə bu konvensiyanı ratifikasiya edən ölkələrin sayı təxminən 30-a yaxındır. Maraqlıdır ki, bir çox inkişaf etmiş ölkələr belə bu sənədi hələ ratifikasiya etməyib. Burada vacib olan məqam budur: bu məsələ heç bir halda insanları “cəzalandırmaq” kimi başa düşülməməlidir. Əksinə, məqsəd milli əmək bazarına daxil olan kvalifikasiya sahiblərinin keyfiyyətinə təminat vermək və onları güvənli şəkildə dəstəkləməkdir. Bu yanaşma, əslində, yetərli bilik və bacarığa malik şəxslərə yaşıl işıq yandırmaq anlamı daşıyır.
-Söhbətinizin əvvəlində qeyd etdiniz ki, əvvəldən tanınmayan universitetlərin adları açıqlanır. Yəni hər il bu informasiya açıqlanır, amma yenə də valideynlər hansısa şirkətlərə güvənir, aldanırlar. Həm pulları, həm də zəhmətləri hədər gedir. Bəlkə təbliğat yetərincə deyil. Telekanallarda, sosial mediada bu istiqamətdə sosial reklamlar, çarxlar olarsa, bəlkə də bu kimi neqativ halların da sayı azalar?
-Təbii ki, bəzi hallarda məlumatsızlıq baş verə bilər. Lakin son illərdə bəzi təhsil şirkətləri və özünü “ekspert” kimi təqdim edən şəxslərin fəaliyyətində manipulyativ hallar müşahidə olunur. Əvvəla qeyd edək ki, bu şirkətlərin bir çoxu mövsümi fəaliyyət göstərir və əsas məqsədləri qazanc əldə etməkdir. Biz bu fəaliyyətin ümumiyyətlə olmamasını istəmirik. Sivil cəmiyyətlərdə bu cür şirkətlər və vasitəçi qurumlar mövcuddur və onlar müəyyən sahələrdə dəstək göstərə bilərlər. Ancaq məsələ ondadır ki, bu cəmiyyətlərdə heç bir təhsil şirkəti vətəndaşa belə deməz. “Mən sənin üçün qəbul alacam, esseni özüm yazacam, təhsilin ərzində oxutduracam, məzun olandan sonra diplomunu tanıtdıracam, sənə hərbi möhlətalacam…” Təəssüf ki, bəzən Azərbaycanda bu cür vədlər verilir və nəticədə sənədlərin saxtalaşdırılması, manipulyasiyası baş verir. Vətəndaşlar isə aldanır. Biz belə halları mütəmadi olaraq aidiyyəti qurumlara təqdim edirik. Yaxın günlərdə belə bir konkret hal yaşandı: Sosial mediada bir ali təhsil müəssisəsindən əldə olunmuş kvalifikasiya üzrə əldə olunan tanınma şəhadətnaməsi həmin ali təhsil müəssisəsinə tələbə cəlb olunması məqsədilə insanları inandırmaq üçün yayımlandı. Bu sənəd bizim hər ay yekunlaşdırdığımız ekspertizalardan biri idi və artıq şəxsi kabinet vasitəsilə təqdim olunmuşdu. Amma həmin şəhadətnaməyə istinad edən bir təhsil şirkəti, şəhadətnamədə göstərilən təhsil müddətini qeyd etmədən insanların həmin müəssisəyə fiziki getməməsi şərti ilə geniş auditoriyanı həmin ali təhsil müəssisəsinə cəlb etmək məqsədilə bu sənədi öz “nailiyyəti” kimi təqdim etməyə çalışdı. Bunun özü manipulyasiya və ictimaiyyəti çaşdırmaq cəhdidir. Bütün bunlara baxmayaraq, maarifləndirmə istiqamətində müsbət dəyişikliklər var. Amma qərar və məsuliyyət vətəndaşın üzərində qalır. Bu məsuliyyət hissi cəmiyyətimizdə tam oturuşmayıb, lakin müəyyən pozitiv irəliləyişlər müşahidə olunur. Ən böyük problem ondan ibarətdir ki, bəzən insanlar sadəcə belə düşünürlər: “Diplomu mənə versinlər, siz onu tanıyın”. Amma bu belə olmur. Çünki hər kəs istədiyi yerdə təhsil almaqda azaddır – istər ölkə daxilində, istər xaricdə. Bizim əsas mövqeyimiz budur: insan öz vaxtını və maliyyəsini necə və hara xərcləyir? Əgər nəticədə əldə olunan diplom heç bir real bacarıq və əlavə dəyər gətirmirsə, biz bu prosesi dəstəkləyə bilmərik. Biz cəmiyyət olaraq müsbət dəyişikliyin baş verdiyini görürük və bunu açıq şəkildə etiraf edirik. Amma istəyirik ki, bu təfəkkür dəyişikliyi daha sürətli və daha geniş miqyasda baş versin.
-Bizdə bir tendensiya da formalaşıb ki, dövlət qurumlarında yüksək vəzifələrdə işləmək üçün mütləq xarici ölkənin diplomu olmalıdır. Son dövrlərə nəzər yetirsək, vəzifəyə təyin olunan məmurların əksəriyyətinin xarici diplomları var. Səhv etmirəmsə, sizin də üç belə diplomunuz var. Vəzifəyə təyin olunmağınızda bu diplomların rolu olubmu? Ümumiyyətlə, bizim universitetlər niyə nüfuzunu itirib?
-Çox təxribatçı sualdır (gülür). Amma açıq danışaq –xaricdə təhsil almaq heç də hər şey demək deyil. Mən elə insanlar tanıyıram ki, onlar xaricdə oxumayıblar, amma bu gün ölkədə nüfuzlu vəzifələrdə çalışır, kifayət qədər bilik və səriştəyə sahibdirlər. Bu o deməkdir ki, xaricdə təhsil almaq bir üstünlük ola bilər, amma ilkin şərt deyil. Əsas məsələ budur: xaricdə təhsil sadəcə “palaza bürünüb el ilə sürünmək” üçün olmamalıdır. Əgər yerli ali təhsil müəssisələrində sizə lazım olan təhsil proqramı təklif edilmirsə, bəli, o zaman xaricdə həmin sahə üzrə təhsil almaq məntiqli addımdır. Amma xaricdə təhsil adı ilə fəaliyyət göstərən və real olaraq tələbəyə ciddi bilik və bacarıq qazandırmayan universitetlər də az deyil. Ümumilikdə isə zaman keçdikcə cəmiyyətin təhsilə yanaşması da dəyişib. Gəlin, son 20 ilin “təhsilinə münasibətə” qısa nəzər salaq, əvvəllər insanlara sadəcə “Dövlət universitetində oxumusan, yoxsa özəldə?” – sualı verilirdi. Əgər kimsə özəl universitetdə oxuyurdusa, o qədər də xoş qarşılanmırdı. Sonra mərhələ dəyişdi: “Sən xaricdə oxumusan, yoxsa yerli universitetdə?” sualı önə çıxdı. Kimsə deyirdi ki, “Filan ölkədə oxumuşam.” Qarşı tərəf universitetin adını soruşmadan, sadəcə ölkəyə görə təəssürat formalaşdırırdı: “Aa, nə yaxşı!” Amma bu gün artıq belə deyil. İndi insanlar sualı daha konkret qoyurlar, Hansı ölkədə? Hansı universitetdə? Hansı ixtisas üzrə? Çünki hər kəs anlayır ki, məsələn, Amerikada 4000-dən çox universitet var. Sadəcə “Amerikada oxumuşam” demək yetərli və ciddi cavab hesab olunmur. Yəni, zaman dəyişib, yanaşmalar da dəyişməlidir. Xaricdə təhsil bir seçimdir – amma məqsəd olmamalıdır. Mənə görə, hansı universitetdə oxuduğunuzdan daha önəmlisi, orada necə oxuduğunuz, öz üzərinizdə necə işlədiyinizdir. İnsan yalnız o zaman uğur qazana bilər ki, seçdiyi sahəni sevir, özünü inkişaf etdirir, əlavə materiallara müraciət edir, araşdırma aparmaqdan çəkinmir. Mən bu yanaşmanı tam şəkildə dəstəkləyirəm.Musavat.com