Bir vaxtlar – daha dəqiq desək, 1980-ci illərdə onun məlahətli, yumşaq səsi efirlərdən və konsert salonlarından gələr, onu publikaya sevdirərdi. Gitaradakı ifası ilə də seçilir, dinləyicilərin yaddaşında özünəməxsus iz buraxırdı. O, yunan mahnılarının yeganə və təkrarolunmaz ifaçısı idi. Lakin ötən əsrin 90-cı illərindən sonra bu müğənni qəfil yoxa çıxdı. Tamaşaçılar illərlə onu axtardı, harada olduğunu, nə işlə məşğul olduğunu bilmədi.
Söhbət bir dövrün tanınmış estrada müğənnisi Nizami İsmayılovdan gedir.
“Yeni Müsavat”ın əməkdaşı sənətkarın hazırda həyatda olub-olmadığını və necə bir həyat sürdüyünü öyrənmək üçün onun ailə üzvləri və yaxın dostları ilə əlaqə saxlayıb, Nizami İsmayılovun oğlu Qurban İsmayılov və sənətkarın məktəb illərindən dostu olmuş, xalq artisti Mübariz Tağıyevlə söhbətləşib.
Məlum olub ki, 90-cı illərin əvvəllərində ölkədəki sosial-siyasi dəyişikliklər fonunda sənətçi də diqqətdən kənarda qalıb, incik düşərək səhnədən uzaqlaşıb. Konsertlərə dəvət olunmadığına, unudulduğuna inanıb və bu səbəbdən konsert fəaliyyətinə son qoyub. Nizami İsmayılov dolanışığını təmin etmək üçün o dövrdə bir çox sənətkarlar kimi toy şənliklərində çıxış etməklə kifayətlənib. Bu illər ərzində onun səhnə ilə bütün əlaqəsi kəsilib və bir daha efirlərə dönməyib.
Xalq artisti Mübariz Tağıyev dostunu belə xatırlayır: “Nizami İsmayılov 1948-ci ildə İrəvanda anadan olmuşdu. Biz onunla M.F.Axundov adına 9 nömrəli məktəbdə birgə oxumuşuq. Sonra eyni ali məktəbdə – Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil aldıq. Onun həyat yolu olduqca maraqlı və rəngarəng idi. 1960-cı illərin sonlarında, 70-ci illərin əvvəllərində İrəvanda gənclərin sevdiyi bir kafedə gitara ilə özünü müşayiət edərək ifa edirdi. Çox böyük maraq var idi, insanlar onu alqışlayırdı. O, dostcanlı, mehriban və maraqlı insan idi. Təəssüf ki, səhnəni çox tez tərk etdi və toy mərasimlərinə yönəldi. Nizami təxminən beş il əvvəl dünyasını dəyişdi. Mən şəhərdə deyildim, Bakıya qayıdanda kiçik qardaşı bu xəbəri verdi. Çox pis oldum, çünki gümrah və həyatsevər bir insan idi. Dünyanın 32 ölkəsində olmuşdu, səkkiz dildə müxtəlif xalqların mahnılarını ifa edirdi. Kiçik yaşlarından atasının tövsiyəsi ilə tarda çalmağı öyrənmişdi. Uzun illər Azərbaycan televiziyasının solisti olub. Hazırda televiziyanın fondunda onun 30-a yaxın ifası saxlanılır”.
Müğənninin oğlu Qurban İsmayılov atasının son illəri ilə bağlı bunları dedi: “Atam sonuncu dəfə 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması münasibətilə Gülüstan sarayında keçirilən tədbirdə çıxış etmişdi. O, 2020-ci il avqustun 2-də vəfat etdi. İki dəfə beyninə qan sızmışdı, müalicə aldı, amma üçüncü dəfə sızıntı olanda artıq onu xilas edə bilmədik. Son illərində toylara da getmirdi, sadəcə evdə olurdu. Vaxtilə işlədiyi dövrdə bir neçə obyekt almışdı, onları kirayə verməklə dolanırdıq. Hətta balaca bir mağazamız da var idi. Cavan vaxtlarında isə toylara gedərək bizi dolandırmışdı. Ailədə bir bacı, bir qardaş olmuşuq. 1994-cü ildən sonra o, səhnəyə qayıtmadı, yeni mahnılar yazdırmadı. Halbuki ona qədər bütün dövlət tədbirlərində iştirak edir, konsertlərdə çıxış edirdi. Təəssüf ki, atamın parlaq dövrü 90-cı illərlə bitdi”.
Qurban İsmayılov atasının sənət irsindən də söz açdı: “Atamın ifaları hazırda yalnız Azərbaycan televiziyasının arxivində qorunur. Bizim əlimizdə isə heç nə yoxdur. Hətta gitarasını belə saxlamadı – bir gəncə bağışladı, dedi ki, artıq ona lazım deyil.
O, tələbə vaxtlarında Göyçə gölünün yaxınlığındakı restoranda gitara ilə canlı ifalar edirdi. O, niyə səhnəni birdən-birə tərk etdiyini bizə heç vaxt izah etmədi, bu haqda danışmazdı. İrəvana getməyi arzulayırdı. Qarabağın azad olunmasını görməyə ömrü yetmədi.
Çox qayğıkeş, anlayışlı ata idi, bizə heç vaxt çətinlik yaşatmayıb. Təəssüf ki, ailəmizdə heç kim onun musiqi yolunu davam etdirmədi”.“Yeni Müsavat”