“Mançester Siti”də çıxış edən Cek Qriliş yaxın günlərdə klubunu dəyişə bilər.
Ulusal.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
29 yaşlı futbolçu ilə “Everton” maraqlanır. “Mavilər” artıq “şəhərlilər”ə müraciət edərək mümkün icarə transferinin detallarını müzakirə etməyə başlayıblar. Hər iki tərəf futbolçunun bir mövsümlük icarəsini müzakirə edir.
“Mançester Siti”nin baş məşqçisi Qvardiola Qrilişin çıxışından narazıdır və onu yeni mövsümün planlarına daxil etməyib. Bu səbəbdən ispaniyalı mütəxəssis futbolçudan özünə yeni komanda tapmasını istəyib. “Everton”un baş məşqçisi Moyes isə hesab edir ki, Qriliş klubun liderlərindən birinə çevrilə bilər və ona əsas heyətdə önəmli rol verməyə hazırdır.
Futbolçu özü də “Everton”a keçməyə müsbət yanaşır. Cek Qrilişin əsas məqsədi 2026-cı ildə keçiriləcək dünya çempionatına optimal formada yollanmaq və baş məşqçi Tomas Tuxeldən İngiltərə millisinə dəvət almaqdır.
Qriliş 2021-ci ilin avqustunda “Aston Villa”dan 117,5 milyon avroya “Mançester Siti”yə keçib. Bu transfer “şəhərlilər” tarixində ən bahalı transfer olaraq qalır. Lakin vinger heç vaxt əsas heyətdə sabit yer qazana bilməyib və tez-tez qalmaqallarla gündəmə gəlib.