Məşhur “Bəyaz Diş” Stomotoloji Klinikasındakı külli miqdarda mənimsəmə cinayətinin təfərrüatı məlum olub. Klinikada qeydiyyatçı işləyən xanımın törətdiyi qeyri-adi cinayət başqa bir cinayətin üstünü açıb. Məlum olub ki, müştərilərdən ödəniş “kartdan karta” sistemi ilə alınırmış.
Ulusal.az xəbər verir ki, Nigar Süleymanova Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilərək məsuliyyətə cəlb edilib.
İttihama görə, Nigar “Bəyaz Diş” klinikasında qeydiyyatçı işləyən zaman müştərilərdən ödənişləri 3 yaxın rəfiqəsinin kartına göndərmələrini istəyib. Sonra həmin məbləğləri rəfiqərələri ona geri göndərib. Səbəbi sə bu olub ki, müştəri ödəniş edən zaman kart məlmatlarında Nigarın adı çıxmasın.
Həmçinin Nigar öz kartı ilə POS terminaldan müxtəlif məbləğlərdə çeklər çıxarıb. Nigarın kartında pul olmadığı üçün həmin çeklər “uğursuz əməliyyat” şəklində çıxıb. Nigar çeklərin “uğursuz əməliyyat” hissəsini kəsərək həmin çekləri mühasibatlığa verib. Maraqlıdır ki, xeyli vaxt keçəsə də bu çeklərlə aldanan mühasibatlıq hesabda pulun olub-olmamasına nəzarət etməyib.
Klinikanın təsisçisi və direktoru Ramiz Cəlilov zərərin 75 min manat olduğunu bildirib. Zərərçəkmiş kimi tanınan Ramiz Cəlilov məhkəmənin əvvəlində cinayət işinin 2 ildən çox uzanmasına etiraz edib.
Təqsirləndirilən Nigar barəsində istintaq zamanı polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Nigar ifadəsində bidlirib ki, məbləğ deyildiyi kimi 75 min manat olmayıb. Onun sözlərinə görə, zərər 23-24 min manatdır.
Götürdüyü pulları hara xərcləməsi ilə bağlı suallara cavab verən Nigar deyib ki, rəfiqəsi ucuz ətirlər satırmış. Klinikadan götürdüyü pullarla həmin ətirləri ucuz qiymətə alıb baha qiymətə sataraq qazanc əldə etmək istəyib. Nigar əlavə edib ki, qazanc əldə etdikdən sonra klinikanın pulunu geri qaytaracaqmış. Amma Nigar ətir biznesindən qaznaclı çıxıb-çıxmadığını izah etməyib.
Məhkəmədə məlum olub ki, istintaq zamanı Nigarın atası zərərdən 10 min manatını ödəyib. Məhkəmə araşdırması zamanı ilk prosesdə zərərçəkmiş Ramiz Cəlilov və vəkili Nigarın həbs edilməsini tələb etmişdilər. Növbəti proseslərdə isə məlum olmuşdu ki, dəymiş zərər tam olaraq ödənilib və Ramiz Cəlilov şikayətçi olmadığını deyib.
Külli miqdarda mənimsəmədə ittiham olunan Nigar barəsində şərti cəza təyin edilib.
Cinayət işi materiallarında yer alan sənədlərdən daha bir cinayət işinin üstü açılıb. Klinikada POS terminal olsa da müştərilərdən ödənişlər “kartdan karta” göndərmək sistemi ilə alınıb. Nigarın ələ keçirdiyi deyilən 75 min manatın 70 minə yaxını “kartdan karta” göndərilməklə ələ keçirilibmiş. İş üzrə dindirilən şəxslərin ifadələrindən də məlum olub ki, bəzi hallarda müştərilər ödənişləri birbaşa klinikanın rəhbərinin kart hesabına göndərirmişlər.Musavat.com