Yaxın Şərq bölgəsi uzun illərdir ki, terror təşkilatlarının fəaliyyət göstərdiyi əsas regionlardan biri olaraq qalır. Münaqişələrin, dini zəmində ixtilafların və geosiyasi maraqların toqquşduğu bu ərazidə müxtəlif terror qruplaşmaları həm yerli əhali, həm də beynəlxalq ictimaiyyət üçün ciddi təhlükə mənbəyinə çevrilib. Amma maraqlıdır ki, bəzən sülhü bərqərar edəcəyini deyən qlobal güclər, elə bu gözəl şəhərləri, ölkələri qan gölünə çevirən terror qruplaşmalarının himayədarına çevrilib. Bir sözlə Yaxın Şərq elə böyük güclərin savaş meydanıdır. Maraqlıdır Yaxın Şərqdə olan terror təşkilatlarının məqsədi nədir? Eyni xalqın, eyni dinin nümayəndələri olan bu insanlar niyə silahı yerə qoymur? Gəlin ilkin olaraq Yaxın Şərqdə olan ən böyük terror təşkilatlarının siyahısına nəzər salaq.
İŞİD (İslam Dövləti)
İraq və Suriyada 2014-cü ildə genişmiqyaslı hücumlarla dünya gündəminə düşən İŞİD (DAEŞ) bölgədə özünü “xilafət” elan edərək saysız-hesabsız insanın həyatına son qoyub. Hərbi cəhətdən zəiflədilsə də, təşkilatın qalıqları hələ də regionda partlayışlar və hücumlar həyata keçirir.
Əl-Qaidə
Əl-Qaidə uzun illərdir ki, Yaxın Şərqdə fəaliyyət göstərir. Onun müxtəlif qolları – xüsusilə Yəməndəki “Əl-Qaidə Ərəb Yarımadasında” (AQAY) – yerli və beynəlxalq maraqlara qarşı yönəlmiş terror aktları ilə tanınır. Təşkilat Suriyada da müxtəlif silahlı qruplaşmalarla əməkdaşlıq edib.
HƏMAS və Hizbullah
Fələstin mənşəli HƏMAS və Livanda fəaliyyət göstərən Hizbullah təşkilatları da bir çox ölkə tərəfindən terror təşkilatları kimi tanınır. Onlar xüsusilə İsrailə qarşı apardıqları silahlı mübarizə və raket hücumları ilə gündəmdədir. Hər iki təşkilatın İranla sıx əlaqələri olduğu bildirilir.
Husi üsyançıları (Ənsar Allah)
Yəməndə fəaliyyət göstərən və İran tərəfindən dəstəkləndiyi iddia olunan Husi üsyançıları da bölgədə sabitliyi pozan əsas güclərdən biridir. Onlar tez-tez Səudiyyə Ərəbistanı və BƏƏ ərazilərinə pilotsuz uçuş aparatları və raketlərlə hücumlar həyata keçirirlər.