Aygün Həşimova – Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi Əlyazmalar və Səslərin Ekspertizaları şöbəsinin aparıcı eksperti
Bakı və İslamabad beynəlxalq miqyasda birlik və həmrəyliyin uğurlu nümunələridir. Elə bir nümunə ki, mənbəyini yalnız müasir dövrün reallıqlarından yox, eyni zamanda, tarixə baxış prizmasından götürür. Axı xalqlarımızı birləşdirən ortaq tarixdə şanlı keçmişin qürur dolu əzmkarlıq yaşantıları var. Hesab edirik ki, bizə qarşı çıxanlar bundan yaxşı xəbərdardırlar, Onlar birliyimizə həsəd də aparırlar. Ancaq birliyimizin təkrar-təkrar yada salınması, vurğulanması mütləqdir. Beynəlxalq aləm mesajımızın konkretliyinə, sözümüzün bütövlüyünə hər zaman əmin olmalıdır. Heç şübhəsiz, belə bir əminlik ölkələrimizə qarşı əks mövqe tutanların müqavimətini sarsıdan kifayət qədər önəmli faktordur. Elə buna görə də Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə mətbuata birgə bəyanatında bildirib: “Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq”. Bəli, Azərbaycanın və Pakistanın qardaşlığındakı nümunəvilikdə bu qardaşlığın beynəlxalq hüquqa sadiqlik prinsipini rəhbər tutma potensialı və gücü var. Bakının və İslamabadın dünya üçün ədalət carçısı statusunu şərtləndirən cəhət də elə budur. Dövlətimizin başçısının bildirdiyi kimi, ədalət zəfər çalacaq. Sadəcə, bunun geci-tezi var. Azərbaycan və Pakistan qardaşlığındakı möhkəmlik amplitudası özündə gecləri tezləşdirən xarakterə malikdir. Bu, hadisə və proseslərə prinsipial baxışdan, qətiyyətdən qaynaqlanır ki, sadaladığımız xüsusiyyətlər Bakı ilə İslamabad arasındakı yüksək etimad mühitindəki başlıca indiqatorlardır. Deməli, ədaləti doğuran həm də yüksək etimad amilidir. Pakistanın da Azərbaycana etimadından doğan dəstəyin nəticəsidir ki, ölkəmiz Qarabağ problemini aradan qaldırıb. Pakistan ölkəmizə daha bir ortaq ədalətin təcəllisində – Cəmmu və Kəşmir probleminin həllində etimad göstərə bilər və göstərir də. Necə deyərlər, dost dar gündə tanınar. Qətiyyətlə deyə bilərik ki, Pakistan dar, çətin günlərimizin dostudur. Dövlət müstəqilliyini qazandığı mürəkkəb şəraitdə ölkəmizə beynəlxalq dəstəyini ifadə edən rəsmi İslamabad torpaqlarımızın işğalına sərt münasibətini göstərmiş, təcavüzkar Ermənistanla diplomatik münasibətlər qurmamışdı. Belə yanaşma xarici aləmə verilmiş ciddi mesaj idi. Özündə ədalətin bərpasının vacibliyini daşıyan mesaj. Dövlətimizin başçısının da bildirdiyi kimi, Azərbaycan xalqı işğal dövründə Pakistanın hər zaman yanımızda olduğunu yaxşı bilir. Onu da nəzərə alaq ki, rəsmi İslamabad, eləcə də bütövlükdə Pakistan cəmiyyəti İkinci Qarabağ müharibəsi zamanı da bizə birmənalı dəstəyini göstərdi. Türkiyə ilə yanaşı, bu qardaş ölkənin yüksək rütbəli təmsilçiləri ən yüksək səviyyədə bəyanatlar səsləndirərək, haqq davamızın müdafiəsinə qalxdılar. Prezident İlham Əliyev bunun xalqımıza əlavə güc-qüvvət verdiyini açıqladı ki, bu da özlüyündə yüksək qədirbilənlikdir.