Şanxay Əməkdaşlıq Təşkilatı dinamik inkişaf edən və böyük iqtisadi potensialı olan dövlətlərin də iştirak etdiyi regional beynəlxalq qurumdur. Azərbaycanın və qardaş Türkiyənin bu təşkilatda dialoq tərəfdaşı kimi iştirakı mühüm əhəmiyyətə malikdir. Azərbaycan öz siyasi və iqtisadi maraqlarına uyğun olan təşkilatlarla əməkdaşlıqdan heç zaman çəkinməyib. Bu təşkilat həm Azərbaycanı, həm Türkiyəni öz sıralarında görməkdən məmnun olardı. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevi də növbəti dəfə öz zirvə toplantılarına dəvət etmələri hər iki tərəf üçün qarşılıqlı faydalıdır.
Azərbaycanın bir sıra nüfuzlu beynəlxalq qurumların üzvü olaraq BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik etməsi, COP29 kimi nüfuzlu tədbirin ev sahibliyinə hazırlaşması Şanxay Əməkdaşlıq Təşkilatı ilə uğurlu tərəfdaş ola biləcəyini söyləməyə əsas verir.
Prezident İlham Əliyev də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına qatılıb. Həmçinin Prezident İlham Əliyev bu təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş toplantısında da iştirak edib. Qazaxıstanın paytaxtı Astanada təşkil edilən toplantıya dəvət Azərbaycana olan yüksək etimadın daha bir nümunəsidir.
İyulun 3-4-də keçirilən Astana görüşü Azərbaycanın bu təşkilatla uzunmüddətli planda əməkdaşlığı üçün yeni perspektivlər müəyyən edib. Hazırda Azərbaycan qlobal səviyyədə söz sahibi olan ölkələrdən birinə çevrilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi bunu bir daha sübut edir. Hazırda Azərbaycan bu tədbirə yüksək səviyyədə hazırlığı davam etdirir. ŞƏT-in Astana zirvə görüşündə iştirakı həm də üzv dövlətlərin tədbirdə təmsil olunması və iştirakı ilə bağlı dialoqun aparılması üçün platforma ola bilər.
ŞƏT üzvü olan dövlətlilərlə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından da həmin tədbirdə yüksək səviyyədə iştirakımız da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan coğrafi baxımdan əlverişli imkanlara malikdir. Mövcud qlobal nəqliyyat yolları və dəhlizlərinə olan təhdidlər Azərbaycanın bu baxımdan da geostrateji əhəmiyyətini artırır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə əməkdaşlığın genişləndirilməsi baxımından həm ŞƏT ilə, həm də bu təşkilata daxil olan dövlətlərlə əməkdaşlığımız vacibdir. Azərbaycan 9 ildən artıqdır ki, bu təşkilatın tərəfdaşı kimi müəyyən edilib. Ümid edirik ki, Azərbaycanın və Türkiyənin bu təşkilatla əməkdaşlığı gələcəkdə növbəti fazaya keçəcəkdir.
Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında tranzit, nəqliyyat-logistika məsələlərinə toxunub. Bu gün Azərbaycanın tranzit, nəqliyyat-logistika sahəsində böyük potensialı var. Son 20 il ərzində 19 min kilometrdən çox avtomobil yolu, 1400 kilometrdən çox dəmiryolu xətti çəkilib. Azərbaycanın hava donanmasında 18 təyyarə, 7 liman mövcuddur. Limanların sayının 9-a çatdırılması nəzərdə tutulur.
Bu çərçivədə əsas hədəf Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükdaşıma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona qədər artırmaqdır. Azərbaycanla ŞƏT-i birləşdirə biləcək əsas fəaliyyət istiqamətlərindən biri nəqliyyat-logistika sahəsidir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükdaşıma qabiliyyətinin artırılması, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri sayəsində Azərbaycanın Çin-Avropa-Çin tranzit xəttinin vacib körpüsünə çevrilməsi, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhlizin imkanları ölkənin ŞƏT-in həmtəsisçisi olan Çinlə ticarət əlaqələrinin möhkəm, davamlı olmasına zəmin yaradır. Ümumiyyətlə, yerləşdiyi coğrafi mövqe Azərbaycana Asiya-Avropa yükdaşıma prosesində mühüm rol oynamağa imkan verir.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru