image-2000x150
image-media-1bdcc9c2-b91f-4143-b95e-5af49366e259-fb2jqr4xm56chnkuo3p7-620x460backend

Xatirə dolu Novruzum

image-728x90

Novruz çiçəkləri kimi tanınan nərgiz gülləri evi də bəzəyərdi, eşiyi də… Çiçəkləri becərmək bir nəslin xanım-xatun arvadı nənəmə baxardı. Toplayıb evi bəzəmək də ismi Xanım, özü xanım anamın işi idi.
Adətlərimizi nənəm öyrətmişdi bizə; tonqal adətindən tutmuş, qulaq falına qədər. İlaxır çərşənbə günü kimsə başqa söz danışa bilməzdi, ancaq xoş sözlər danışılardı. Axı qapıya gələnin taleyi “bizim dilimizdən asılı idi”. Beləcə fərəhlənərdik, “ bu il qonşunun qızı universitetə qəbul olacaq, o gələndə mən mahnı oxuyurdum axı”
Anamın təmizlik işləri bitməzdi; qadın az qalırdı evin daşlarını da sökə, yuya, təzədən düzə. İynə gözü qədər yer qalmazdı təmizlənməmiş. Çiçək qoxardı , bayram qoxardı, novruz ətirli evimiz.
O zamankı boyanalı aşın qoxusunu bu gün heç bir xörəkdən ala bilmirəm, nənəmin şəkərçörəyinin dadını bu günkü brend şirniyyatlar əvəz etmir.
Çır-çırpıyla qalanan tonqallarımızı müasir üslubda piramida formalı taxtadan quraşdırılmış tonqallar əvəz edib, o görsəli əvəz etmir axı, ağırlığımız, uğurluğumuzu tökə bilmirik ora.
Daha danışası axar suyumuz da yoxdur, qoyub gəlmişik, ürəyimizdə qalır bahar yuxularımız.
Atamın hər ilaxır çərşənbəsi evin eyvanından atdığı qoşalülənin səsini işıqlı, atəşfəşanlığı gur fişənglər əvəz edib, amma o sevinci, o qüruru, o həyəcanı verə bilmir.
Yeməklərimiz də müasirləşdi , çeşidlər artdı, tanımadığımız xarici nemətlər süfrəmizi bəzədi, amma kənarları haşiyəli, nişastalı süfrənin əzəmətini təkrarlaya bilmədi.
Qapıya atılan köhnə buxara papaqları, qızlarımızın zər işləməli torbalarını qara idman papaqları əvəz etdi, o da kim aça ,kim doldura. İçindəki sovqatı—qoz-fındığı, evdə bişən üzü az qızarmış şəkərburaları, nar kimi qıpqırmızı paxlavaları dükan şirniyyatları əvəz etdi, ya da hazır paketli şirinçörəklər.
Ərin, qaynananın, baldızın, eltinin gözünü oxşamaqdan ötrü bəzədilən süfrələrimiz indi sosial şəbəkə statuslarını bəzəmək üçün qurulur.
Bütün dəyişikliklərinlə bizimsən, mənim doğma bayramım, mənim xatirə dolu günlərim, biz də sənin. Mən də sənin… Mən də Novruz qızıyam axı, bayram günlərindən küsən Gülərəm, “paxlavalar imkan vermədi kimsə mənim ad günü tortumu yesin” düşüncələri ilə o qədər doluxsunmuşam ki. 21-i keçən kimi şirniyyatları paylaşdıran o körpə qızcığazam hələ də, qoy mənim doğum gününə qədər evdə heç nə qalmasın şirniyyatlardan. O zaman tortum bəh-bəhlə yeyilər… Xatirələrdən yol alan bayramım, uşaqlığım, gəncliyim, hər ilimin bayramı.
Gedən illər ömrümüzü apardığı kimi bəzi dəyişikliklər etsə də, Novruz sevgimizi apara bilmədi. Hər il tonqalın kənarında, süfrənin başındakı dilə gətirdiyimiz arzuların məğzi dəyişdi bir az. Daha “gələn il bu vaxtı Qarabağda…” sözü ilə başlamır bayram cümlələrimiz, əməl olunur. Tonqalımız da qalanır, süfrəmiz də qurulur Qarabağda.
Daha “Qarabağda talan yoxdur”, büsat var. Zülfün üzə salanlarımızın gözü yollardan yığışıb, səmtini dəyişib , yurd salır Qarabağda.
Bayramına mübarək deyək, mənim qəhrəman xalqım. Od yurdunun sakinləri, Novruzumuz qutlu, günlərimiz xoş, dövranımız abad olsun.
Nə qədər ki vətən var, yurdum var biz də varıq. Cismimizi əvəz edənlər var olacaq. Xalq olacaq. Xalq yaşadıqca da bütün milli adət-ənənələrimiz davam etdiriləcək, milli bayramlarımız var olacaq.
İlaxır çərşənbən mübarək, Novruzun mübarək , Azərbaycanım!
Bayramın mübarək, Qarabağ. Şükür bu günə…

Gülər Mübariz.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90