image-rt-reklam
image-1backend

Azərbaycan türklərinin Hindistanda qurduqları sultanlıq: Sultanı oğlu niyə öldürdü?

image-728x90

Azərbaycan türklərinin Hindistanda qurduqları Qolkonda sultanlığı və ya Qütbşahlar dövləti (1518-1687).
Hindistanın Dəkkən bölgəsində yerləşən Bəhməni sultanlığı XVI əsrin əvvəllərində tənəzzül etdi. Onun yerində beş müsəlman dövləti (Berar, Bidar, Bijapur, Əhmədnaqar və Qolkonda) yarandı ki, onlara ümumən Dəkkən sultanlıqları deyilir.

Qolkonda və ya Qütbşahlar dövlətinin banisi Sultan Qulu bəy Baranlı Qaraqoyunlu hökmdarı Qara Yusifin ikiqat kötükcəsi idi. 1470-ci ildə Həmədanda doğulan Sultanqulunun ata tərəfdən babası Pirqulu bəy Qara Yusifin oğlu Qara İsgəndərin oğlu, nənəsi Xədicə bəyim isə Qara Yusifin digər oğlu Cahanşahın qızı idi.
O, anadan olanda Azərbaycan və İranda artıq Ağqoyunlular hakim idilər. XVI əsrin əvvəllərində bəzi ailə üzvləri ilə Delhiyə köçdü. Sonra Dəkkənə getdi və özü kimi şiə olan Bəhməni sultanının yanında qulluq etdi. Qolkondaya canişin təyin olundu və sultanlığın parçalanmasından sonra 1518-ci ildə (bəzən 1512 yazılır) burada müstəqil hakim oldu. Onun sülaləsi Qütbşahlar adını aldı.

Sultan Qulu Qütbşah 1543-cü ildə namaz qılarkən ikinci oğlu Cəmşid Qulu tərəfindən öldürüldü. Böyük qardaşı vəliəhd Qütbəddinin gözlərini çıxaran və tarixdə olduqca zalım hökmdar kimi qalan Cəmşid Qulu cəmi 7 il sonra 1550-ci ildə xərçəngdən öldü.

Dövlətin paytaxtı 1591-ci ilə qədər Qolkonda qalası, 1591-ci ildən isə Heydərabad şəhəri olub. Rəsmi dil farsca idi, amma sarayda türkcə də danışılırdı. XVII əsrin əvvəllərindən isə yerli teluqu dili rəsmi dil oldu.
Qolkonda özünün almaz yataqları ilə məşhurdur. Afrikada, Amerikada, Avstraliyada, Rusiyada almaz yataqları kəşf edilənə qədər əsas almaz mənbəyi Qolkonda idi. Bir sıra məşhur almazlar məhz burada tapılıb. Bu da Qütbşahlar dövlətinə böyük ordu saxlamağa və qonşuları ilə uğurlu müharibələr aparmağa imkan verirdi.

Qolkonda yataqları tükənəndə Qütbşahların iqtisadi və hərbi qüdrəti də sarsıldı. 1636-cı ildə Böyük Moğol hökmdarı Şah Cahan Qütbşahları özündən asılı vəziyyətə saldı. Oğlu Övrəngzib isə 1687-ci ildə Qütbşahlar dövlətinə son qoydu. Səkizinci və sonuncu Qütbşah Əbülhəsən zindana salındı və 1699-cu ildə orada öldü.

Yadigar Sadıqlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90