image-2000x150
image-737812c0-ac55-11ed-8f65-71bfa0525ce3-696x392backend

Suriyalılar taleyin ixtiyarına buraxıldıqlarını deyirlər: “Nə çadır, nə də yardım var”

image-728x90

Quentin Sommerville

BBC News, Suriya

Suriyanın Türkiyə ilə sərhədində qurulmuş çadırlar az qala bu iki ölkəni ayıran divarla bitişir.

Ola bilsin, Suriya tərəfində yaşayanlar artıq on ildən çox davam edən vətəndaş müharibəsi nəticəsində evlərini tərk ediblər. Hərçənd onlardan bəzilərinin zəlzələdən sonra evlərindən məhrum qalmasını da istisna etmək olmaz. Suriyada fəlakətlər üst-üstə yığılır.

Sərhəd tanımayan zəlzələ hər iki ölkəni vurub. Ancaq xilasedicilər və humanitar yardım nəzarət-buraxılış məntəqələri qarşısında dayanmalıdırlar. Türkiyənin cənubunda ağır texnika ilə xilasedici, həkim, tibb işçiləri və xüsusi təlim keçmiş itlər sağ qalanları axtarmağa davam edirlər.

Suriyanın müxalifətin nəzarətində olan şimal-qərb hissəsində isə belə bir şey baş vermir.

Mən dörd gün Türkiyənin Antakya şəhərində qaldıqdan sonra sərhədi keçdim. Orada sağ qalanların xilasedilməsi və dağıntıların təmizlənməsi zamanı yaranan səs-küy ətrafa yayılır: bütün gecə təcili yardım maşınlarının sirenləri, sutkanın 24 saatı beton yaran onlarla ağır texnikanın səsi.

Suriyanın İdlib əyalətində zeytun bağları arasındakı kiçik Bsaniya şəhərində isə səssizlik hökm sürür.

Bu sərhəd bölgəsindəki evlər lap bu yaxınlarda tikilib. İndi yüzlərlə ev zibil yığını və toza çevrilərək yox olub. Bu ağ xarabalıqdan keçərkən, hələ çox yaxın keçmişdə divar olan tikilinin arasında çəhrayı kirəmitlərlə bəzədilmiş və çox yaxşı vəziyyətdə qalmış vanna otağı gözə çarpır.

Zəlzələ Abu Alanın evini yox edib və iki övladını ondan alıb.

Türkiyə, Suriya, zəlzələ

“Yataq otağı orada olub, bu, mənim evimdir”, – deyə bir yığın daş qalağını göstərir.

“Həyat yoldaşım və qızımla burada yatırdıq. Qızım Wala 15 yaşında idi. O, otağın qırağında, eyvana yaxın yerdə yatırdı. Onun cəsədini buldozerlə dağıntıları qazaraq çıxardıq və onu basdırdıq”.

O, həyat yoldaşı ilə yeraltı təkanlar onların evini silkələdiyi zaman, tam qaranlıqda zeytun ağaclarından tutaraq çıxa biliblər.

Müxalifətin nəzarətində olan bölgələrdə fəaliyyət göstərən “Ağ dəbilqəlilər” adlanan Suriya mülki müdafiə qüvvələri külüng və linglərlə dağıntını dağıdaraq əllərindən gələni ediblər. Bu xilasedicilər Britaniya hökuməti tərəfindən maliyyələşdirilir, lakin onların müasir avadanlığı yoxdur.

13 yaşlı oğlunu necə axtardığını söyləyən Abu Ala göz yaşlarını saxlaya bilmir: “Biz növbəti gün axşama kimi qazmağa davam etdik. Allah o insanlara qüvvət versin. Onlar oğlumu qazıb çıxarmaq üçün cəhənnəm əzabı çəkiblər”.

O, oğlunu qızı ilə yanaşı dəfn edib.

Bsaniyada onların rifahı heç də yüksək olmayıb, lakin bura onların evi olub. Zəlzələdən əvvəl bura eyvanları Türkiyə sərhədinə baxan və bir sıra çoxmənzilli binaları olan kiçik kənd olub. Abu Ala deyir ki, hamı mehriban yaşayırdı: “Bizim yaxşı qonşularımız var idi, yaxşı adamlar idi. Onlar daha yoxdur”.

Dindar olan bu adam hər şeyini itirib. “Mən nə edəcəm?” – o soruşur.

“Çadır, yardım – heç nə yoxdur. Allahın rəhmətindən başqa heç nə almamışıq. Burada küçələrdə gəzməkdən başqa heç nə edə bilmirəm”.

Gedəndə məndən çadırım varmı soruşur. Amma ona verəcək heç nəyimiz yoxdur.

“Ağ dəbilqəlilər”lə görüşə gedirəm. Onları sağ qalanların axtarışı ilə məşğul olan görəcəyimi gözləyirdim. Lakin artıq çox gecdir. İsmayıl al-Abdulla yardım gözləməkdən təngə gəlib və dünyanın Suriya xalqına etinasızlıq göstərdiyini və beynəlxalq birliyin əllərinin qan içində olduğunu deyir.

“Biz sağ qalanların axtarışını 120 saatdan sonra dayandırmışıq, – o deyir. – Biz var gücümüzlə insanlarımızı xilas etməyə çalışdıq, lakin bacarmadıq. Bizi heç kim eşitmədi”.

Türkiyə, Suriya, zəlzələ

“İlk saatdan tədbir görməyə başladıq, təcili yardım çağırdıq. Heç kim cavab vermədi. Sadəcə, bizə dedilər: “Sizinləyik”, başqa heç nə. Biz deyirdik ki, texnika lazımdır. Harayımıza cavab verən olmadı”.

Bir neçə ispan həkimdən başqa, Suriyanın bu hissəsinə heç bir beynəlxalq yardım qrupu gəlməmişdi. Bura, əvvəlki kimi Bəşər Əsədə müqavimət göstərən, Türkiyənin himayəsi altında olan kiçik anklavdır. Bura əvvəllər Əl-Qaida ilə yaxın olan Tahrir aş-Şam islam qruplaşması nəzarət edir. Sonradan bu qruplaşma əlaqələri kəsib. Suriyada olduğumuz müddət ərzində bizi silahlı adamlar müşayiət edib. Onlar üzlərinin kameraya düşməsini istəmirdi və biz kiminləsə söhbət edəndə kənarda dayanırdılar.

10 ildə Suriyada vətəndaş müharibəsi tamamilə dalana dirənib. Bu bölgədə yaşayan 1,7 milyon insan Əsəd hakimiyyətinə qarşı olmağa davam edir. Onların əksəriyyəti müvəqqəti düşərgələrdə və yaxın keçmişdə tikilən evlərdə yaşayırdı. Bəziləri dəfələrlə yerlərini dəyişməyə məcbur olublar. Ona görə, demək olar ki, burada yaşayış zəlzələdən əvvəl də çox ağır olub.

Suriyanın bu bölgəsinə çatan beynəlxalq yardım cüzidir. Zəlzələ qurbanlarının çoxu Suriya-Amerika Tibb Cəmiyyəti tərəfindən dəstəklənən Bab əl-Hava xəstəxanasına çatdırılıb. Həkim-cərrah Faruk əl-Ömərin sözlərinə görə, fəlakətdən dərhal sonra xəstəxanaya 350 nəfər çatdırılıb. Onların hamısının müayinəsi üçün xəstəxanada tək bir ultrasonoqrafiya skaneri olub, o deyir.

Ondan beynəlxalq yardım haqqında soruşanda, o, başını silkələyərək gülümsəyir. “Biz bununla bağlı artıq danışmırıq. Biz bu barədə o qədər xahiş etmişik ki… lakin heç nə baş vermədi. Bizdə adi hallarda da işçi çatışmır, indi təsəvvür edin, belə zəlzələdən sonra necədir”, – o deyir.

Dəhlizin sonunda süni nəfəs aparatına qoşulmuş körpə yatır. Məhəmməd Ghayyath Rəcəbin kəllə sümüyü əzilib və sarğılıdır, kiçik döş qəfəsi isə nəfəs aparatının təsirindən qalxıb enir. Həkimlər onun təxminən üç aylıq olduğunu düşünürlər. Bu körpə oğlan uşağının atası da, anası da zəlzələ nəticəsində həlak olublar. Qonşu onu dağıntılar arasında ağlayarkən tapıb.

Beynəlxalq birlik dəfələrlə Suriya xalqını taleyin ixtiyarına buraxıb. Görüşdüyüm insanlar deyirlər ki, onlara qarşı etinasızlığa öyrəşiblər. Ancaq onları yardımın olmaması çox qəzəbləndirir.

Fadel Qadab Suriyanın Harem şəhərində xalası və xalası qızını itirib.

“Necə ola bilər ki, BMT cəmi 14 yük maşını yardım göndərsin?” – o deyir.

“Biz burada heç nə almamışıq. İnsanlar küçələrdədir”.

Suriyaya yardım artırılmağa başlayıb, lakin çox gec çatdırılır.

Haremdə xarici xilasedicilər yoxdur və dağıntıları sakinlərin özləri, o cümlədən uşaqlar təmizləyir. Bir kişi və iki oğlan avtomobil domkratı ilə ən ağır qırıntıları qaldırmağa çalışırlar. Onlar sərilmiş adyal üzərinə səliqə ilə heyvan yemini yığırlar. Suriyada insan həyatının dəyəri hər yerdə olduğu kimi eynidir, lakin burada onu itirmək daha asandır.

Türkiyə, Suriya, zəlzələ

Gün sona çatır və mənim Türkiyəyə qayıtmaq vaxtımdır. Mən sərhədi keçirəm və tezliklə milli və beynəlxalq yardım axını – təcili yardım və tikinti texnikası maşınlarının yaratdığı tıxaca düşürəm.

Elə bu an telefonuma türkiyəli xilasedicidən xəbər gəlir ki, onun komandası evin dağıntıları altından, özünün dediyinə görə, 132 saat qalmış bir qadın çıxarıb.

Arxamda qalan Suriyada isə qaranlıq çökəndən sonra sükutdan başqa heç nə yoxdur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90