Türkiyədə eyni gündə baş verən 7,7 və 7,6 bal gücündə iki böyük zəlzələ və yüzlərlə təkanlar başda Kahramanmaraş və Hatay olmaqla 10 vilayətdə dağıntılara səbəb olub. Yüzlərlə insanın öldüyü, minlərlə insanın yaralandığı zəlzələdən sonra təkanlar hələ də davam edir.
Akdeniz Universiteti Zəlzələ Araşdırmaları Tətbiq və Araşdırma Mərkəzinin müdiri, professor Ramazan Özçelik Türkiyənin seysmik qurşaqda yerləşən bölgə olduğunu və hər an başqa nöqtədə zəlzələnin baş verə biləcəyini bildirib:
“Şərqi Anadolu qırılma xəttində bu gün baş verən zəlzələ sabah başqa bir qırılma xəttində baş verə bilər. Əhalimizin böyük bir hissəsi zəlzələyə meyilli ərazilərdə yaşayır. Zəlzələ külək, yağış və qar kimi həyatımızda olan bir reallıqdır”.
Özçelik, araşdırmalarının nəticələrinə görə zəlzələlərin harada baş verə biləcəyini təxmin edə bildiklərini söyləyib: “Van nöqtəsini götürsək, Qara dənizə paralel olaraq İstanbula qədər və Hatay istiqamətində uzanan bir qırılma zonamız var. Egey bölgəsi yenidən zəlzələ təhlükəsi ilə üz-üzədir. Bu qırılma zonasındakı bütün vilayətlər zəlzələ təhlükəsi altındadır. Bu bölgələrdə zəlzələlərin olacağını bilirik və onun maqnitudasını az-çox hesablaya bilərik. Sadəcə nə vaxt olacağını bilmirik. Həmişə deyirik ki, sabah zəlzələ olacaq kimi davranmalıyıq”.
Hər hansı bir binanın tikintisi zamanı zəlzələ qaydalarına əməl edildiyini bildirən professor qeyd edib ki, qaydalardakı ən əhatəli dəyişiklik 1998-ci ildə baş verib:
“1999-cu il zəlzələsi bu spesifikasiyadan istifadə etmək şansımız olmamışdan əvvəl baş verdi. Bizim problemimiz 1998-ci il spesifikasiyasından istifadə edilmədən tikilmiş binalardır. Bu gün dağılan binaların əksəriyyəti 1998-ci ildən əvvəl tikilmiş binalardır. Dağıntı bu konstruksiyalarda beton və dəmirin kifayət qədər olmaması səbəbindən baş verir. Bizim zəlzələ spesifikasiyamızda 25 vahiddən az betona icazə verilməsə də, çökmüş binalarda bu, ehtimal ki, 5-10 vahiddir”.
Zəlzələdə dağıntıda ən böyük problemin köhnə tikililər olduğunu bildirən Özçelik söyləyib ki, Türkiyənin dayanıqlı bina tikməkdə problemi yoxdur, problem köhnə tikililərdir:
“Əgər binanız bu tarixdən əvvəl inşa olunubsa, sökülmə təhlükəsi ilə üzləşə bilər. Bu strukturlar təcili müdaxilə tələb edir. Bu məsələlərdə bələdiyyələrin üzərinə böyük məsuliyyət düşür. Ölçmələr və araşdırmalar sayəsində zəlzələlərin harada olacağını az-çox proqnozlaşdırmaq olar. Bu gün AFAD-ın səhifəsinə daxil olduqda, yerləşdiyiniz yerin seysmikliyi ilə bağlı təhlükə səviyyəsini görə bilərsiniz”.Publika.az