İran prezidenti Məsud Pezeşkian bir proqramda türkcə şeir oxuduğu üçün səlahiyyətlilər tərəfindən xəbərdarlıq edildikdən sonra bu dəfə türk sözü ilə ABŞ-la bağlı açıqlama verib.
Ulusal.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Tehranda keçirilən tədbirdə çıxış edən Pezeşkian ABŞ-ın İrana qarşı “maksimum təzyiq” siyasətinə işarə edib:
“Biz danışıq aparmayacağıq demədik, lap əvvəldən demişdik ki, danışıqlar istəyirik, amma heç bir halda buna getməyəcəyik. Sanksiya tətbiq edib, sonra sizdə raketlər, silahlar olmasın deyib, yenidən danışıqları müzakirə edə bilməzlər”.
Pezeşkian danışıqların hörmət çərçivəsində aparılmalı olduğunu bildirib:
“Türkcə belə bir atalar sözü var: “Keçmə namərd körpüsündən, qoy aparsın sel səni. Yatma tülkü kölgəsində, qoy yesin aslan səni”. Yəni namus və azadlıq. İnsan tülkü kölgəsində yatsa da, onu sel aparsa da, qorxaqların kölgəsində qala bilməz.
Bizi hədə-qorxu ilə hər şeyə məcbur edə biləcəklərini düşünürlər. Biz insanıq və hörmətlə danışacağıq, amma təzyiqlərə boyun əyməyəcəyik”.
O, həmçinin ABŞ və İsrailin təhdidlərindən qorxmadıqlarını bəyan edib: “Bəziləri Amerika dəstəklədiyi üçün İsraildən qorxur, amma biz qorxmuruq və qorxmayacağıq. Cəmiyyətimiz belə olmalıdır. Əminəm ki, Allahın köməyi ilə bütün problemlərimizi həll edəcəyik, lakin bu bir gecədə baş verməyəcək”.publika.az