“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda İspaniyanın “Atletik Bilbao” klubu üz-üzə gələcək.

Ulusal.az  xəbər verir ki, görüş məşhur “San Mames” stadionunda təşkil olunacaq.

Qarşılaşma ətrafında böyük ajeotaj olduğunuzu nəzərə alaraq, rəqiblə bağlı bəzi maraqlı məqamları təqdim edirik.

Basklar ölkəsinin təmsilçisi təkcə memarlıq abidələri ilə deyil, həm də futbol ənənəsi ilə tanınır.

“Atletik Bilbao”nun transfer siyasəti unikal prinsipə əsaslanır: klub heyətinə sırf Bask kökləri və bura ilə hər hansı əlaqəsi olan oyunçuları cəlb edir.

La Liqa təmsilçisi bununla öyünməyi də unutmur. Belə ki, klubun rəsmi sosial şəbəkə hesablarında Azərbaycan dilində “Çempionlar Liqasında 100% yerli heyətlə çıxış edən komanda” başlıqlı paylaşım edilib.

Yerli əhali də bu “transfer siyasəti”ndən razılıq ifadə edirlər. Elə buna görə də 53.332 tutuma malik stadionun abonement biletlərinin demək olar ki, hamısı mövsüm başlamadan satılır.

“San Mames” adı Bilbaonun özündə nadir hallarda istifadə olunur. “Atletik” azarkeşlər arenanı daha çox “La Katedral” (Katedral) adlandırırlar. Rəvayətə görə, stadionun və ona bitişik kilsənin adını daşıyan Müqəddəs Mames xristianlığı təbliğ etdiyinə görə şirlərə yem olması üçün sirk arenasına atılıb. Lakin vəhşi heyvanlar möcüzəvi şəkildə ona yaxın durmayıblar. O isə mağarada peyda olub və daha sonra mələklər tərəfindən cənnətə aparılıb. Məhz bu hekayə “Atletik” oyunçularına “şirlər” ləqəbini və onların stadionuna “San Mames” və ya “Kafedral” adını qazandırıb.

Klub rəhbərliyi yeni stadion inşa olunandan sonra “San Mames” adını qoruyub saxlayıblar. Müasir futbolda bu nadir hallarda baş verir. Bir çox klublar kommersiya məqsədi ilə arenanın adını sponsorlara satırlar.

Köhnə “San Mames” təkcə İspaniyanın ən qədim stadionlarından biri deyildi, həm də son gününə qədər La Liqanın hər bir mövsümündə matçlara ev sahibliyi edən stadion adını daşıyırdı. Burada minlərlə futbolçu, həm ulduz, həm də az tanınan, həm də əfsanələr top qovublar. Yüz ildən çoxdur mövcud olan “San Mames” yerlilər üçün əsl qürur mənbəyidir.

1921-ci il stadion üçün ən əlamətdar illərdən biri olub. Məhz həmin il “San Mames” “Atletik”in iştirak etdiyi ilk milli kubok finalına ev sahibliyi edib. Rəqib isə “Atletiko Madrid” olub. Basklılar paytaxt təmsilçisini 4:1 hesabı ilə darmadağın edərək titulu qazanıblar. Yeri gəlmişkən, elə həmin il İspaniya millisi ilk dəfə “San Mames”də oyun keçirib. Yığma yerli tərəfdarların önündə Belçikanı 2:1 hesabı ilə məğlub edib.

2010-cu ildə köhnə “San Mames” öz varlığını sökülməklə başa vurdu. 3 il sonra isə yeni stadionun açılışı oldu. Yeni stadionda “Atletik”i məğlub edən ilk klub 2014-cü ilin yanvar ayının sonunda İspaniya Kubokunu qazanan “Atletiko Madrid” oldu.

Yeni “San Mames”in estetikası ona beynəlxalq memarlıq müsabiqələrində bir neçə qələbə qazandırıb və üç illik istismardan sonra davamlılığa görə LEED sertifikatı alan ilk İspaniya stadionu olub.

Arenanın özünəməxsus dizaynı var. Beş mərtəbədən ibarət olan ağ işıqlı pilləkənlər zirvəyə doğru qalxır. Bu möhtəşəm görünüşü yalnız bir detal pozur – stadionun müxtəlif tərəflərində yerləşən iri pəncərələr. Ətrafda isə klub mağazası və muzey var.

Dam örtüyü isə xüsusi diqqətə layiqdir. Yarımşəffaf naves stadionun içərisinə doğru uzanır və yalnız mərkəzi hissə açıq qalır. Bu dizayn seçiminin iki məqsədi var. Birincisi – tribunadakı səs-küyü stadion boyunca yönəldərək yenidən meydana qaytarmaq, əsas məqsəd isə Bilbaoda tez-tez rast gəlinən rütubətli havadan azarkeşləri qorumaqdır.

“San Mames”in daxili hissəsinə gəldikdə isə, müasir oturacaqlar dərhal diqqət cəlb edir. Tribunalar üç səviyyəyə bölünüb — aşağı səviyyə daha yumşaq maililiklə, onun üzərində isə lojalara və gözləmə zallarına malik orta səviyyə yerləşir. Nəhayət, yuxarı səviyyə — burada oturacaqlar daha dik bucaq altında yerləşir, bu da tamaşaçılara, hətta stadion tam dolu olduqda belə, oyuna çox yaxın olmaq imkanı verir. Bu, həm matçın görünüşünü yaxşılaşdırır, həm də atmosferi daha canlı edir.

Məşhur baş məşqçi Ernesto Valverdenin rəhbərlik etdiyi “Atletik Bilbao” mövsümə uğursuz başlayıb. İspaniya La Liqasının ilk 9 turunda cəmi 14 xal toplayan komanda 8-ci pillədə qərarlaşıb. 10 il sonra iştirak etdikləri UEFA Çempionlar Liqasına isə evdə İngiltərə “Arsenal”ına 0:2, Almaniyada isə “Borussiya Dortmund”a 1:4 hesabı ilə məğlub olublar.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.Teleqraf