20-21 oktyabrda Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən “Qlobal Turizm Forumu”nun (GTF) illik görüşündə Azərbaycan “Destinasiya mükəmməlliyi” kateqoriyasında “Ən yaxşı kulinariya destinasiyası” nominasiyasının qalibi seçilib.
Mükafatı Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev qəbul edib.
Tədbirdə Azərbaycan Turizm Bürosu (ATB) iki sənaye tərəfdaşı ilə birlikdə “Experience Azerbaijan” stendi ilə ölkəmizi təmsil edib.
Forumda turizm sənayesinin beynəlxalq liderləri, siyasətçilər və sənaye nümayəndələri turizmin gələcək inkişaf tendensiyaları, dayanıqlı inkişaf və innovasiya istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Forum çərçivəsində BMT Turizmin İcraiyyə Şurasının Baş katibi Şaixa Al Novais, Türk Dövlətləri Təşkilatı Katibliyinin Baş katibi Səfir Kubanıçbek Ömüralıyev və Özbəkistan Turizm Komitəsinin sədri Umid Şadiyev ilə görüşlər keçirilib.
Həmçinin Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda Səfirliyi, Belçika–Azərbaycan Ticarət Palatası və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə Brüsseldə Azərbaycan turizminin inkişafına həsr olunmuş şəbəkələşmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən Rəşad Əliyev ATB-nin Azərbaycanın turizm potensialının təşviqi istiqamətində həyata keçirdiyi yeni təşəbbüslər və davam edən fəaliyyətlər barədə məlumat verib.
Qeyd edək ki, “Qlobal Turizm Forumu” dövlət və özəl sektor nümayəndələrini bir araya gətirən, beynəlxalq turizmin dayanıqlı inkişafı və gələcək strategiyalarının müzakirə olunduğu aparıcı platformalardan biridir.