Bu il Həcc ziyarətinə getmək istəyən bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları (10 370 manat) müəyyən edilib.
Bu rəqəm isə ildən-ilə artdığı üçün cəmiyyət tərəfindən birmənalı qarşılanmır.
Azərbaycanda Həccə getmək istəyənlərin da sayı hər dəfə intensiz şəkildə artır.
Tələb çox olsa da, qiymət dodağuçuqladan həddədir.
Bəs, niyə ildən-ilə müqəddəs torpaqlara ziyarətin qiyməti bu qədər bahalaşır?
Məgər burada tənzimləmə etmək mümkün olmazmı?
Məsələ ilə bağlı ilahiyyatçı Elşad Miri Medialive-yə açıqlama verib.
O bildirib ki, bu məsələdə əsas iki faktor var:
“Bu məsələyə iki prizmadan yanaşmaq istəyirəm. Birincisi qiymət baxımdan, ikincisi isə dini tərəfdən. Qiymət məsələsinə baxanda görürük ki, bu 11-minə yaxın vəsait deməkdir. Təbii ki, siz ora getdiyiniz zaman qaldığınız 20 gün ərzində xərcləyəcəyiniz vəsait də olmalıdır. Bu da o deməkdir ki, heç olmasa üzərinizdə əlavə 1000 dollar da pul olmalıdır. Bunu pullu təhsil alan tələbənin illik ödənişi ilə müqayisə edə bilərik. Tələbə bir illik təhsil alması üçün 2 min manat ödəyir. Yəni 11-12 min ödəyib, 20 günlük səfər etməkdənsə, 6 tələbənin təhsil haqqını ödəyə bilərsiniz. Yaxud üç tələbənin illik təhsil haqqını ödəyib, qalan vəsaitlə onların digər problemlərini həll edə bilərik”.
İlahiyyatçı qeyd edib ki, Həccə gedənlərin heç də hamısı imkanlı deyil:
”Mən özüm Həcc ziyarətində iştirak edən biri kimi bilirəm ki, oraya gedən insanların hrç də hamısı imkanlı deyil. Maaşlarından, oradan-buradan gələn vəsaitlərdən qırtan, öz boğazlarına yemək almayıb ora getməyə çalışan insanların gəldiyinin şahidi olmuşam. Çünki insan ömründə bircə dəfə görmək istədiyi barədə fikirləşir”.