image-rt-reklam
image-cbc4519a-c837-4cff-9003-c1b5fb673362backend

NAXÇIVANDA GÖMRÜK POSTLARI DTX-nın NƏZARƏTİNDƏDİR – “Gömrük işçiləri mədəni adamlara çevriliblər”

image-728x90

Sədərək və Culfa gömrük-sərhəd buraxılış məntəqələri İran və Türkiyəyə gedən vətəndaşlar üçün tətbiq olunan qadağa və məhdudiyyətlərin bir qismini aradan qaldırıb.

Bu barədə “Gündəlik Naxçıvan” səhifəsi məlumat paylaşıb.

Məlumatda bildirilir ki, bu məntəqələrə müvəqqəti olaraq, Bakıdan yoxlama üçün gələn DTX əməkdaşları nəzarət edir.

Yerli sakinlərin verdikləri məlumatlara əsasən, Türkiyəyə getmək üçün 50 kiloqram tərəvəz keçirmək şərti və 15 günlük məhdudiyyətlər, həmçinin İran və Türkiyədən gətirilən ərzaqlarla bağlı qadağalar aradan qaldırılıb.

Şahbuz rayon sakini Əli Bayramov bildirib ki, noyabrın 24-də Sədərək gömrüyündən Türkiyəyə rahat şəkildə səfər edib və heç bir məhdudiyyətlə qarşılaşmayıb: “Eşidəndə ki, 50 kiloqram tərəvəz keçirmək şərtini qaldırıblar, qulaqlarıma inanmadım. Giriş və çıxışda Bakıdan gələn DTX əməkdaşları oturub, hər şeyə nəzarət edirlər. Gömrük işçiləri “quzuya” dönüblər. Hər dəfə gedib-qayıdanda bizi təhqir edən, mallarımızı əlimizdən alan əməkdaşlar birdən-birə dəyişib, mülayim, mədəni adamlara çevriliblər. DTX əməkdaşlarının qarşısında farağat dayanırlar. Dedilər ki, qayıdanda nə istəsəniz gətirə bilərsiniz.

Əvvəl adambaşına 5 kiloqramdan artıq ərzaq gətirmək qadağan idi. Ət keçirməyə isə ümumiyyətlə icazə yox idi. İndi isə hər şey sərbəstdir. İnsanlar azadlığa çıxıb. Türkiyədə ərzaq qiymətləri bizdən 4-5 dəfə ucuzdur. Ona görə də insanlar ərzaq ehtiyacını qarşılamaq üçün Türkiyəyə gedirlər…”

Məlumayda qeyd olunur ki, camaat DTX əməkdaşları getdikdən sonra hər şey əvvəlki qaydada olacağından narahatdır.

Culfa gömrük məntəqəsi də ərzaq və digər məhsulların gətirilməsinə qoyulan qadağaları aradan qaldırıb. Babək rayon sakini Yaşar Həsənov bildirib ki, məhdudiyyətlərin aradan qaldırlması İrana səfər edənlərin sayının artmasına səbəb olub: “İranda qiymətlər çox ucuzdur. Əvvəl bir kiloqram ərzaq keçirməyə belə icazə vermirdilər. Ancaq sərhəd açılandan sonra bu məhdudiyyət aradan qaldırılıb. Çünki hər şeyə DTX əməkdaşları nəzarət edirlər. Digər vətəndaşlar kimi, mən də özümlə zəruri ərzaq məhsulları aldım və rahat şəkildə gömrükdən keçirə bildim”.

Xatırladaq ki, rəsmi qurumlar tərəfindən təsdiqlənməsə də, noyabrın 1-dən Naxçıvan-Türkiyə, noyabrın 24-dən isə Naxçıvan-İran quru sərhədinin mülki vətəndaşlar üçün açıldığı bildirilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90