Milli mətbuatımızın yaranması günü xalqımız və cəmiyyətimiz üçün bayramıdır. 149 il bundan əvvəl görkəmli maarifçi və pedaqoq Həsən bəy Zərdabi Azərbaycan Milli Mətbuatının əsaını qoydu. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmışdır. “Əkinçi” nəşri ilə Azərbaycanda jurnalistika sistemini və nəslini formalaşdırdı, peşə prinsiplərini yaratdı, Azərbaycan dilini rəsmi statusda öz fəaliyyətinin əsasına çevirdi. Maarifçilik ideyasının daşıyıcısı olan bu qəzet milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərdi.
Müstəqillik əldə olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə hər il iyulun 22-si Milli Mətbuatın yaranması günü kimi qeyd olunur. Azərbaycanda fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlidir. Digər sahələrdə olduğu kimi, bu istiqamət də cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsində Mətbuat Şurasının rolunu xüsusi ilə qeyd etmək lazımdır. Bu gün ölkədə nəşr olunan yüzlərlə qəzet-jurnal, o cümlədən, televiziya kanalları, elektron informasiya vasitələri aktual problemlərin işıqlandırılması baxımından özünə geniş oxucu və tamaşaçı auditoriyası toplamışdır. Ölkəmizdə söz və mətbuat azadlığı var. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir.
Yeni dövr Milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. “Media haqqında” yeni qanun qəbul edilib. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA agentliyinin yaradılması ölkəmizdə media sahəsində islahatların daha sürətlə aparılmasına və şaxələndirilməsinə yeni imkanlara yaradacaqdır.
Azərbaycan mediasında kişilərlə yanaşı, həyatını bu peşəyə həsr etmiş neçə-neçə qadın jurnalistimiz var. Onlar Azərbaycan həqiqətlərinin dünyaya yayılması işində fədakarcasına çalışır, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi yolunda səmərəli fəaliyyət göstərirlər. Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş və bu gündə şərəfli missiyanı davam etdirirlər. Onlar vətənpərvərliklərini təkcə qələmləri ilə deyil, eyni zamanda öz qəhrəmanlıqları ilə sübut edirlər. Vətən uğrunda canından keçən milli qəhrəman Salatın Əskərova da jurnalist idi. Onun əziz xatırəsi həmişə xalqımızın qəlbindədir. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.
Əziz mətbuat işçiləri, mən bir daha sizi səmimi qəlbdən təbrik edir, hamınıza yaradıcılıq uğurları arzulayıram.
Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru