Qeyd edək ki, hadisə 20 avqust 2020-ci ildə Serik rayonunun Boğazkent məhəlləsində yerləşən 5 ulduzlu oteldə baş verib. Belə ki, Səlifovun yaxın adamlarından biri olan 27 yaşlı Xəqan Zeynalovun onun başına 2 dəfə atəş açaraq, öldürüb.
İstintaq zamanı məlum olub ki, Zeynalov hadisədən dərhal sonra oteli tərk etmək istəsə də, Nadirin adamları ilə silahlı toqquşmaya girməli olub. Yaralansa da, otelin qarşısındakı Əmir Həmidlinin idarə etdiyi avtomobilə yetişərək, aradan çıxa bilib.
Qəzet yazır ki, polis araşdırması nəticəsində hadisə yerindən qaçanların idarə etdikləri maşının Dənizli şəhərində olduğu müəyyən edilib. Dənizli Polis İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində Xəqan Zeynalov və Əmir Həmidli şübhəli qismində saxlanılıblar. Axtarış zamanı maşından tapança, bıçaq çıxıb.
Bakırköy Prokurorluğu hadisənin mütəşəkkil dəstə tərəfindən sui-qəsd formasında həyata keçirdiyini əsas gətirərək, işi nəzarətinə alıb. Qəzetin yazdığına görə, prokurorluq 18 avqust 2016-cı ildə İstanbulda qətlə yetirilən tanınmış avtoritet “Lənkəranski” ləqəbli Rövşən Canıyevin adamlarının qisas almaq məqsədi ilə Nadir Səlifovu öldürə biləcəyi qənaətinə gəlib. Həmin qərara əsasən Azərbaycan vətəndaşları olan Xəqan Zeynalov və Əmir Həmidli ilə birgə, Əli Mövlamlı, Camal Həsənov, Cəfər Əlizadə, Xanımnisə Məmmədova, Namiq Canıyev (Rövşən Canıyevin qardaşı) Rəsul Həsənov, Ümid Nəcəfov, Cemil Keleş, Erkan Aşan və vəkil Nürsen Arasoğlunun həbs edilməsinə dair sanksiya verilib. “Əməliyyatlar zamanı, Əli Mövlamlı, Rəsul Həsənov, Ümid Nəcəfov, Cemil Keleş, Erkan Aşan və vəkil Nürsen Arasoğlu saxlanılsalar da, digərləri barədə axtarış verilib”.
“Hürriyet” yazır ki, istintaq materialları Bakırköy Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, dəlil və sübutların yetərli olmaması səbəbindən dosye Manavgat Ağır Cinayətlər Məhkəməsinə yönləndirilib. Dünən isə ilk məhkəmə iclası keçirilib. Cinayətdə əsas şübhəli kimi tanınan Xəqan Zeynalov ifadəsində bildirib ki, o, “Lotu Quli”ni vurmayıb. “Nadir Səlifov mənim yaxın dostum olub. Məni Türkiyəyə də özü çağırıb. Oteldə qonağı oldum. Mən ayın 19-da onsuz da İstanbula gedəcəkdim. Ayın 17-də isə aramızda problem çıxdı. Nadir Səlifov Moskvada olan bir iş adamını qaçırmağımı istədi. Mən qəbul etmədim və mübahisə etdik. Mənə yumruq atdı. Həmin salonda 8 nəfər adam vardı, hamısı da silahlıydı. Mübahisəyə başlayan kimi, mənə atəş açdılar. Mmən də özümü qorumaq üçün silahmı çəkib, sol tərəfə atəş açdım. Nadir isə sağ tərəfimdəydi”.
Zaynalov daha sonra deyib ki, Əmir Həmidli ilə hadisədən öncə oteldə olanda rastlaşıblar. “Nadir Səlifovu öldürməyim üçün 4 milyon dollar aldığıma dair iddialar iftiradır. Nadir yaxın dostum idi. Onu vuran mən deyiləm. Polislər məni təhdid etdi. Yanımda tərcüməçi də yox idi. O səbəbdən ifadəni qəbul etmək məcburiyyətində qaldım”.
Məhkəməyə şübhəli şəxs olaraq çıxarılan Əmir Həmidli də ona qarşı irəli sürülmüş iddiaları qəbul etməyib. “Xanımnisə Məmmədova escort bir qadındır. Mən onun daha əvvəllər Camal Həsənovla əlaqələrindən xəbərsizəm. Türkiyədə istirahət etmək üçün 500 dollara razılaşmışdıq. Əvvəlcə İstanbulda dostlarımdan birinin evində qaldıq. Ssonra Antaliyaya gəldik. Oteldə keçmiş dostum Xəqanla qarşılaşdım. Ayın 20-də kirayə götürdüyüm avtomobili geri verməliydim. Xaqan da ayın 19-da İistanbula gedəcəyini bildirdi, birlikdə getməyimizi təklif etdi. Mən də qəbul etdim. Həmin vaxt Xanımnisə mənim bəzi advarnışlarıma qarışdığı üçün onunla dalaşdım. Pulunu da verib, göndərdim. Hadisə baş verən axşam Xaqanı götürməyə gəldim. Bu vaxt Xaqan qaçaraq maşına oturdu və “Nadirlə dalaşdıq, sür, məni öldürəcəklər” dedi. Aantaliyada bir yanacaqdoldurma stansiyasında dayandıq, yaralı idi, kürəyindən qan axırdı. Yarasını sarıdım, xəstəxanaya aparmasını istədim, lakin qəbul etmədi. Dənizlidə bizi polis yaxaladı”.
Qeyd edək ki, həm Əmir Həmidli, həm də Cəfər Əlizadə məhkəyə verdikləri ifadələrində bildiriblər ki, istintaqda onlara zor tətbiq olunub və izahata imza atmaları istənilib.
Manavgat Məhkəməsinin qərarı ilə şübhəlilərdən Cemil Keleş sərbəst buraxılmasına, digərlərinin isə həbsdə qalmasına qərar verib. Yaxın günlərdə məhkəmənin davam edəcəyi bildirilir.