“Ermənistan Xarici İşlər Nazirliyinin ABŞ-ın Türkiyədəki səfiri Tomas Barakın Zəngəzur dəhlizinin 100 illik müddətə Amerika şirkətinə icarəyə verilməsi təklifini rədd edən sərt açıqlaması əslində birbaşa Vaşinqtona deyil, İrana ünvanlanmış mesajdır. Çünki bu açıqlamanın arxasında dayanan əsas məqsəd Tehrandakı mühafizəkar çevrələri sakitləşdirməkdir.” – bu fikirləri politoloq Arzuman Muradlı saytımıza açıqlamasında ABŞ-ın Türkiyədəki səfiri Tomas Barakın Zəngəzur dəhlizinin 100 illik müddətə Amerika şirkətinə icarəyə verilməsi təklifini şərh edərkən bildirib.
Politoloq qeyd edib ki, Barakın şəxsiyyəti və siyasi çəkisi məsələyə əlavə həssaslıq qatır.
“O, sadəcə ABŞ-ın Türkiyədəki səfiri deyil, eyni zamanda Suriya üzrə xüsusi nümayəndə və keçmiş prezident Donald Trampın yaxın dostudur. Belə bir diplomatın Zəngəzur kimi geosiyasi əhəmiyyətə malik bir dəhliz barədə fikir söyləməsi Vaşinqtonun proseslərə bilavasitə maraq göstərdiyini təsdiqləyir. Ermənistan tərəfinin bu təklifə açıq şəkildə “yox” deməsi əslində regional balansın qorunması naminə atılmış məcburi addımdır. Çünki rəsmi İrəvan sussaydı, Tehran və Qum bunu razılıq əlaməti kimi qəbul edə bilərdi. Bu isə Ermənistan-İran münasibətlərində ciddi böhrana yol aça bilərdi. Maraqlısı odur ki, Azərbaycan tərəfi bu təklifə dair rəsmi reaksiya verməyib.” – deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, bu, İrandakı radikal çevrələrdə suallar doğurur.
“Çünki Azərbaycan üçün Zəngəzur dəhlizində əsas məsələ onun Rusiya və Ermənistanın nəzarətindən çıxarılmasıdır. Kim nəzarət edəcək – bu, sonrakı mərhələdə razılaşdırıla biləcək texniki detaldır. Digər tərəfdən, Ermənistanın baş naziri Nikol Paşinyan da bu məsələyə qapıları tam bağlamayıb. O, bəzi alternativ təkliflərin müzakirəsinə açıq olduğunu göstərib. Belə olan halda, Ermənistanın rəsmi “rədd”i əslində siyasi manevr, daxili və regional auditoriyanı idarə etməyə yönəlmiş diplomatik gedişdir. Görünən odur ki, Zəngəzur dəhlizi ətrafında danışıqlar səssiz və çoxşaxəli şəkildə davam edir. Rəsmi bəyanatlar sadəcə bu dərin proseslərin üst qatıdır. Gələcəkdə bu “rədd”lərin arxasında hansı “razılaşmaların” dayandığını daha aydın görəcəyik.” – deyə Arzuman Muradlı əlavə edib.