image-rt-reklam
image-1backend

İran ideoloqlarını qorxuya salan nədir? Azərbaycana qarşı ziddiyyətli ritorikanın arxasında duran müəmmalı səbəblər  

image-728x90
İran İslam Respublikası daxilində xarici siyasət məsələlərində fikir ayrılıqları və ziddiyyətli bəyanatlar adi hala çevrilib. Ölkənin daxili idarəetmə sistemi və siyasi strukturların mürəkkəbliyi nəticəsində fərqli dairələrdən fərqli – bəzən bir-birinə tam zidd – yanaşmalar səsləndirilir. İranın Azərbaycana münasibətdə tutduğu mövqe və səslənən bəyanatlar bu paralel strukturların təzahürü kimi qiymətləndirilə bilər.

İranın siyasi quruluşu dini lider ətrafında cəmlənmiş, lakin formal olaraq seçilmiş prezident və nazirlər kabineti ilə yanaşı müxtəlif mühafizəkar qurumları özündə birləşdirir. Bu paralel idarəçilik çərçivəsində hər bir qurumun – İslam Keşikçiləri Korpusu, Ali Milli Təhlükəsizlik Şurası, Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi və dini rəhbərlik – öz maraqları və prioritetləri var.

Məsələn, Ali dini lider Ayətullah Əli Xameneinin “Amerikaya ölüm” şüarı İranın rəsmi ritorikasının əsas parçası olsa da, Prezident və onun diplomatik komandası zaman-zaman ABŞ-la danışıqlara və əməkdaşlığa açıq olduqlarını bəyan edir. Xarici işlər naziri və onun müavinləri beynəlxalq arenada daha çevik və realist xətt yürütməyə çalışdıqları halda, dini liderin müşavirləri, xüsusən Əli Əkbər Vilayəti kimi fiqurlar ideoloji xəttdən kənara çıxmırlar.

Ali dini liderin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Pakistan rəsmisi ilə görüş zamanı səsləndirdiyi Azərbaycan əleyhinə fikirlər də bu ziddiyyətli yanaşmanın nümunəsidir. Vilayəti Azərbaycanın guya İslam dünyasının maraqlarına zidd hərəkət etdiyini iddia edir. Onun iki əsas “iradı” var:

1. Azərbaycanın Suriya-İsrail münasibətlərində vasitəçi olması
Vilayətinin iddiasına görə, Bakı bu fəaliyyətilə guya İslam dünyasına zidd davranır. Halbuki, İsrail-Suriya münasibətlərində gərginliyin azaldılması regionda sabitliyin bərqərar olması deməkdir. Azərbaycan üçün bu, öz təhlükəsizliyi və qonşuluğunda müharibə ocağının söndürülməsi anlamına gəlir. Bundan başqa, tarix boyu İran özü də dolayı kanallarla İsraillə əlaqə qurmağa cəhd edib. Deməli, Vilayətinin mövqeyi təkcə ikili standart deyil, həm də bölgə xalqlarının mənafeyi ilə ziddiyyət təşkil edir.

2. Azərbaycanın İsrailə neft satması
Bu da illərlə təkrar edilən və heç bir konkret əsasla sübut edilməyən iddiadır. Azərbaycan nefti beynəlxalq bazarda satılır və kim uyğun qiymət təklif edirsə, məhsulu alır. Satış marşrutları isə beynəlxalq hüquqa və iqtisadi mexanizmlərə əsaslanır. Bu məsələnin dini və ya ideoloji platformaya daşınması sadəcə siyasi manipulyasiyadır.

Əli Əkbər Vilayəti 1990-cı illərin əvvəllərində İranın xarici işlər naziri olub. Həmin dövrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü fonunda o, nəinki İslam həmrəyliyindən danışmayıb, əksinə, susqunluq nümayiş etdirib. Qarabağda məscidlərin dağıdılması, dindar əhalinin qətliamı və dini abidələrin təhqiri qarşısında İranın, xüsusən də Vilayətinin səssizliyi Azərbaycanın ictimai rəyində dərin iz buraxıb.

Azərbaycan isə 2020-ci ildə işğaldan azad etdiyi ərazilərdə məscidləri bərpa etməyə başladıqdan sonra, bu dəfə həmin dairələr bu fəaliyyətlərdən narahatlıqlarını ifadə etməyə başladılar. Bu ziddiyyət yalnız ideoloji deyil, eyni zamanda geosiyasi maraqların və nüfuz savaşının təzahürüdür.

İranın Azərbaycana qarşı ziddiyyətli ritorikası Tehran daxilindəki siyasi parçalanmanın nəticəsidir. Rəsmi Tehran bir tərəfdən qonşuluq və əməkdaşlıq mesajları verir, digər tərəfdən isə müəyyən dairələr, xüsusən də Vilayətinin timsalında, açıq şəkildə Azərbaycanı hədəf alırlar. Bu, sadəcə Tehran-Bakı münasibətlərini korlamır, eyni zamanda regionda gərginliyin artmasına və İranın öz daxilindəki sosial problemlərin kölgədə qalmasına səbəb olur.

Azərbaycan isə geosiyasi baxımdan praqmatik və rasional siyasət yürüdür: iqtisadi maraqlarla dini ideologiyanı qarışdırmır, regional sabitliyin qorunmasına töhfə verir və beynəlxalq hüquqa əsaslanan münasibətlər qurmağa çalışır. İranın müxtəlif mərkəzlərindən səslənən ziddiyyətli fikirlər isə bu siyasətin davamlılığına təhdid kimi çıxış edir və nəhayətində elə İranın öz maraqlarına da zərbə vurur.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90