image-2000x150
image-932fe8db-6a79-47cc-a2a1-771ef9c167fbbackend

GENERAL MURADOVUN UQLEDAR RƏZALƏTİ Özünü “Qarabağ canişini” kimi aparan zabitin əsl “bacarığı” üzə çıxdı  

image-728x90

“Əgər rus generalının az sayda əsgəri həlak olursa, deməli həmin general “yaxşı çalışmayıb””.

Bunu Ukrayna Prezident Ofisi başçısının sabiq müşaviri Aleksey Arestoviç rus generallarının “iş prinsipi”ni şərh edərkən deyib. Ötən ilin fevralında Ukraynaya qarşı başlayan işğalçılıq müharibəsinin gedişində Arestoviçin bu dəyərləndirməsi özünü dəfələrlə isbatlayıb. Rusiya ordusunun Uqledar şəhərinə son hücum cəhdi hərb tarixinə “dünyanın ikinci ordusu”nun ən uğursuz əməliyyatlarından biri kimi düşəcək.

Belə ki, həmin hücum zamanı rus ordusunun müdafiə olunan Ukrayna ordusuna nisbətdə itkiləri beşin birə nisbətində qeydə alınıb. Müstəqil mənbələrin də təsdiqlədiyi kimi, Uqledara son hücum cəhdi zamanı bir döyüşdə Rusiya tərəfi azı 31 hərbi texnika, 300-ə yaxın əsgər və zabitini itirib. Bu texnikanın 15-nin tank olduğu bildirilir və qeyd olunur ki, onların bir qismi işlək vəziyyətdə döyüş meydanında qalıb.

Hadisə yerindən çəkilən videolarda isə görünür ki, Rusiya hərbçiləri ilk zərbələr endirilən kimi, pərən-pərən düşür, yana-yana mina sahələrinə doğru qaçır, yaralılar öz PDM-lərinin təkərləri altında qalır və s. Bütün bunlar hücumun çox aşağı səviyyədə, düşünülməmiş, primitiv şəkildə hazırlandığının göstəricisidir. Hücumda əsas etibarilə 155-ci və 40-cı briqadalar iştirak edib. Əməliyyatın əsasən Rusiya ordusunun Şərq qruplaşmasının başçısı, hamımızın yaxşı tanıdığı general-leytenant Rüstəm Muradov tərəfindən təşkil və idarə olunduğu bildirilir. Ona görədir ki, Muradov bu uğursuzluqdan dərhal sonra Rusiya hərbi blogerlərinin və jurnalistlərinin kəskin tənqid və hətta təhqir hədəfinə çevrilib.

 

“Vaqner” qruplaşmasının rəsmi “Telegram” kanalı isə bu əməliyyatın biabırçı nəticələrini tənqid edərək, general Rüstəm Muradovu “üzdəniraq”, “yerinə batırmış it” və s. ifadələrlə təhqir edib.

ABŞ Müharibə Araşdırmaları İnstitutu (ISW) bu döyüşlə bağlı şərhində qeyd edir ki, doğrudan da hücum çox aşağı səviyyədə hazırlanıb. Lakin bununla bərabər qeyd edib ki, bu hücumun təşkilində istifadə edilən hərbçilərin böyük əksəriyyəti səfərbərliklə orduya cəlb edilən vətəndaşlar olub. Həmin döyüş isə bir daha Rusiyada aparılan səfərbərlik və döyüş hazırlığı tədbirlərinin olduqca aşağı keyfiyyətə malik olmasından xəbər verir. Eyni zamanda, amerikalı mütəxəssislərin fikrincə, ümumilikdə problem Rusiya Silahlı Qüvvələri institutunun özündədir. Yəni, əsas problem sistem problemidir və rus ordusu müasir tələblərdən geri qalır. Bu, özünü həm hərbi texnikada, həm də yüksək ranqlı komandirlərdən tutmuş sıravi əsgərlərə, zabit heyətinə qədər bütün səviyyələrdə göstərir.

 

Şəxsən Rüstəm Muradova gəlincə, Qarabağda müvəqqəti yerləşmiş rus hərbi kontingentinin ilk komandanı olan bu general əsl hərbçi “qabiliyyətini” Ukraynada davam edən döyüşlərdə göstərmiş oldu. Özünü az qala Qarabağın canişini kimi aparan, erməni təxribatlarına yol açan və onları körükləyən davranışları ilə seçilən Muradov heç də təsadüfən Azərbaycan cəmiyətində neqativ fiqur kimi qəbul olunmurdu. 

O, sözügedən vəzifəni daşıyarkən, özünü hərbçi yox, regionu idarə edən, siyasi qərarlar verən biri kimi aparmaqdan çəkinmirdi: “Birinci beş il üç dövlət başçısının imzaladığı razılaşmaya görədir. Daha sonra rus sülhməramlı kontingentinin vaxtının uzadılmasıyla bağlı qərar qəbul olunacaq”.

Vəzifəsini, missiyasını, boyunu və başını aşan bu cür təxribatçı açıqlamanı da həmin vaxt general Muradov vermişdi və bu, Azərbaycan tərəfinin haqlı irad və narazılıqları ilə qarşılanmışdı.

Qeyd edək ki, Muradovun hətta birbaşa Ərdoğanın müdaxiləsilə Qarabağdan uzaqlaşdırıldığına dair Türkiyə mətbuatında iddialar yayılmışdı. “Türkiyə” qəzeti bununla bağlı məlumatında deyirdi: “Erməni quldur dəstələrinin Azərbaycan əsgərlərinə qarşı təxribatına, bölgəyə silah-sursat və insan qaçaqmalçılığına göz yuman Qafqaz əsilli rus komandiri Rüstəm Muradov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müdaxiləsi ilə vəzifəsindən azad edilib”.

Budur, indi isə həmin bu generalın bir hərbçi kimi “bacarığı” göz önündədir. Ümumilikdə rus ordusunun düşdüyü biabırçı durumda sözsüz ki, bu cür həddən artıq siyasiləşmiş, yarıtmaz, hərbi savadı şübhə doğuran, korrupsiyalaşmış və s. generalların xüsusi “xidmətləri” var.AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90