Fransanın “Air France” və “Transavia” aviaşirkətləri İsrailin Livanın “Hizbullah” hərəkatına qarşı mümkün əməliyyatı ilə əlaqədar təhlükəsizlik təhdidləri ilə bağlı narahatlıqlar fonunda Livana uçuşları dayandıracaq.
Ulusal.az TASS-a istinadən xəbər verir ki, bu barədə “BFMTV” telekanalı məlumat yayıb.
““Air France” aviaşirkəti uçuş təhlükəsizliyini ən yüksək səviyyədə təmin etmək üçün xidmət etdiyi ərazilərdə geosiyasi vəziyyətin inkişafını daim izləyir”, – aviaşirkətin mətbuat xidmətindən bildirilib.
Uçuşların dayandırılması iyulun 29 və 30-na planlaşdırılan reyslərə təsir edəcək. Eyni zamanda, Almaniyanın “Lufthansa Group” aviadaşıyıcısı Livanın paytaxtı Beyruta uçuşlara qoyulan qadağanın avqustun 5-dək uzadıldığını açıqlayıb. Daha əvvəl Livanın xarici işlər naziri vəzifəsini icra edən Abdullah Həbib bildirmişdi ki, bir sıra xarici aviaşirkətlər İsrailin Livana hücumundan ehtiyatlandıqları üçün Beyruta uçuşları dayandırıb.