Şəxsiyyətlər tarix yaratmır, tarixi dövlətçiliyin, dövlətin sabahlarına istiqamətləndirir. Belə şəxsiyyətlərin dövlətçilik düşüncələri, dövlətçilik naminə gördüyü işlər zaman-zaman milli məfkurənin, dövlətin siyasi nüfuzunun yüksəldilməsində, dövlətlərarası münasibətlərin tənzimlənməsində, dövlətin iqtisadi qüdrətinin artmasında, təhsilin, səhiyyənin, mədəniyyətin, incəsənətin inkişafında dövlət qanunları ilə tənzimlənən mühüm vasitələrdən biri olur. Böyük tarixi şəxsiyyət Heydər Əliyev belə tarixi şəxsiyyət olub. Onun siyasi kursunu əsl dövlətçilik manifesti bilən, fəaliyyətini bu ülgüdə quran cənab İlham Əliyev də belə şəxsiyyətlərdəndir.
İlham Heydər oğlu Əliyev o dövr üçün olduqca nüfuzlu ali məktəbi olan Moskva Beynəlxalq Əlaqələr İnstitutunu bitirmişdi. Belə bir institutda ancaq yüksək təfəkkürə, dil mənimsəmə, öyrənmə qabiliyyətinə, məntiqli düşüncəyə, səlis danışıq tərzinə, insanlarla münasibət qurma bacarığına və s. malik olanlar oxuya bilərdi. Tarix bu institutun məzunlarının əksəriyyətinin dövlət xadimi kimi formalaşdığını təsdiqləyir. İlham Əliyev bu institutu bitirdikdən sonra 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyən, 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışan, bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edən İlham Əliyev 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra birinci vitse-prezidenti olub. Bu təyinat Azərbaycanın neft strategiyasının müxtəlif səviyyələrdə beynəlxalq münasibətlərin komponenti kimi qəbul edilməsində əsaslı əhəmiyyət kəsb edib. Sonralar böyük beynəlxalq iqtisadi müqavilələrin bağlanmasında bunlar da səmərəli olmuşdu.
1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsində keçirilən toplantıda tanınmış idmançılar, məşqçilər, idman xadimləri bu vəzifəyə 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilmiş İlham Əliyevin seçilməsini zəruri bildilər, bu seçimi Azərbaycan idmanının sabahlarına böyük qayğı kimi dəyərləndirdilər. Təşəbbüs gerçəkləşdi. Azərbaycanda idman mərhələlərlə kütləviləşməyə başladı. Neçə-neçə beynəlxalq yarışda, dünya miqyaslı idman tədbirlərində Azərbaycan da daha geniş tərkibdə təmsil olunmağa başladı. Olimpiya Oyunlarında lisenziya qazananların sayı da artırdı, qazanılan medalların sayı da, medalların əyarı da yüksəlirdi. Bu nəticələr MOK-un prezidentinin idman siyasətinin bəhrəsi idi…
Cənab İlham Əliyev 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə Partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub.
Cənab İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.
2003-cü ildə Azərbaycan Respublikasının Prezident seçkilərində xalq yenə Ulu Öndərin namizədliyini dəstəkləyirdi, onun yenə prezident seçilməsini istəyirdi, yenə ona səs verəcəkdi. Seçki ərəfəsində 2003-cü il oktyabrın 1-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan vətəndaşlarına müraciətini xatırlayıram: “…Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksəksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
“Mən İlhama özüm qədər inanıram”. Bu inam da dövlətçiliyə sevgidən yaranmış inam idi. Ulu Öndərin özü qədər inandığı gənc siyasətçi xalqın böyük əksəriyyətinin seçimi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu seçim xalqın Heydər Əliyevə sevgisinin, onun siyasi qənaətinin, dövlətçiliklə bağlı düşüncələrinə, ağsaqqal sözünə etimadın seçimi idi. Xalq inanırdı ki, İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın dünyəvi siyasətdə nüfuzu artdı, dünya dövlətləri Azərbaycanla müxtəlif sahələr üzrə müxtəlif müqavilələr imzaladılar. Bu, tərəfdaşlıq etimadı idi və Azərbaycana siyasi nüfuz gətirməklə bərabər, dövlətin iqtisadi gücünün də artmasında vəsilə olurdu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycanda neçə-neçə yeni istehsal şəbəkəsi yaradıldı, yeni təsisatlar fəaliyyətə başladı. Onu da qeyd edək ki, dövlət başçısının sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması respublikada mətbuatın inkişafında əsaslı dönüş oldu. Cənab Prezidentin sərəncamı ilə dünyada ilk dəfə mətbuat işçiləri üçün yaşayış binasının inşasına başlanıldı. Jurnalistlərə 400-dən çox mənzil verildi ki, bu da istər sosial, istərsə də mənəvi yüksəliş kimi dəyərləndirilməlidir. Ölkə mətbuatı cənab İlham Əliyevi dəfələrlə “Mətbuatın dostu” nominasiyası üzrə mükafatlandırdı. Səmimi mükafatlandırmanı ölkə başçısı da, xarici ekspertlər də səmimi dəyərləndirdilər…
Cənab İlham Əliyev 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə də, 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də xalqın böyük əksəriyyətinin səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Tarixi Zəfərdən sonra keçirilən növbədənkənar prezident seçkilərində də xalq öz seçimini etdi, yenə sevdiyi tarixi şəxsiyyətə səs verdi, cənab İlham Əliyev yenə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Dünyəvi siyasətdə bəşəri ideyaları yaşadan bir siyasətçi kimi, dövlət başçısı kimi onlarla dünyanın ordenləri ilə təltif olunan Cənab İlham Əliyev neçə-meçə dövlətin fəxri adına da layiq görülüb.
Cənab İlham Əliyev həm də beynəlxalq aləmdə böyük erudisiyalı idman təşçkilatçısı kimi tanınır. Cənab İlham Əliyev onlarla beynəlxalq idman təşkilatının da ünlü medalları ilə təltif olunub.
Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III Qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Partiyanın yeni sədri seçildi. 2021-ci ilin 5 mart tarixində Partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olundu və Partiya sədrinin birinci müavini vəzifəsi təsis olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparatı yaradıldi. Partiyanın yeni Proqramı qəbul edildi, kadr islahatlarına başlanıldı.
6 noyabr 2005-ci il, 7 noyabr 2010-cu il, 1 noyabr 2015-ci il, 9 fevral 2020-ci il və 1 sentyabr 2024-cü il tarixlərində keçirilmiş parlament seçkiləri ölkədə təkamül yolu ilə demokratik ənənələrin formalaşması prosesinin mühüm tərkib hissəsi oldu. Azərbaycanın müstəqil parlamentarizm tarixində ilk dəfə olaraq 2020-ci ildə müxalif siyasi partiyalar qanunvericilik orqanının rəhbərliyində təmsil olundu.
Azərbaycan 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və qüdrətinin ifadəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşıbbüsü ilə Azərbaycanda neçə-neçə beynəlxalq tədbir keçirilib ki, bunlar da dünyəvi problemlərin həlli baxımından gərəkli tədbirlər kimi dəyərləndirilib. Bu yaxınlarda Bakıda keçirilən COP29 tədbiri dünyanın sabahları haqqında dünya dövlətlərinin fəaliyyətinin tənzimlənməsinə yönəldilmiş tədbir kimi tarixləşdi…
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici siyasətinin başlıca istiqaməti ərazilərimizin işğaldan azad edilməsi olub. Dövlət başçısı bu istiqamətdə sülh danışıqlarının baş tutmasına, ikitərəfli, çoxtərəfli danışıqların müəyyən nəticəyə istiqamətlənməsinə çalışırdı. ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin fəaliyyətsizliyini dəfələrlə ciddi şəkildə bildirmişdi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilmədiyini xatırlatmışdı. Ermənistan sülh danışıqlarından yayınanda, regionda mövcud status-kvonu saxlamağa çalışanda cənab İlham Əliyev qətiyyətlə bildirmişdi ki, nə Azərbaycan xalqı, nə də Azərbaycan dövləti Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Ermənistan da, onun havadarları da bu qətiyyətli bəyanatdan nəticə çıxarmadı, yeni ərazilər işğal etmək məqsədi ilə Azərbaycanın ərazilərinə müxtəlif miqyaslı hücumlar edirdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun hissələri bu hücumun qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. İkinci Qarabağ müharibəsi başladı…
Azərbaycan Ordusu noyabrın 8-də Şuşanı işğaldan azad etdi. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bu sənəd Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi oldu. Lakin Ermənistan Bəyanatın şərtlərinə əməl etmirdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin döyüş əmri ilə 2023-cü il sentyabrın 19-da başalayan döyüşlərlə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu…
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın dövlətçilik tarixində həm də müzəffər sərkərdə oldu. Dünya ictimaiyyəti də, Azərbaycan dövlətinə ehtiramı olan dövlətlər də, dünya azərbaycanlıları da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il noyabrın 8-də Ulu Öndərin Fəxri Xiyabanda abidəsi önündə dediyi fikirləri heç zaman unutmayacaq: “Xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bu kəlamlar həm də bir gerçəkliyi yada salır: Ulu Öndər ərazilərimizin işğaldan azad olunmasını oğluna vəsiyyət edibmiş. Böyük tarixi şəxsiyyət, ən böyük azərbaycanlı Heydər Əliyevin cənab İlham Əliyevə vəsiyyəti, Azərbaycan naminə, Azərbaycan dövlətçiliyi naminə tapşırığı belə olub. Azərbaycançılıq budur! Vəsiyyət də, tapşırıq da, vəsiyyətin, tapşırığın yerinə yetirilməsi də azərbaycançılıqdır, sədaqətdir!.
Cənab İlham Əliyev dövlətə, dövlətçiliyə sədaqətin Prezidentidir. Dekabrın 24-nü də könül xoşluğu ilə qarşılamaq hər bir azərbaycanlının Azərbaycan dövlətçiliyinə sədaqətinin ifadəsi kimi tarixləşəcək…
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı