Məhəllədə uşaqlar tərəfindən ələ salınan, təhqir olunan əqli qüsurlu 17 yaşlı Akif (ad şərtidir) cinayət törədib. Akif onu ələ salan 12 yaşlı uşağı döyüb. Ağır xəsarət alan uşağın əməliyyatla dalağı çıxarılıb.
Ulusal.az xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində baş verib.
Əqli qüsurlu Akif yaşıdları ilə ünsiyyət qurmaqda çətinlik çəkdiyi üçün məhəllədə ondan yaşca kiçik olan uşaqlarla oynamağa çalışırmış. Lakin oynamaq istədiyi uşaqların ona qarşı münasibəti heç də yaxşı olmayıb. Akifin oynamaq istədiyi uşaqlar 11-13 yaşlarında olub. Həmin uşaqlar tez-tez Akifi ələ salır, təhqir edir, onunla oynamaq istəmirlərmiş. Bu məsələdən uşaqların valideynlərinin də xəbəri olub. Akifin anası və nənəsi həmin uşaqların valideynlərinə bu məsələ barədə məlumat veriblər. Lakin faydası olmayıb.
Sonuncu belə hadisə zamanı Akif onu ələ salan 12 yaşlı Mahiri (ad şərtidir) döyüb. İstintaq zamanı müəyyən edilib ki, Akif Mahirə əvvəlcə yumruqla, sonra isə təpiklə zərbələr vurub. Zərbə nəticəsində Mahirin dalağı ciddi zədə alıb. Əməliyyat zamanı onun dalağı çıxarılıb.
Akif və onun hüquqi varisi kimi dindirilən anası baş verənləri danışan zaman bildiriblər ki, Mahirə sadəcə yumruqla zərbə vurub. Akifin anasının iddiasına görə, Mahirin həmin zərbə nəticəsindən dalağının xəsarət alması mümkün deyil.
Məhkəmə araşdırması zamanı Akifin səhhəti ilə bağlı ekspertiza rəyi də əldə edilib. Hazırda Akifin müalicəsi davam etdirilir.
İstintaq orqanı tərəfindən Akifə qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Akif bu cinayəti törətməkdə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Akif barəsində şərti cəza təyin edilib. İstintaq dövründə ev dustaqlığında olan Akif barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.Musavat.com