Bu gün Ümumdünya gənclər günüdür. Gənclər təşkilatlarının beynəlxalq birliyi özündə siyasi, dini baxışlarından, milli mənsubiyətindən asılı olmayaraq bir çox müxtəlif gənclər təşkilatını birləşdirir.
Ednews xüsusi günlə bağlı millət vəkillərin gənclərlə bağlı məsləhətlərini öyrənib.
Deputat Aqil Abbas bildirib ki, Azərbaycan gənclərinə inamı tamdır.
“Həmişə də çalışmışam ki, gəncləri ətrafımda görüm. Onlara mümkün köməyi etməyə çalışmışam, qəzetimdə, saytımda iş vermişəm. İstedadlı gəncliyimiz var. Söhbət təkcə, ədəbiyyatdan, musiqidən, mədəniyyətdən getmir. Elmdə, texnikada da istedadlı, qabiliyyətli gəncliyimiz var. Gənclərdən narazı deyiləm. Gənclərin deyirlər, səhvləri olur. Gənc elə səhv etməzsə gənc olmaz. Gənclərə məsləhətim odur ki, oxusunlar, oxusunlar, yenə də oxusunlar. Nizaminin beytində dediyi kimi:
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz”.
Deputat Cavanşir Feyziyev ilk növbədə bütün gənclərimizi Ümumdünya Gənclər günü münasibətilə təbrik edib.
“Dünya miqyasında belə bir günün təsis edilməsi heç də təsadüfi deyil. Bu onu göstərir ki, dünyanın gənclərə inamı və onlardan gözləntiləri var. Bu elə gözləntilərdir ki, dünya miqyaslı proseslərə təsir edə və dünyanı daha sağlam və təhlükəsiz edə bilər. Müasir qloballaşma dövründə irəli sürülən təşəbbüslərin və atılan addımların çoxu ümumdünya əhəmiyyəti daşıyır. Məsələn, son illərdə İsveçli gənc məktəbli qız Qreta Tunberqin təşəbbüsü ilə başlayan ekoloji hərəkat qısa bir müddətdə bütün qitələri əhatə etdi və yaşından asılı olmayaraq planetin milyonlarla sakini onun təşəbbüsünə qoşuldu. Bu təşəbbüs öz növbəsində dünya boyunca “yaşıl” partiyaların mövqeyini beynəlxalq siyasət arenasında gücləndirdi. Hazırda çoxsaylı beynəlxalq təşkilatlar və dövlətlər Qreta Tunberq hərəkatının tələblərini real siyasətdə tətbiq edirlər. Belə nümunələr gəncliyin hansı gücə malik olduğunu göstərən çox gözəl örnəkdir. Tunberq təşəbbüsünün uğuru gəncləri daha inamlı olmağa və dünyanın taleyi ilə bağlı daha cəsarətli addımlar atmağa sövq edir. Dünya dəyişir və dəyişən dünyada insanların hüquq və vəzifələri də dəyişir. Bu günkü gənclik daha böyük məsuliyyətlə, daha böyük təşəbbüskarlıq nümayiş etdirir. Bu kimi təşəbbüslər qlobal həyatın daha çox sahələrini əhatə etməyə başlayır. Bir sıra Avropa ölkələrində yaşı 25- 40 arasında olan gənclər dövlət idarəçiliyinə seçilir və dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verirlər. Bütün bunlar onu göstərir ki, dünya gəncliyi qlobal problemlərin çözülməsində həlledici gücə çevrilə bilər.
Azərbaycan gəncliyi Zəfərdə öz sözünü deyib. Dövlət tərəfindən həyata keçirilən xaricdə təhsil proqramları minlərlə Azərbaycanlı gəncin dünya təhsil sisteminin ən qabaqcıl nailiyyətlərini mənimsəməsi üçün şərait yaradır. Bu gün Azərbaycan gəncləri dünyanın əksər ölkələrinin cəmiyyətlərində özlərinə layiqli yer tuta bilir. Onların arasında çox müxtəlif peşə sahibləri var. Ölkə daxilində idarəetmə sistemində birmənalı olaraq gənclərə üstünlük verilməsi ölkə rəhbərliyinin gənclərə diqqət və qayğısını göstərən faktlardır. Bütün bunlar göstərir ki, gəncliyimizin enerjisi tükənməzdir və bu enerjini real fəaliyyətə çevirmək üçün potensial imkanlar da genişdir. Ona görə gənclərimizə daha çox çalışmağı və öyrənməyi, üzərinə daha çox məsuliyyət götürməkdən çəkinməməyi və ictimai-siyasi, sosial-mədəni həyatda daha çox təşəbbüskar olmağı tövsiyə edərdim. Mən qlobal miqyasda ictimai şüurun yeni bir mərhələyə adladığına və bu mərhələdə dünyanın xoş gələcəyinə inanıram. Bu xoş gələcəyin yaradıcıları isə məhz gənclərimizdir. Bu möhtəşəm missiyanın həyata keçirilməsində bütün gənclərimizə uğurlar arzulayıram”.
Deputat Tahir Rzayev isə qeyd edib ki, bu gün gənc nəslin fəaliyyəti, naliyyətləri ilə fəxr edə bilərik.
“Gənclər bizim gələcəyimizdir. Ulu öndərimiz Heydər Əliyev bu fikri dəfələrlə səsləndirib. Xüsusən, İkinci Qarabağ müharibəsində gənclik göstərdi ki, onlar vətəni, torpağı müdafiə etməyə, torpaq uğrundan canından keçməyə hazırdılar. Ordumuza xidmət edən zabitlərimiz, əsgərlərimiz o şücaətləri Azərbaycan gəncliyinin bir simvolu, dünyaya səs salan hünəri oldu. Ona görə də gənclərimizin fəaliyyətindən qürur duymalıyıq. Onların bu gün əldə etdikləri, qazandıqları gələcək nəsil üçün örnək olmalıdır. Zəfər Günü ilə bağlı rayonlara səfərim oldu. Orada şəhid ailələrini, qazilərimizi ziyarət etdik. Gənclərin necə vətənpərvər ruhda olduqlarını müşahidə etdim, qürur duydum. Onların hünərləri Azərbaycan xalqına yeni tarix bəxş etdi.
Gənclər ilk növbədə layiqli təhsilindən, vəzifəsindən asılı olmayaraq sədaqətli, layiqli bir vətəndaş olmalıdırlar. İkinci növbədə gənclərimiz savadlı olmalı, oxumalıdırlar. Üçüncüsü, gənclərimiz tarixi yaxşı öyrənməlidirlər. Bizim babalarımızın, igidlərimizin getdiyi yola nəzər salmalıdırlar. Dahilərimizi, şəxsiyyətlərimizi daha dərindən mənimsəməlidirlər. Çünki, gənc ölkənin gələcəyidir. Azərbaycan gəncliyi dünyaya çıxmalıdır. Bizim mədəniyyətimizi, elmimizi, hünərlərimizi dünyaya çatdırmalıdırlar. Onlara xoş həyat, ailə arzu edirəm”.