Cənubi Qafqazdan başlayaraq Xəzər və Qara Dənizləri boyunca, İtil (Volqa) çayı ətrafındakı ərazilərdən başlayaraq Dunay çayına qədər uzanan geniş bir coğrafiyanı bir neçə əsrə yaxın öz hakimiyyəti altında saxlamış türksoylu Xəzər imperiyası özündə türk tarixinin növbəti yüksəliş və inkişaf mərhələlərindən birini təcəssüm etdirir. Böyük Türk kağanlığının Şərq ərazilərində meydana gələn və onun davamı hesab edilən, Göy Türklərin qurucuları Aşina sülaləsindən olan kağanlar tərəfindən yönəldilən Xəzər kağanlığı dünyanın əksər böyük tədqiqatçıları tərəfindən Orta əsrlərin ilk çağlarında mövcud olmuş ən möhtəşəm dövlətlərdən biri hesab edilir. Dünyanın müxtəlif ölkələrində xəzərlər və onların qurduğu möhtəşəm dövlət barədə yüzlərlə araşdırma əsərlərinin yazılmasına baxmayaraq, bu mövzu alimlər və yazıçılar arasında hələ də böyük mübahisələr mövzusudur.
Tarixdə türklərin qurduğu çox böyük dövlətlər olub, onların insanlıq tarixinə özünəməxsus təsirləri və xidmətləri olub, amma biz onların heç birinə dünyanın elmi dairələri tərəfindən xəzər tarixinə göstərilən marağı müşahidə etmirik. Xəzər tarixinin təqdiqatçısı ünlü ABŞ alimi Norman Qoblun məşhur “Xəzər tədqiqatları” əsərində biz yüzlərlə elmi ədəbiyyatın adına rast gəlirik. Bu mövzuya müraciət edən məşhur alimlər sırasında V. Sen Marten, V. V. Bartold, Z. Validi Togan, P. K. Kokovtsev, Y. V. Qotye, Y. Nemet, A. Krımski, D. Danlop, V. F. Minorski, M. İ. Artamonov, Z. Bünyadov, P. Qolden, S. A. Pletneva, K. A. Bruk, O. Pritsak, L. Qumilyov kimi insanların adlarını çəkəkə bilərik. Bu siyahını dəfələrlə artırmaq da olar, lakin dünya miqyasında məşhur olan bu adlar içərisində ikisi ilə bağlı ayrıca fikir bildirmək istəyirəm. Fransız alim Sen Martenin və xüsusən Ukraynalı alim Aqafangel Krımskinin xəzərlərlə bağlı ortaya qoyduğu mülahizələr bu mövzuya tamamilə yeni və fərqli bir istiqamət verdi və məhz onların elmi dövriyyəyə gətirdikləri yeni yanaşmalarla xəzərlər mövzusu Orta əsrlərdən Herodot zamanlarına qədər uzandı.
Qədim dünya salnaməçilərindən tutmuş müasir dövrümüzün tarixçilərinə qədər çoxsaylı tədqiqatçılar xəzərlərin tarix səhnəsinə haradan gəldiyini və bu səhnədən nə zaman və hara getdiyini aydınlaşdırmağa çalışıblar. Bu gün də xəzərlərin tarixi ilə bağlı elmi cameənin yekdil fikrə gələ bilmədiyi bir çox məsələlər var və onlar hələ də alimlərin diqqət mərkəzində qalmaqda davam edir. Xəzərlərin etnik kökəni, dili, imperiyaya daxil olan digər xalqlarla olan qarşılıqlı münasibətləri, yahudi dinini qəbul etmə səbəbləri barədə mülahizələr bir çox tədqiqatlarda bəzən çox dərin ziddiyyətlər təşkil edir.
Müasir Azərbaycanın da şimal-şərq hissəsini əhatə etməklə Şimali Qafqaz ərazisində mövcud olmuş Xəzərlər İmperiyası və onun qurucuları olan qədim xəzərlər təbii olaraq Azərbaycanlı tədqiqatçıların da maraq çərçivəsindən heç vaxt kənarda qalmayıb. Bu da təbiidir, çünki xəzərlərin və onların dövlətinə daxil olan sabir, barsil, bulqar tayfalarının Azərbaycan türklərinin etnogenezinin formalaşmasında yer alması artıq tədqiqatçılarda heç bir şübhə doğurmur. Sonsuz ehtimallar, fərqli elmi mülahizələr və iddialar mövzusu olan xəzərlər haqqında Azərbaycan yazıçısı Elxan Zal Qaraxanın rus dilində yazdığı “Хазарский простор” (“Xəzər məkanı”) adlı tədqiqat əsəri də bu problemin dərk edilməsinə böyük töhfə verəcək çox dəyərli bir elmi araşdırma işidir.
Elxan Zal xəzərlərlə bağlı tədqqiqatlarına başlayandan bəri biz onunla bu mövzuda dəfələrlə geniş polemikalar aparmışıq, əsərin dili və araşdırma istiqamətləri ilə bağlı fikir mübadiləsi etmişik. Bu təmaslar zamanı Elxan müəllim mənə bildirmişdi ki, o əslində xəzərlərlə bağlı bədii əsər yazmaq istəyirdi, lakin bu mövzuya dair materiallar yığarkən, xüsusən “Etrusklarla” bağlı araşdırmalar apararkən əldə etdiyi sənədlərdən belə qənaətə gəlmişdi ki, xəzərlər Azərbaycan və ümumən türk xalqları tarixində müstəsna rol oynayıblar və onların bu rolu barədə dünya türkologiyasında, eləcə də xəzərşünaslıqda son söz hələ deyilməyib. Elxan müəllimin bu fikri xəzərlərin tarixinə maraq göstərən bir şəxs kimi mənim üçün də olduqca dəyərlidir və mən bu fikri tamamilə dəstəkləyirəm. Xüsusilə Elxan müəllimin əldə etdiyi materiallarla tanış olduqdan sonra mən də belə qənaətə gəldim ki, bu mövzuda bədii əsər yazmaqdansa sanballı bir araşdırma əsərinin ortaya qoyulması istər Azərbaycan tarixində, istərsə də dünya xəzərşünaslığında yeni bir səhifənin, yeni bir cığırın açılmasına səbəb ola bilər. Mən ona bu mövzuda əlimdən gələn hər cür dəstəyi göstərəciyimi bildirdim və çox şadam ki, Elxan müəllim elmi baxımdan çox kiçik bir zaman kəsiyində belə sanballı bir araşdırma əsərini ərsəyə gətirdi.
Elxan Zalın “Xəzər məkanı” əsərini dünya çapında yazılan və nəşr edilən əksər əsərlərdən fərqləndirən əsas cəhəti odur ki, o öz araşdırmalarında V. de Sen Marten, B. Nibur, K. Neman, N. Veselovski, K. Patkanov, A. Krımski kimi ünlü elm adamlarının xəzərlərlə bağlı düşüncələrinə və araşdırmalarına dayanaraq xəzərlərin tarix səhnəsinə çıxışını və Azərbaycanla bağlılığını b.e-nın ilk əsrlərində deyil, Herodot zamanlarında və daha öncəki dövrlərdə arayır. Yuxarıda adlarını sadaladığım alimlərin, xüsusən Azərbaycanla bağlı bir çox elmi əsərlərin müəllifi, böyük Ukrayna şərqişünası Aqafangel Krımskinin xəzər mövzusuna baxışının əsas özəlliyi odur ki, onlar Herodotun “Tarix” kitabında adları keçən İskit tayfaları katiarları (kaziarları) və barsilləri (basilləri) xəzərlərin və barsillərin əcdadları hesab edirlər. A. Krımski “Xəzərlərin tarixi” monoqrafiyasında Herodotun təsvir etdiyi katiarların və basillərin Xəzər İmperiyasını yaradan xəzər və barsillərin əcdadları olmaqla yanaşı, dövrün elmi trendinin əksinə olaraq, onların iran əsilli deyil, türk əsilli oiduqlarını göstərmişdir. Təəssüflər olsun ki, bu böyük alim 1941-ci ildə Stalin rejimi tərəfindən qətlə yetirildi və onun xəzərlərlə bağlı əsərinin uzun zaman elmi ədəbiyyatda (D. Danlop, O. Pritsak) adı çəkilsə də özünü tapmaq mümkün deyildi. Yalnız 2008-ci ildə A. Krımskinin əsəri “Xazarı” dərgisində ukrayna dilində nəşr edildi və beləliklə müasir tədqiqatçılar üçün çox dəyərli bir elmi mənbəyə çevrildi. Zənnimcə, Elxan Zalın “Xəzər məkanı” əsərini A. Krımskinin “Xəzər tarixi”nin bir növ davamı da hesab etmək olar.
Türk tarixinə bir çox fərqli aspektlərdən – tarix, coğrafiya, mədəniyyət, poeziya və linqvistik aspektlərdən özünəməxsus original yanaşmaları ilə tanınan Elxan Zal bu əsərində də bir sıra cəsarətli elmi mülahizələri və dərin məntiqi təhlilləri ilə diqqəti cəlb edir. Elxan Zal xəzərlərlə bağlı öz mülahizələrini bəzi tarixçilər kimi fərziyyələr əsasında təqdim etmir. O Homer, Ktesiy, Herodot, Strabon, Ptolomey, Plutarx, Diodor, Pliniy, Dionisiy kimi qədim dünya salnaməçilərinin yazılarında qədim xəzərlərlə bağlılığı ehtimal edilən bütün ilkin mənbələri araşdırır, ayrı-ayrı mənbələrdə göstərilən faktları qarşılaşdırmaqla müqayisələr aparır və özü ilə bərabər oxucunu da məntiqi qənaətə gəlməyə sövq edir. İskit tayfalarına aid olunan Xəzərlərlə bərabər hunların, sakların, sabirlərin-savromat-sarmatların da tarixi dislokasiyaları, Qara Dəniz və Xəzər dənizi hövzəsində, Şərqi Avropa – Mərkəzi Asiya arealında tarixi yerdəyişmələri geniş və hərtərəfli təhlilə cəlb olunur.
Əsərdəki maraqlı epizodlardan biri də Ktesiy və Herodotun Midiya ilə bağlı nəql etdikləri bir-biri ilə uzlaşmayan tarixi hadisələrin müqayisəsidir. Müəllif sadəcə mətnləri müqayisə etmir, mətnlərdə istifadə olunmuş müxtəlif terminlərin, etnonimlərin, toponimlərin, hidronimlərin linqvistik – fonetik müqayisəsini aparır, fiziki-coğrafi koordinatları dəqiqləşdirir, həmin tarixi dövrlər üçün xarakterik olan siyasi təsisatların iyerarxiyasını araşdırır, oxşar və fərqli, bəzən də eynilik təşkil edən elementləri ayırd edir. İskitlərlə göytürklərin və xəzərlərin qarşılaşdırılması nəticəsində digər qövmlərlə bərabər xəzərlərin də Azərbaycan etnogenezinin formalaşmasında mühüm rol oynadığını ortaya qoyur və Azərbaycan toponiminin “Atropatkan”, “Atropatetena” kimi təhrif olunmuş adlardan deyil, qədim Avesta dilindəki “Xazarvayja” (Xəzər məkanı) terminindən yaranması mülahizəsini irəli sürür.
V. Radlov, M. Artamonov, İ. Dyakonov, Belyavskiy, L.Qumilyov və s. kimi görkəmli yeni dövr tədqiqatçılarının qədim xəzərlər haqında gəldikləri nəticələri saf-çürük edən müəllif yanaşmalardakı ziddiyətləri aşkar edir və konkret tarixi hadisələrin şərhi ilə bağlı öz mülahizələrini irəli sürür.
Xəzərlərin tarixinə təkcə Xəzər İmperiyasınının dövrünə istinadən yox, daha dərindən etno-genetik müstəvidə baxan müəllif özündən sonra zəngin irs saxlamış etrusk, iskit, türk, monqol tayfalarının tarixinə müraciət edir. Çünki xəzərlərin bilavasitə bu mədəniyyətlərlə qarşılıqlı əlaqələrdə olması onda heç bir şübhə doğurmur. Köçəri sivilizasiyaların yaşam tərzi, təşkilatlanma prosesləri, ilkin dövlətçilik elementlərini ayırd etmək, idarəçilik iyerarxiyalarının oxşar və fərqli cəhətlərini üzə çıxarmaqla Elxan Zal bir-birinin davamı olan qədim köçəri sivilizasiyaların rəngarəng mozaikasında xəzərlərin yerini və rolunu dəqiqləşdirməyə çalışır.
Qədim tayfaların 3 pilləli idarəçilik sisteminin daha sonra 4 pilləli dövlət idarəçiliyi sisteminə təkamülünü və bu proseslərdə müxtəlif soylu tayfaların qarşılıqlı təsir mexanizmlərini araşdırır. Müəllif qədim türklərin 12 tayfa ittifaqından ibarət idarəçilik sistemini təhlil edir və etrusklarda, iskitlərdə, göytürklərdə və xəzərlərdə də cəmiyyətin eyni prinsiplər əsasında strukturlaşmasını və eyni prinsiplər əsasında təşəkkül tapmış tayfa ittifaqlarına malik olduğunu diqqət mərkəzinə gətirir.
Müəllif belə hesab edir ki, bu qarşılıqlı təsir təkcə idarəetmə quruluşlarındakı oxşarlıqla məhdudlaşmır, eyni zamanda tayfaların dini inanclara meyllərində də öz əksini tapir. Tarixdən bizə məlumdur ki, xəzərlər dini inanclarının müxtəlifliyi ilə seçilirdilər. Xristianlıq, islam, iudaizm, şamançılıq və tanrıçılıq xəzərlərin və onların qurduqları dövlətdə məskunlaşan digər xalqların sitayiş etdikləri müxtəlif dinlər olub. Xəzərlərin uzun müddət Ərəb xilafəti ilə gərgin münasibətlərdə olması isə bu mövzuda yazan bir çox müəlliflər tərəfindən IX əsrə doğru onların daha çox iudaizmə meyllənməsinin səbəbi kimi göstərilir. Bizim eradan əvvəl Midiyada uzun zaman kəsiyində hakimiyyət qurmuş Xəzərlərlə, həmin ərazidə yaşayan qədim yəhudilərin qarşılıqlı əlaqələrini təhlil edən müəllif, türksoylu xəzər tayfasının elitasının “yəhudiləşməsini” qədim türklərin imperiya dini olan tanrıçılıqla qədim yahudi tayfaları və onların həzrəti Musadan gələn dini inanclarının arasında dərin keçmişə dirənən bağların olması ilə izah edir. Bildiyimiz kimi, yahudilər xristianlıqda və İslamda olduğu kimi öz dinlərini başqa xalqlar arasında yaymırlar, iudaizmin ehkamlarına görə yalnız etnik yahudilər bu dinə sitayiş edə bilər. Bu baxımdan tarixdə yalnız bircə presendent var ki, türksoylu xəzərlər yahudi dinini qəbul ediblər və bu prosesdə yahudi din xadimləri-xaxam və ravvinlər də fəal iştirakçı olublar. Bununla bağlı Orta əsrlərdən bəri onlarla, bəlkə də yüzlərlə tədqiqat əsərləri yazılıb, amma hələ də iudaizmin xəzərlər arasında yayılması ilə bağlı yekdil fikir yoxdur. Əlbəttə, Xəzər dövləti tarixinin dünya alimlərində belə böyük maraq doğurmasının səbəbləri çoxdur. Zənnimcə, əsas səbəblərdən biri də onların şanlı keçmişi ilə yanaşı, həm də bu dövlətin elitasının bir əsrə yaxın müddət ərzində yəhudi dininə etiqad etməsi olub. Müasir İsrail tarixçiləri arasında da bu fikri dəstəkləyənlər var. Özündən əvvəl bir çox ünlü elm adamlarının bu mövzu ilə bağlı düşüncələrindən sitatlar gətirən Elxan Zal, özü də bu istiqamətdə ortaya yeni mülahizələr qoyur və bu mülahizələri tarixi sənədlərlə əsaslandırmağa çalışır.
Əsərdə diqqət çəkən maraqlı məqamlardan biri də ondan ibarətdir ki, çox tədqiqatçılardan fərqli olaraq Elxan Zal öz axtarışlarında tarixin daha dərin qatlarına enə bilir və qədim xəzərlərin identikliyini müəyyən etməyə çalışarkən hətta Avesta və Bibliya mətnlərinə də müraciət etməkdən çəkinmir. Qədim sivilizasiyalar tarixinin bu günkü elmə məlum olan çoxsaylı mənbələrindən əldə olunmuş məlumatları bir araya gətirməklə müqayisələr aparır və xəzərlərin mənşəyi və sonrakı diferensiasiya və inteqrasiya prosesləri haqqında özünün yeni elmi mülahizələrini irəli sürür. Beləliklə, müəllif çox ölçülü analitik təhlilin və tarixi dərkin komparativ məntiqi ilə xəzərlərin tarix səhnəsindəki yeri və rolu ilə bağlı tarix elmi üçün yeni hesab oluna biləcək nəticələrə nail olur.
Əsərdə yaşadığımız coğrafiyanın və etnogenezimizin formalaşması tarixi ilə bağlı maraq doğuran təhlillər çoxdur və bütün bunlar kifayət qədər cəlbedicidir. Burada təqdim edilən Xəzər-Səlcuq, Xəzər-Macar əlaqələri ilə bağlı fəsillər də böyük maraq doğurur. Onların hamısını qısa həcmli bir yazıda şərh etmək mümkün deyil və belə bir məqsədim də yoxdur. Sadəcə oxuculara bildirmək istəyirəm ki, bütün yüksək elmi məziyyətlərinə baxmayaraq kitab təkcə elmi tədqiqatçılar tərəfindən yox, daha geniş oxucu kütləsi tərəfindən rahatlıqla “birnəfəsə” oxuna biləcək bir dildə yazılıb. Əsərin ilkin nəşrinin rusca yazılmasının əsas səbəblərindən biri isə onun digər dillərə tərcüməsi zamanı lazımsız çətinlinliklərlə qarşılaşmamaq zərurətindən irəli gəlib. Əminəm ki, hər bir oxucu bu kitabı mütaliə etməkdən böyük zövq alacaq və müəllifin fədakar əməyini yüksək qiymətləndirəcək.
Cavanşir Feyziyev
Millət vəkili, Fəlsəfə doktoru