“Dünyada cərəyan edən mürəkkəb siyasi proseslər göstərir ki, Cənubi Qafqazda gərginliyi artırmaq istəyən qüvvələr və müharibə tərəfdarları hələ də mövcuddur. Dünən Laçında keçirilən üçtərəfli Zirvə görüşü isə bu qüvvələrə ünvanlanmış mühüm bir mesaj oldu”.
Bu fikirləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin Laçında baş tutan görüşü, habelə Laçın Beynəlxalq Hava Limanının açılışında birgə iştirakı region üçün ciddi rəmzi və siyasi əhəmiyyət daşıyır: “44 günlük Vətən müharibəsi zamanı bizə həm siyasi, həm də mənəvi dəstək verən ilk ölkələr məhz Türkiyə və Pakistan olmuşdu. Bu iki qardaş ölkənin Azərbaycanın yanında dayanması Ermənistanı dəstəkləyən xarici qüvvələrin neytrallaşdırılmasında mühüm rol oynadı. Bu baxımdan, hər iki liderin azad olunmuş ərazilərə səfəri və aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə tanış olması olduqca vacib idi”.
Deputat vurğulayıb ki, hazırki qlobal siyasi kontekstdə Ermənistan daxilində revanşist meyllərin hələ də qalması və bəzi dairələrin müharibə ritorikasından əl çəkməməsi narahatlıq doğurur: “Üç lider bu görüşlə bir daha göstərdi ki, əgər kimlərsə revanş haqqında düşünürsə, müharibə çağırışları edirsə və silahlanmanı davam etdirirsə, qarşılarında Azərbaycan-Türkiyə-Pakistan birliyini görəcək.”
N.Məhəməliyev əlavə edib ki, beynəlxalq münasibətlər sistemində yeni bir nizam formalaşır və bu prosesdə qardaş ölkələrin birgə mövqeyi region üçün strateji əhəmiyyət kəsb edir: “Üç ölkə də qalibdir: Azərbaycan 30 illik işğala son qoydu, Türkiyə Suriyada terrora qarşı uğurlu əməliyyat keçirdi, Pakistan isə Hindistanla münaqişə zamanı öz gücünü nümayiş etdirdi. Bu birlik dünyaya bir mesajdır – biz birik və heç bir xarici qüvvə bu birliyi poza bilməz”.
Deputatın sözlərinə görə, Zirvə görüşü təkcə siyasi yox, iqtisadi və təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir: “Bu görüş gələcəkdə böyük regional layihələrin reallaşmasına zəmin yaradır. Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizləri – Pakistandan başlayaraq Azərbaycan üzərindən Türkiyəyə, oradan isə Avropaya uzanan marşrutlar – iqtisadi əməkdaşlığı genişləndirəcək”.
N.Məhəməliyev həmçinin Laçın Beynəlxalq Hava Limanının açılışının əhəmiyyətinə də toxunub: “Beynəlxalq hava limanlarının çoxluğu bir ölkənin iqtisadi gücünün göstəricisidir. Ermənistanla sərhəddə, Şərqi Zəngəzur kimi mühüm bir bölgədə belə bir infrastrukturun istifadəyə verilməsi çox böyük perspektivlər vəd edir. Bu, ilk növbədə bölgənin turizm və iqtisadi potensialını artıracaq. Hava limanı həm də əhalinin doğma torpaqlara qayıdışını sürətləndirəcək, yeni iş yerlərinin yaradılmasına və regionun dirçəlişinə təkan verəcək”.