“Fürsət var ikən birləşmək lazımdır”
Tanınmış güney azərbaycanlı ozan Araz Elsəs “Report”un suallarını cavablandırıb. Sənətçi ilə müsahibəni təqdim edirik:
– Araz bəy, hazırda harada yaşayırsınız, nə işlə məşğul olursunuz?
– Hazırda İsveçdə yaşayıram, yaradıcılıqla məşğulam, eyni zamanda sahibkar kimi fəaliyyət göstərirəm.
– Güney Azərbaycanda baş verən prosesləri izləyirsiniz?
– Güney Azərbaycanda baş verən hadisələri yaxından izləyirəm. Təkcə Güney Azərbaycanda yox, İranın bir çox yerində böyük hadisələr baş verir. İran İslam Respublikasının çökməsi artıq sona yaxınlaşmaqdadır və bu, uzun zaman almayacaq. Yaşanan bütün proseslər də bu fikri təsdiqləyir. Bir hakimiyyət ki öz vətəndaşına, ölkəsində yaşayan insanlara qarşı silah çəkir, onların haqlı tələblərinə qarşı güllə ilə cavab verirsə, həmin rejim məhv olmağa məhkumdur.
– Azərbaycana gəlmək fikriniz var?
– Azərbaycana indi gəlməyi xüsusilə çox istəyirəm. Orada soydaşlarımızla görüşmək, Güney Azərbaycan məsələsi barədə danışmaq və Azərbaycanın bütövlüyü ilə əlaqədar görüşlər keçirmək, konsertlər vermək çox vacib məsələdir. Düşünürəm ki, bu addım Güney Azərbaycandakı hərəkatımıza da dəstək olar. Bu gün Azərbaycan mətbuatının, televiziyalarının, eyni zamanda soydaşlarımızın sosial mediada verdikləri dəstək çox sevindiricidir. Güney Azərbaycan türkü olaraq bu hal məni çox sevindirir. Haqq işimizə dəstək verən hər kəsə öz adımdan təşəkkür edirəm. Güneyin Quzeyə, Quzeyin də Güneyə hər zaman ehtiyacı var. Lakin bu gün Güneyin Quzeyə olan ehtiyacı çox böyükdür. 44 günlük Vətən müharibəsində bütün çətinliklərə baxmayaraq, insanlarımız küçələrə axışdı və haqq savaşımıza dəstək verdilər. Bu baxımdan, hazırda Azərbaycanımızın Güneyə olan dəstəyi bizi xüsusilə sevindirir. Həmin dəstək bizim haqq mübarizəmizə dayaqdır.
– Siz daha öncə bir klipinizdə Xudafərin körpüsünün imitasiyası qarşısında mahnı ifa etmişdiniz və nəhayət ki bu gün Xudafərin azaddır. İndi burada canlı şəkildə mahnı oxumaq istərdinizmi?
– Mənim ən çox görmək istədiyim yer Xudafərin körpüsüdür. Ən böyük arzum isə Xudafərin körpüsünü keçmək və Azərbaycanımızın bütövlüyünü görməkdir. Bu gün isə buna dünənkindən daha çox inanıram. Azərbaycanın bütövlüyü bir gerçəkdir və bilirəm ki, bu həqiqət ən qısa zamanda gerçəkləşəcək. Xudafərin körpüsündə konsert vermək və millətimin birliyini, bütövlüyünü hayqırmaq istərdim. Azərbaycandan bu cür təklif olarsa, sevinə-sevinə gələrəm.
– Sizcə, Güney Azərbaycandakı proseslərə kim liderlik edə bilər?
– Sizcə, proseslər nə ilə nəticələnə bilər?
– Doğrudur, yüzillərdir ki, yaşadığımız coğrafiyada böyük hərəkatlar başlayıb. Səttarxan hərəkatından sonra bizim muxtar respublikamız oldu, amma təəssüf ki, sadəcə bir il yaşadı. Bu yolda on minlərlə insanımız şəhid oldu. Ancaq məqsəd və hərəkatlar davam etdi. Lakin keçmiş 100 ilə nəzər salsaq, milli hərəkat heç bu qədər güclü olmayıb. Hərəkatın potensialı düzgün istifadə edilərsə, millətimiz öz istiqlaliyyətinə qovuşacaq və quzeyimizlə birləşib bütöv Azərbaycan olacaq. Bu gün gedən proseslər bəlkə də güneyli-quzeyli millətimizə verilən ən böyük fürsətdir. Bu fürsəti əl-ələ, çiyin-çiyinə dəyərləndirib xalqımızı aydınlığa çıxara bilərik.
– Bəs bu gün yaşananlar öncəkilərdən nə ilə fərqlənir?
– Bu proseslərdə güneyli-quzeyli ayıq olmalıyıq. Azərbaycan millət və dövlət olaraq güneyli qardaşlarının yanında olmalıdır. Həmçinin, bizim qardaş ölkəmiz Türkiyə də Güney Azərbaycana öz dəstəyini verməlidir. Güney Azərbaycandakı hadisələr müsbət sonluqda nəticələndikdən sonra Ermənistanla olan problemlər də öz həllini tapacaq. Ermənistan bizimlə razılaşmağa məcbur olacaq. İnanıram ki, Güney Azərbaycanda öz milli hakimiyyətimiz olduqdan sonra Türkiyənin PKK terror təşkilatı kimi problemi də qalmayacaq. Yəni, Güney Azərbaycan məsələsi ən az bizim qədər Türkiyə üçün də önəmlidir. Güneyin istiqlaliyyətə qovuşması bütün türk dünyasını körpü kimi bir-birinə bağlayacaq. Ona görə əl-ələ verib bu körpünü tez bir zamanda yaratmalıyıq.
– Bu proseslər fonunda xaricdə yaşayan azərbaycanlılar hansısa yeni bir təşkilat yarada bilərlər?
– Xaricdə yaşayan azərbaycanlılar da təşkilatlanaraq bu işlərə öz töhfələrini verməyə çalışırlar. Fikrimcə, Güney Azərbaycanda millətimiz güclü şəkildə dayandıqdan sonra xaricdəki soydaşlarımız daha da möhkəm birləşərək böyük işlərə imza atacaqlar. Mən buna inanıram.
– Bəzi fikirlər səsləndirilir ki, artıq Güney Azərbaycan Cümhuriyyəti elan olunsun. Siz bu təklifi dəstəkləyirsiniz?
– Bəli, “Güney Azərbaycan Cümhuriyyəti yaradılsın” kimi fikirlər səsləndirilir. Mən millətimin Şimali Koreya, Cənubi Koreya kimi ayrı-ayrı dövlətlərdə yaşamasını istəmirəm. Fürsət var ikən birləşmək lazımdır.