image-rt-reklam
image-b67db570-cfbb-451d-85ba-e490eddb1240backend

“AZƏRBAYCAN QARABAĞDA İSTƏDİYİNİ ALMALIDIR” – “İrana qarşı müharibə olmayacaq…”

image-728x90

Türkiyənin “Çağ” Universitetinin professoru Xaləddin İbrahimli regionda baş verən hadisələrlə bağlı  sualları cavablandırıb. O, İran ətrafında gərginləşən vəziyyətin, habelə Qarabağda intensivləşən toqquşmaların müharibəyə gətirib çıxarıb-çıxarmayacağı barədə sualları cavablandırıb.

X.İbrahimli ilə müsahibəni tədqim edirik:

– Professor, İran ətrafında vəziyyət mürəkkəbləşir. MAQATE bu yaxınlarda İranın nüvə silahı əldə edəcək qədər uranı zənginləşdirdiyini açıqladı. Ardınca ABŞ Müdafiə naziri Lloyd Ostin Yaxın Şərq ölkələrinə, o cümlədən İsrailə getdi. Ostin bəyan etdi ki, Birləşmiş Ştatlar İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. Bu bəyanatı daha sərt formada İsrail rəsmiləri də səsləndiriblər. Yeri gəlmişkən, iki gün əvvəl İsralin kəşfiyyat naziri Bakıda oldu, Prezidentlə görüşdü. Nə gözləyirsiz, İrana qarşı müharibə olacaqmı?

– İran ətrafında gərginlik hər zaman olub. Məsələn, 2004-cü ildə bundan da ciddi gərginlik var idi. Bu gərginlik ABŞ-ın və Qərbin İrana hansısa silahla müdaxilə edəcəyi anlamına gəlməz. Sadəcə sanksiyalar tətbiq edərək İranı nüvə proqramından çəkindirmək istəyirlər. Əgər İran gerçəkdən nüvə proqramını gerçəkləşdirərsə, bu zaman həmin nüvə obyektlərinə zərbə endiriləcək. Heç kim istəmir ki, teokratik, qorxulu ideologiyaya sahib, mürtəce bir rejimin əlində nüvə silahı olsun. Çünki ertəsi gün bu silahın kimə qarşı yönələcəyi məlum deyil.

– Qərb İrandakı teokratik rejimin dəyişdirilməsini, demokratik sistemin qurulmasını istəyirmi?

– Təəssüf ki, Qərbə İrandakı azərbaycanlılardan ibarət böyük bir toplumun haqlarının tanınmamasını təmin edən mürtəce bir rejim sərf edir. Qərb İranın demokratikləşməsini qətiyyən istəmir. Bəyanatlarda da açık deyilir ki, Qərb İranın nüvə silahına sahib olmasına imkan verməyəcək, deyilmir ki, milli haqların pozulmasına, demokratiyanın əngəllənməsinə imkan verilməyəcək.

– Bəs Qərb İrandakı hakimiyyətin dəyişməsinə nə zaman razı olar?

– Əgər Qərb İran rejiminin artıq özünü idarə edə bilmədiyini görsə, o zaman rejimi başqa bir formada dəyişəcək. Necə ki, daha öncə İranda şah hakimiyyətinin tənəzzülə uğradığını gördü və bunu başqa bir monarxiya tipli və daha mürtəce quruluşla əvəz elədi. Qərb hazırda İranın bütövlüyünü, vahidliyini, 40 milyonluq Azərbaycan toplumuna heç bir haqq tanımayan bir rejimin mövcud olmasını, ancaq onun nüvə silahına sahib olmamasını istəyir.

– Bəs İsrail?

– Azərbaycan və Türkmənistan İsrail üçün İrana təzyiq baxımından maraqlı dövlətlərdir. Ona görə də İsrail həm Azərbaycan, həm də Türkmənistanla əlaqələrinin yüksək səviyyədə olmasını istəyir. Azərbaycanın ərazi bütövlüyünə dəstək verir, silah sənayesinin inkişaf etdirilməsinə kömək edir və s. İranın nüvə proqramına sahib olmasını istəməyən İsrail, İranın təhlükəsizliyinin təmin olunması yönündə çox ciddi geopolitik faktor olan Azərbaycan və Türkmənistanın yanında olmaq istəyir.

– Qarabağ ətrafında hazırda gedən proseslərdən nə gözləyirsiz? Bu günlərdə ABŞ kəşfiyyatı Azərbaycan və Ermənistan arasında 3-cü mahrbənin ola biləcəyi barədə xəbərdarlıq edib. Müharibə mümkündürmü?

– Qarabağ ətrafında gedən proseslər yaxın zamanlarda Ermənistanla Azərbaycan arasında ciddi bir savaşın olacağını deməyə əsas vermir. Yaxın vaxtlarda belə bir müharibə olmayacaq. Çünki Ermənistan İkinci Qarabağ savaşında çox ciddi zərbə aldı və bu müharibədən elə də uzun bir vaxt keçməyib. Dogrudur, İran Ermənistanı sürətlə silahlandıraraq müharibəyə həvəsləndirir. Ancaq Ermənistan kimi zəif və kiçik bir dövlətin qısa zaman ərzində hərbi cəhətdən toparlanması və təkrar müharibəyə başlaması asan məsələ deyil. Bunun üçün ən azı 10-15 vaxt lazımdır. Ermənistan Azərbaycanla müharibəyə başladıgı təqdirdə təkrar məğlub olacağını əlavə və daha ciddi problemlərlə üzləşəcəyini bilir. Ona görə də müharibənin olacağını düşünmürəm.

– Amma bölgədə silahlı toqquşmalar yenidən başlayıb…

– Bunlar lokal xarakterli toqquşmalardır, səbəbi aydındır. Ermənistan indiki şəraitdə, yəni Rusiyanın proseslərə müdaxiləsinin zəiflədiyi, Qərbin proseslərə tam müdaxilə imkanı əldə edə bilmədiyi, İranın isə çox zəif olduğu bir vaxtda sülh prosesini bu cür əməllərlə gecikdirməyə və uzatmağa çalışır. Çünki Ermənistan görür ki, indiki şəraitdə onu dəstəkləyən dövlətlərin demək olar ki, hamısı ciddi problemlərlə qarşı-qarşıyadır və hazırda onun üçün münasib bir şərait yoxdur. Ermənistan bunu çox gözəl bilir. Ona görə də hər vəchlə prosesi uzatmağa çalışır. Əksini fikirləşək: əgər Ermənistan üçün münasib bir şəraiti yoxdursa, məntiqlə, Azərbaycan üçün münasib şərait mövcuddur. Deməli, Azərbaycan təzyiqlərini artırmalı və istədiyini almalıdır.

– Azərbaycan Laçın yolunun girişində sərhəd nəzarətini təmin edə biləcəkmi? Bu günlərdə XİN və Müdafiə Nazirliyi bu məsələnin zəruriliyini vuruğulayıblar. Nə etmək lazımdır?

– Gerçəkləşməyini istədiyimiz məsələlərdən biri də, Azərbaycanın Laçın yolunda gömrük-sərhəd nəzarət məntəqəsinin qurulmasıdır. Bu, çox önəmli bir məsələdir. Ondan sonra ruslar da Xankəndində çox otura bilməyəcəklər. Düşünürəm ki, Azərbaycan Laçınla sərhəddə nəzərəti tam ələ almalı və Zəngəzur dəhlizinin açılması məsələsini daha çox gündəmə gətirməlidir.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90