Suriya Mərkəzi Bankı beynəlxalq pulköçürmələrini həyata keçirməyə imkan verəcək “SWIFT” sisteminə qoşulmaq üçün icazə almağın son mərhələsindədir.
Ulusal.az xəbər verir ki, bunu Suriya Mərkəzi Bankının sədri Əbdülqadir əl-Husriyyə “əl-Arabiyyə Business” kanalına Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantıları çərçivəsində verdiyi müsahibədə deyib.
“Biz xidmətin təminatçısı ilə müqavilə imzalamışıq, lisenziya üçün müraciətimizi təqdim etmişik və sistemin qarşıdakı həftələrdə işə düşəcəyini gözləyirik”, – deyə o əlavə edib.
Yeni Suriya valyutasına dair suala cavab verən əl-Husriyyə qeyd edib ki, Mərkəzi Bank gələn ilin əvvəlində yeni milli valyutanın dövriyyəyə buraxılmasını planlaşdırır. O əlavə edib ki, artıq pul çapı üçün təkliflər toplanılır və ən uyğun şərtləri əldə etmək məqsədilə çap şirkətləri ilə görüşlər keçirilir. “Yeni valyutanın buraxılışını səbirsizliklə gözləyirik və onun vaxtında hazır olması üçün prosedurları sürətləndiririk”- deyə Husriyyə vurğulayıb.