image-rt-reklam
image-1backend

Azərbaycan-Qazaxıstan iqtisadi münasibətləri bütövlükdə türk dünyasının güclənməsinə xidmət edir

image-728x90

Son illər Azərbaycan və Qazaxıstan arasında iqtisadi münasibətlər daha sürətlə inkişaf edir. Ticarət, enerji və nəqliyyat sahələrində qurulan geniş əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin yeni mərhələyə çatdığını göstərir.

Təkcə bu ilin birinci yarısında Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə dörd dəfədən çox artaraq 501 milyon dolları keçib. Keçən il isə bu göstərici 50 faiz artımla 470 milyon dollara yüksəlmişdi. Bu yüksəliş həm ikitərəfli əlaqələrin dinamikasını göstərir, həm də bütövlükdə Avrasiya regionunda iqtisadi inteqrasiyanın güclənməsinə əlavə təkan verir.

Prezident İlham Əliyev oktyabrın 18-də Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi  müsahibəsində iki ölkə arasında nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin “yaşıl enerji” sahəsində birgə işin perspektivlərindən, Türk Dövlətləri Təşkilatı  çərçivəsində təşəbbüslərdən söz açaraq deyib: “Bu günə qədər ölkədə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Bu, investisiya mühitinə yüksək etimadı təsdiq edir və  qarşılıqlı iqtisadi fəaliyyətin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla 547 milyon dollara çatıb. Bu artım Orta dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır”.

Oktyabrın 20-də Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astanaya rəsmi dövlət səfərinə gəlib. Astanadakı görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta dəhlizin inkişafı” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub. Təqdimat mərasimində qeyd edilib ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Vurğulanıb ki, Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır.

Daha sonra hər iki dövlət başçısının iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi olub, prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir.  Son illər Prezident Kasım-Jomart Tokayevin həyata keçirdiyi islahatlar, modernləşmə kursu, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı Qazaxıstanın inkişaf və modernləşmə yolu ilə inamla irəlilədiyini nümayiş etdirir. Dövlətimizin başçısı Qazaxıstanın beynəlxalq nüfuzu da möhkəmləndiyini xüsusi vurğulayıb.

Bu gün  iki ölkə arasında təkcə enerji və nəqliyyat deyil, logistika, kənd təsərrüfatı və sənaye sahələrində də əməkdaşlıq önəmli yer tutur. Xəzər dənizi üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri, xüsusən Orta dəhliz layihəsi çərçivəsində birgə fəaliyyət Azərbaycanın və Qazaxıstanın həm  regional, həm də qlobal ticarət sistemindəki rollarını gücləndirir. Azərbaycan və Qazaxıstan arasında birgə iqtisadi komissiyaların fəaliyyəti, sərmayə qoyuluşu, həmçinin  iş adamları arasında əlaqələrin genişləndirilməsi də iqtisadi münasibətlərin davamlı inkişafına xidmət edir. Bunlardan əlavə, nəqliyyat-kommunikasiya xətlərinin genişləndirilməsi, xüsusən 44 günlük Vətən müharibəsindən sonrakı dövrün reallığı olan Zəngəzur dəhlizinin (TRIPP) gündəmə gəlməsi Qazaxıstan üçün strateji baxımdan yeni imkanlar açır. Bu dəhliz regionun birləşdirilməsi və Avrasiya məkanında ticarət, logistika sahəsində canlanma yaratmaq baxımından strateji əhəmiyyətə malikdir. Çox vacib haldır ki, Azərbaycan və Qazaxıstan bu məsələdə ortaq maraqlara malikdir və məqsədləri üst-üstə düşür.

Prezident İlham Əliyev ətbuata bəyanatında bildirilib ki, Bakı və Astananın fəal qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı diqqətə çatdırıb: “Bu gün ölkələrimiz arasında aktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və tez-tez vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçün daimi diqqət və təbii ki, dövlət başçılarının iştirakını tələb edir”.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatında söyləyib ki, Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir. “Sevindirici haldır ki, ikitərəfli əməkdaşlığın inkişafı üzrə hərtərəfli proqram (Qazaxıstan və Azərbaycan – red.) qrafik üzrə həyata keçirilir. Danışıqlar zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildi və biz yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsini iki dəfə artırmaq və onu 1 milyard dollara çatdırmaq üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəldik”, – deyə Qazaxıstan Lideri vurğulayıb.

Azərbaycan və Qazaxıstan arasında mövcud olan iqtisadi əməkdaşlıq  bütövlükdə regionun inkişafı və sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır. Energetika sahəsində, xüsusilə neft və qaz layihələri ətrafında əməkdaşlığın güclənməsi, həmçinin nəqliyyat, logistika və kənd təsərrüfatı sahələrində inkişaf edən əlaqələr ikitərəfli münasibətlərin möhkəmlənməsinə və TDT çərçivəsində inteqrasiyanın dərinləşməsinə xidmət edir. Gələcəkdə birgə layihələrin və investisiya təşəbbüslərinin daha da genişlənməsi bu strateji tərəfdaşlığın potensialını tam reallaşdırmağa imkan verəcək.

Tufan Məmmədov – iqtisadçı ekspert

 

 

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90