image-rt-reklam
image-1backend

Qətl təşkilatçısı generalın çətin tapşırıqları – Trotski, Çin generalı, səfir Papen….

image-728x90

Stalin üçün Meksikada Trotskinin öldürülməsi əməliyyatını hazırlayaraq həyata keçirən şəxs sonradan ağır şəkildə cəzalandırılıb. Onun həyata keçirdiyi əməliyyatlar xüsusi peşəkarlıqla hazırlansa da, işlədiyi rejim onu istifadə edərək türməyə atıb. Söhbət Naum Eytinqondan gedir.

O, 1899-cu ildə Belarusda yəhudi ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Mogilyovdakı ticarət kollecində oxuyub, sement zavodunda işləməyə başlayıb. Üç ildən sonra o, əksinqilabi və təxribatla mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyasına daxil olub. Bu qurumda işləyərkən onun başına müxtəlif ölkələrdə çoxlu macəralar gəlib. Eytinqin bir çox siyasi sui-qəsdlərdə iştirak edib.

nau-2.jpeg (78 KB)

Belarus Almaniyanın işğalı altında olanda gələcək kəşfiyyatçı çətin anlar yaşayıb. O zavodlardan tutmuş anbarlara qədər ağır fiziki əməklə məşğul olub. Daha sonra qırmızı ordu şəhəri azad edəndə Naum bolşeviklərin arxasınca getməyə qərar verib.

Ağqvardiyaçılara qarşı döyüşlərdə o, amansız döyüşçü kimi şöhrət qazanıb. Nəticədə Naum diqqət mərkəzində olub və Qomelin dairə komissarı təyin edilib. 19 yaşında o, artıq Qomel Fövqəladə Komissiyasının rəis müavini seçilib.

Hərbi təhsil almaq qərarına gələn Eytinqon Moskvaya gedib və orada hərbi akademiyaya daxil olub. Məktəbi bitirdikdən sonra xaricdə kəşfiyyat fəaliyyəti ilə məşğul olan siyasi idarədə işə qəbul olunub.
İlk vəzifəsi onu Çində gözləyib. Saxta Leonid Naumov adı ilə o, ciddi bir missiya ilə Çinə göndərilib. Naum orada Çin generalı Can Sou Lini öldürməli imiş. Eytinqon çinli generalı daşıyan qatara partlayıcı yerləşdirib. Moskvaya dönən agent çox məxfi missiyalar üçün bir şöbəyə təyin edilib.

nau-1.jpeg (357 KB)

1936-cı ildə kəşfiyyatçı vətəndaş müharibəsi gedən İspaniyaya göndərilib. O, İspaniya rəhbərliyini yaxşı tanıyıb və sovet hökuməti tərəfindən dəstəklənən respublikaçıların təxliyəsinə kömək edib. Onları əvvəlcə Fransaya, sonra isə Meksikaya aparıb.

Üç il İspaniyada qaldıqdan sonra Sovet İttifaqına qayıdan Naumun özü “qara siyahı”ya düşüb. O vaxta qədər Lavrenti Beriya daxili işlər komissarı olub və o, əvvəlki rəhbərliyin adamlarını sıradan çıxarmaq niyyətində olub. Eytinqonun İspaniyadakı yoldaşlarının çoxu həbs və ya edam edilib. Artıq Naum sıranın ona çatdığını yaxşı anlayıb.

Lakin onlar general-mayora yeni, çətin tapşırıq verməyə üstünlük veriblər. Ona uzun illər əvvəl SSRİ-dən mühacirət etmiş Lev Trotskini aradan götürmək göstərişi verilib. Naum Trotskinin etimadını qazanmaq üçün ispan aristokratı Ramon Merkaderi əməkdaşlığa cəlb edib. Merkader Trotskinin katibəsini yoldan çıxarıb, inqilabçının evinə girib-çıxıb, etibar qazanıb. 1940-cı ilin avqustunda Merkader Trotskinin başına buz baltası ilə zərbə endirib və ertəsi gün Stalinin əzəli düşməni ölüb.

nau-4.jpeg (116 KB)

Müharibənin başlaması ilə Naum ilk xüsusi təyinatlı əsgərləri hazırlamağa başlayıb. O, adi əsgərləri arxa cəbhəyə göndərilə bilən əsl qatillərə çevirib. Kəşfiyyatçı, demək olar ki, hər bir əsgərlə fərdi işləyib.
Növbəti əmr Türkiyədə təxribat təşkil etmək olub. Eytinqon Leonid Naumov adlı sovet konsulu kimi İstanbula gəlib. 1942-ci ilin fevralında Almaniyanın səfiri Frans fon Papenin həyatına qəsd edilib. Naumov ona işarə edən dəlillərə baxmayaraq, maneəsiz Moskvaya qayıda bilib.

Müharibədən sonra Naum fəaliyyətini davam etdirib. Lakin 1951-ci ildə Stalin bütün yəhudiləri dövlət qulluğundan uzaqlaşdırıb. Eytinqon həbs olunub, orden və medalları geri alınıb. Lakin Stalinin ölümündən sonra sərbəst buraxılıb. Bütün işlərinə baxmayaraq tezliklə yenidən saxlanılıb. 1964-cü ildə azadlığa çıxıb və nəşriyyatda redaktor işləyib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90