Bakıda gənc iş adamı idman zalında məşq edən zaman qəfildən ölüb. Hadisə paytaxtdakı idman zallarından birində baş verib. 35 yaşlı Toğrul Tapdıqzadə idman zalında məşq etdiyi vaxt qəfildən halı pisləşib. Zalda olanlar ona yardım göstərməyə çalışıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Lakin iş adamının həyatını xilas etmək mümkün olmayıb.
Tapdıqzadə Toğrul Yaşar oğlu 1990-cı ildə anadan olub. Əslən Laçın rayonundandır. Ailəlidir, 4 övladı var. O, iş adamıdır. Toğrul Tapdıqzadənin atası Yaşar Nəcəfov Birinci Qarabağ müharibəsinin veteranıdır. O, 811 saylı hərbi hissənin tərkibində döyüşüb. Laçın və Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib, ağır yaralanıb.
Təəssüf ki, bu ilk faciəvi hadisə deyil. Bəs niyə belə hallar baş verir. İdman zalına gedənlər sağlamlıqla bağlı nələri ciddiyə almalıdırlar? Kimlərə idman zalı əks-göstərişdir?
Zülfüqar Yusifov
Mövzu ilə bağlı danışan Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov qeyd edib ki, ölüm insan həyatının təbii bir hissəsidir və istənilən fəaliyyət növü zamanı, istənilən yaşda baş verə bilər: “Lakin bu hallar müəyyən sahələrdə – xüsusən də gənc və sağlam görünən insanlarda, idman və aktiv həyat tərzi ilə məşğul olan şəxslərdə artmağa başlayanda, artıq cəmiyyətdə narahatlıq yaradır. Çünki bu, adi bir təsadüf deyil, arxasında gizli risk faktorlarının və profilaktik tədbirlərin yetərsizliyinin dayandığını göstərir.
Son dövrlərdə idman zallarında baş verən qəfil ölümlər barədə xəbərlərin artması cəmiyyətdə haqlı narahatlıq doğurur. İnsanlar sual edir: sağlam olmaq üçün idmanla məşğul olan biri necə olur ki, zalda həyatını itirir? Bu sual həm tibbi, həm də sosial baxımdan ciddi araşdırma tələb edir”.
Zülfüqar Yusifov qəfil ölümlərin əsas tibbi səbəblərindən danışıb: “Ən başlıca səbəblərdən biri orqanizmdə gizli qalan və vaxtında aşkarlanmayan xəstəliklərdir. Bu xəstəliklər bəzən irsi (genetik) xarakter daşıya bilər və uzun müddət simptomsuz keçə bilər. Lakin yüksək fiziki yüklənmə, ağır idman proqramları və süni şəkildə artırılan energetik potensial bu gizli problemləri üzə çıxara və qəfil ölümə səbəb ola bilər.
Bəzi hallarda bu ölümlər ürək-damar sistemi ilə bağlı olur. Kardiomiopatiyalar, ürək ritm pozğunluqları, damar daralmaları və ya anadangəlmə qüsurlar yüksək yüklənmə zamanı özünü göstərir. Qan təzyiqinin kəskin artması, ürək ritminin pozulması və ya ani ürək dayanması kimi hallar çox zaman məşq zamanı baş verir”.
Mütəxəssis qeyd edib ki, qəfil ölümlərin qarşısını almağın ən effektiv yolu profilaktik tibbi müayinələrdən keçməkdir: “Müayinələr iki istiqamətdə aparıla bilər:
1.Fərdi erkən müayinələr – vətəndaşın öz təşəbbüsü ilə orqanizmin ümumi vəziyyətini qiymətləndirmək üçün həkimə müraciət etməsi;
2.Səhiyyə sisteminin təşəbbüsü ilə aparılan skrininq proqramları – risk qruplarını müəyyən edib erkən diaqnostika aparmaq məqsədi daşıyır.
Əslində skrininq müayinələri üçün müəyyən yaş intervalları mövcuddur, lakin risk amilləri peşə, həyat tərzi və fiziki aktivlik səviyyəsindən asılı olaraq fərqli ola bilər. Məsələn, ağır idman növləri ilə məşğul olan şəxslər üçün standart yaş hədlərindən daha erkən və daha dərin müayinələrin aparılması məqsədəuyğundur. Bu, həm ürək, həm də digər orqan və sistemlərin fiziki yüklənməyə nə qədər hazır olduğunu qiymətləndirməyə imkan verir”.
“Bəs idmanla məşğul olanların xüsusi diqqət etməli olduğu məqamlar hansılardır?” sualına Zülfüqar Yusifov bu cür cavab verib: “İdman fəaliyyəti insan sağlamlığı üçün çox vacib olsa da, hər orqanizm bu fəaliyyətə eyni dərəcədə uyğun deyil. Xüsusilə ağır atletika, krossfit, bodybuilding kimi növlərdə iştirak edən şəxslər üçün əvvəlcədən tibbi yoxlamadan keçmək və həkim nəzarətində məşq planı hazırlamaq çox vacibdir.
Digər vacib məsələ – idman əlavələri və preparatların istifadəsidir. Anabolik steroidlər, enerji artırıcı preparatlar və bəzi qida əlavələri bədənə süni güc verir, lakin bu güc bəzən orqanizmin təbii potensialını aşır. Nəticədə, ürək-damar sisteminə, qaraciyərə və hormonal tarazlığa ciddi zərbə dəyə bilər. Bu da qəfil ürək dayanması, insult və ya daxili orqan çatışmazlığı ilə nəticələnə bilər”.
Zülfüqar Yusifov bildirir ki, idman zallarında rast gəlinən ən böyük problemlərdən biri də qəfil hal baş verdikdə ilk tibbi yardımın düzgün göstərilməməsidir: “Bir çox ölkələrdə artıq həkimə qədərki ilkin yardım bilikləri hər bir vətəndaşa məktəbdən öyrədilir. Azərbaycanda da bu istiqamətdə kütləvi maarifləndirmə və təlim proqramlarının keçirilməsi vacibdir.
Hər bir idman zalında ilkin tibbi yardım vasitələrinin, xüsusilə defibrilyatorun (ürək ritmini bərpa edən cihaz) olması, həmçinin zal əməkdaşlarının bu cihazdan istifadəni bacarması həyati əhəmiyyət daşıyır. Çünki elmi araşdırmalara görə, ürək dayanmasından sonra ilk 3-5 dəqiqə ərzində göstərilən düzgün yardım insanın həyatını xilas edə bilər.
İdman zamanı bədən bir çox siqnallar verir: qəfil başgicəllənmə, təngnəfəslik, ürəkdöyünmə, təzyiqin yüksəlməsi, qarışıqlıq hissi və ya ani halsızlıq. Bu simptomlar heç vaxt kiçik sayılmamalıdır. Onlar orqanizmin artıq yüklənməyə dözə bilmədiyini göstərir və bu halda məşqi dərhal dayandırmaq, həkimə müraciət etmək lazımdır”.“Yeni Müsavat”