Son günlər Ermənistan rəhbərliyi və bəzi erməni siyasətçilər yenidən təxribatçı ritorikaya qayıdaraq, Azərbaycanla sülh prosesinə mane olmaq istiqamətində addımlar atmağa başlayıblar. Bu dəfə hərbi deyil, siyasi sabotaj vasitələri ön plandadır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Almaniyanın nüfuzlu “Deutsche Welle” nəşrinə verdiyi müsahibə bunu bir daha təsdiqləyir.
Müsahibəsində Mirzoyan Azərbaycan tərəfini guya “Qərbi Zəngəzurdan keçəcək yolun üçüncü ölkələrin hərbi qüvvələri tərəfindən qorunmasını tələb etməkdə” ittiham edib. O, bildirib ki, “Azərbaycan Rusiya qoşunlarının dəmir yolu boyunca yerləşdirilməsini təklif edirdi” və bunun “Ermənistan üçün qəbuledilməz” olduğunu deyib. Nazir həmçinin bəyan edib ki, “heç bir dəhliz söhbəti yoxdur, yalnız beynəlxalq sülh və rifaha xidmət edən Tramp marşrutu”ndan danışmaq olar.
Bu cür fikirlər, əslində, reallığı təhrif etmək, erməni ictimaiyyətini yanlış istiqamətə yönəltmək və beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır.
Mirzoyanın unudulmuş və ya bilərəkdən gözardı etdiyi mühüm məqam ondan ibarətdir ki, Vaşinqtonda imzalanan birgə bəyannamədə “Naxçıvana maneəsiz keçid” ifadəsi öz əksini tapıb. Bu isə, hüquqi və siyasi baxımdan, dəhliz məntiqinə uyğun olan bir razılaşmadır. Yəni söhbət “dəhliz” sözünün işlədilib-işlədilməməsindən deyil, praktik reallıqdan gedir: Azərbaycanın qərb rayonlarından Naxçıvana birbaşa, nəzarətsiz və maneəsiz keçid təmin olunmalıdır.
Ermənistan XİN rəhbərinin bu cür açıqlamasını şərh edən politoloq Arzuman Muradlı bildirib ki, Ermənistan siyasi arenada yenidən çəkindirmə və manipulyasiya metodlarına əl atır. Onun sözlərinə görə, bu cəhdlər, əslində, sülh prosesinə zərbə vurmağa hesablanıb:
“Ermənilər sülh yoluna maneə olmaq üçün bütün vasitələrdən istifadə edirlər. Bunun müxtəlif səbəbləri var – daxili siyasi təzyiqlər, revanşist qüvvələrin təsiri, geosiyasi manipulyasiya arzuları. Lakin reallıq budur ki, onların istəklərindən asılı olmayaraq, bu dəhliz açılacaq. Vaşinqtonda imzalanmış sənəddə bu artıq təsbit olunub.”
Politoloq əlavə edib ki, Ermənistan rəhbərliyinin siyasi sabotaj cəhdləri cəmiyyətə ünvanlanan populist mesajlardan başqa bir şey deyil və praktiki nəticə verməyəcək:
“Bu cür bəyanatlar sadəcə erməni cəmiyyətini çaşdırmaq və mövcud razılaşmaları gecikdirmək məqsədi güdür. Lakin Ermənistan gec-tez qeyd-şərtsiz şəkildə üzərinə götürdüyü öhdəlikləri – o cümlədən Naxçıvana maneəsiz keçid təminatını – yerinə yetirməlidir.”
Politoloq qeyd edib ki, son baş verənlər göstərir ki, Ermənistan siyasi rəhbərliyi real sülhə doğru atılan addımlardan narahatdır və bu prosesi yavaşlatmaq üçün köhnə və tanış ssenarilərə müraciət edir.
“Lakin beynəlxalq hüquq, regional dinamika və imzalanmış sənədlər Ermənistanı çəkindirmə diplomatiyasının deyil, real əməkdaşlıq yolunun vacibliyini qəbul etməyə məcbur edəcək. Bu səbəbdən istər “dəhliz” termini ilə manipulyasiya edilməsi, istərsə də üçüncü qüvvələrin bu keçidə yerləşdirilməsi ilə bağlı əsassız iddialar münaqişənin həllinə yox, onu süni şəkildə uzatmağa xidmət edir.” -deyə Arzuman Muradlı bildirib.