Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək səviyyədə inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır və bu istiqamətdə siyasətini uğurla davam etdirir. Dövlətimizin başçısı İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin inteqrasiyasına və inkişafına töhfələri hər kəsə məlumdur. Azərbaycanın bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf trayektoriyasının nədən ibarət olacağına istiqamət verən mayak rolunu oynayır.
Bu gün dünya ictimaiyyəti Azərbaycan-Qazaxıstan münasibətlərinin timsalında türk dünyasının birliyinin şahidinə çevrilir. Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illərdə Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, həmin region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır.
Prezident İlham Əliyev oktyabrın 20-də Qazaxıstana dövlət səfərinə gəlib. Bu səfəri münasibətlərin inkişafında yeni mərhələ kimi dəyərləndirə bilərik. Prezidentlərin keçiriləcək görüşləri, müzakirə olunacaq məsələlər ölkələrimizin ikitərəfli gündəliyinə bir daha aydınlıq gətirəcək.
Azərbaycan-Qazaxıstan münasibətlərinin dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Məhz bu reallıqlar Azərbaycan-Qazaxıstan münasibətlərinin bir qardaşlıq modeli kimi təqdimatında əhəmiyyətli rol oynayır. Hər iki ölkənin dövlət başçılarının sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. İkitərəfli əlaqələrimizin hazırkı vəziyyəti azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır.
Astanadakı görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta dəhlizin inkişafı” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub. Təqdimat mərasimində qeyd edilib ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Vurğulanıb ki, Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır.
Daha sonra hər iki dövlət başçısının iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi olub, prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir. Son illər Prezident Kasım-Jomart Tokayevin həyata keçirdiyi islahatlar, modernləşmə kursu, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı Qazaxıstanın inkişaf və modernləşmə yolu ilə inamla irəlilədiyini nümayiş etdirir. Dövlətimizin başçısı Qazaxıstanın beynəlxalq nüfuzu da möhkəmləndiyini xüsusi vurğulayıb.
Prezident İlham Əliyev bildirilib ki, Bakı və Astananın fəal qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı diqqətə çatdırıb: “Bu gün ölkələrimiz arasında aktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və tez-tez vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçün daimi diqqət və təbii ki, dövlət başçılarının iştirakını tələb edir”.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatında söyləyib ki, Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir. “Sevindirici haldır ki, ikitərəfli əməkdaşlığın inkişafı üzrə hərtərəfli proqram (Qazaxıstan və Azərbaycan – red.) qrafik üzrə həyata keçirilir. Danışıqlar zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildi və biz yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsini iki dəfə artırmaq və onu 1 milyard dollara çatdırmaq üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəldik”, – deyə Qazaxıstan Lideri vurğulayıb.
Prezident İlham Əliyevin mətbuata bəyanatında səslənən fikirlər Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəm təmələ əsaslanaraq yalnız bu gün üçün deyil, gələcək onilliklər üçün hədəfləndiyini nümayiş etdirir. İki ölkə liderləri arasında formalaşmış etimad mühiti, şəxsi münasibətlər əlaqələrimizin inkişafında öz sözünü deyir. Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik olan ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası