O, ABŞ-a getdiyində sosial şəbəkədə “Nəhayət, fürsətlər ölkəsinə gedirik” deyə yazıb. Onun sözlərinə görə, işiniz qlobaldırsa, bu ölkədə fürsətlər çoxdur, siz investor tapa, layihənizi irəli apara bilərsiniz.
Ulusal.az xəbər verir ki, “Kaspi” qəzeti V.Arifzadə ilə həmsöhbət olub.
Qeyd edək ki, V.Arifzadə Ağsu rayonunun Gəgəli kəndində anadan olub. Sumqayıt Dövlət Universitetinin kimya-biologiya fakültəsində kimya müəllimliyi üzrə oxuyub. Deyir ki, fizikaya marağı daha çox olduğu üçün araşdırmaları, çalışmaları da bu sahə üzrə olub və bu sahədə davam edib.
V.Arifzadə bildirib ki, ixtiralara yönəlməsi ilk olaraq maraq şəklində başlayıb:
“Bakalavr təhsilimi bitirəndən sonra özümü inkişaf etdirmək üçün müəllim olaraq kurslarda çalışdım. Sonra şərab zavodlarından birində texnoloq kimi işlədim. Həmin müddətdə zavod üçün gümüş ionlarının məhlula verilməsi üçün qurğu hazırlayıb vermişdim. Dövlət Neft Şirkətinin (SOCAR) əvvəlki vitse-prezidenti Mikayıl İsmayılova məktub yazmışdım, maddi dəstək göstərmişdi. İlk ixtiram o oldu. Əvvəldən marağım var idi, amma bacardığımı gördükcə, marağım artdı”.
2017-ci ildə elektrik enerjisinə qənaət qurğusu “Wattbooster”i düzəldir. Televiziya vasitəsilə təqdimatını edir. V.Arifzadə qeyd edib ki, qurğu ilkin versiyada elektrik avadanlıqlarının enerji sərfiyyatına qənaət etmək funksiyası daşıyıb:
“Layihə belə idi ki, qurğu evə enerji daxil olan hissədə yerləşdirilir. Qurğu elektrik enerjisinin faydalı iş əmsalını artırır, elektromaqnit sahəsi hesabına daha çox elektrik enerjisi istehsal edir. Nəticədə elektrik avadanlıqlarının enerji sərfiyyatına 70 faiz qənaət edilir. Partnyorum var idi, onun sponsorluğu ilə layihəm əsasında bir qurğu düzəltdik. Həmin vaxtlar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İdarəetmə Proseslərinin Avtomatlaşdırılması Elmi Tədqiqat İnstitutunun Elm və ixtiraçılıq mərkəzinin rəhbəri idim. 2018-ci ilin sonları bir inkubasiya mərkəzinin açılışında qurğunu Prezident İlham Əliyevə də təqdim etmişdik”.
Zamanla “Wattbooster” layihəsini təkmilləşdirir və bu layihənin qlobal bazara çıxarılması üçün ABŞ-a üz tutur:
“Layihəni təkmilləşdirdik, bir az dəyişiklik getdi. Partnyorum ABŞ-a gedib-gəlirdi. “Bunu ABŞ-a çıxaraq” dedi və bu niyyətlə oraya yola düşdük. İndi qurğumuz batareya formasına salınıb. Elektrik şəbəkəsinə bağlı olmadan enerji verən batareya olacaq. Qısası, daha uzunömürlü, daha çox enerji verən batareya düzəltmişik. Bu batareyaların maliyyəsi yüksək olduğu üçün müştəri kütləsi olaraq hədəfimiz texnoloji şirkətlərdir. Elektromobillər, dron və s. sektorlar ola bilər. Kütləni hədəf götürmək üçün gərək bunun üzərində yenidən işlənsin, maliyyə xərci aşağı salınsın. Növbəti mərhələ üçün bu haqda da düşünürük”.
V.Arifzadə bildirib ki, hələ qurğunun ilkin versiyasını televiziya ilə təqdim edəndə Azərbaycanda investorlar layihəsi ilə maraqlanıb:
“İnvestorlar ortaya məhsul çıxarıb satmaq istəyi ilə müraciət edirdilər. Mənim layihəm isə startap idi, təkmilləşməli, inkişaf etməli idi. Nə isə ixtira etmək, yeni məhsulun tam ərsəyə gəlməsi ilə bağlı biliklər mənim üçün yeni idi. Ona görə investorlarla iş birliyimiz alınmadı”.
Ancaq həmin dövrün onun üçün bir təcrübə olduğunu da qeyd edib:
“Albert Eynşteyn deyir ki, kəşfinizi, ixtiranızı orta məktəb şagirdinə başa sala bilirsinizsə, ixtiradır. Əgər başa sala bilmirsinizsə, ixtiradan keçib. İxtira bəsit olmalıdır. Biliklər genişləndikdən, elmi təcrübə artdıqdan sonra ixtira yönünü dəyişdim. Daha sadə şəkildə olacaq nələrsə qurmağa üstünlük verdim”.
V.Arifzadənin aldığı ilk viza ABŞ üçün olub:
“Heç bir ölkəyə çıxmayan adamın bir həftəyə ABŞ-a viza alması göstərir ki, bu ölkədə elmə nə qədər önəm verilir”.
ABŞ-da həmin layihə 1,2 milyon dollar investisiya alır:
“Layihənin inkişaf və patent qisimləri gedir. Patent normalda gec gəlir. Növbəti mərhələ layihəni məhsul formasına salıb böyük şirkətlərə satmaqdır”.
1 ildir ki, özünün yaşıl enerji sahəsində fəaliyyət göstərən “VA Technologies Inc” şirkətini qurub. Qeyd edib ki, şirkəti yaratmaqda məqsəd layihələrini bir şirkət altında cəmləşdirmək olub. Şirkətin ilk məhsulu isə batareya ilə işləyən poverbankdır:
“Digər poverbanklar belədir ki, enerji sisteminə qoşursunuz, enerji yığır, sonra ondan istifadə edirsiniz. Bitəndə, artıq yenidən enerji sisteminə qoşmalı olursunuz. Bizim şirkətin layihəsi olan poverbankları enerjiyə taxmağa ehtiyac yoxdur. Batareyası var, o, sizin cihazı 1-1,5 il enerji ilə təmin edir. 1-1,5 il sonra batareyanı yeniləmək lazımdır”.
Məhsul hazır olsa da, hələ satışda yoxdur. V.Arifzadə bunun səbəbini də dedi:
“Bu tipli bazarı böyük olan layihələr üçün böyük şirkətlərlə danışmaq daha yaxşı olar. Hazırda bir sıra böyük şirkətlərlə danışıqlar gedir. Onlar test etməli, sonra qərar verməlidirlər. Birdən-birə sadə şəkildə, bazarı dominə etmədən ortaya çıxararsansa, bunun nüsxələnməsi ola bilər. Ona görə patent alınması vacibdir”.
Həmyerlimiz hazırladığı poverbankın maya dəyərinin o qədər də yüksək olmayacağını da dedi:
“Maya dəyəri 20-30 dollardır. Amma biznes xərclərini də gələndə, qiymət fərqli ola bilər”.
Gənc ixtiraçı üzərində işlədiyi digər bir neçə layihəsi haqqında da danışdı:
“ABŞ-dakı evlərin 60-70 faizi taxtadan ibarətdir. Bu ölkədə hər il minlərlə yanğın baş verir. Bu yanğınlar zamanı kiçik uşaqlar, heyvanlar, çox dəyərli əşyalar evdə qalır. Yanğın içəri daxil olmağa imkan vermir. Yanmayan paltarla bağlı layihə haqqında düşünürəm. Yanğınsöndürmə işində olanların geyimindən fərqi odur ki, bu paltarla alovun içində 10-15 dəqiqə dayanmaq mümkün olacaq. Hazırda testlər, nümunələr formasındadır.
Tam şəffaf olan günəş paneli ilə bağlı çalışmam var. Dünyada bir örnəyi var, istifadə edilir. Ancaq tam şəffaf deyil. Dünyada istifadə olunan nümunənin başqa bir problemi odur ki, əgər siz binaların şüşələrindən günəş enerjisi almaq istəyirsinizsə, binadakı şüşələri tam dəyişmək məcburiyyətindəsiniz. Hansısa hazır böyük tikiliyə bunu təklif etsəniz, razılaşmayacaq, çünki bütün şüşələri dəyişmək çox böyük xərc tələb edir. Ona görə, dünyadakı nümunəni ancaq yeni tikililərə qoya bilərlər. Mənim düzəltdiyimdə isə şüşələri dəyişməyə ehtiyac yoxdur. Şüşənin arxa tərəfinə şəffaf kimyəvi maddə çəkilir. Həmin şüşə şəffaf günəş paneli formasına gəlir.
İstixanaların isidilməsi ilə bağlı layihəm də var. Tutaq ki, bir istixananın isidilməsi üçün sahibkar ayda 10 min dollar qaza pul verir. Yeni bir qazanxana sistemi olur, qaz deyil, elektriklə isidilir. İsidilmə xərci 2-3 min dollara düşəcək. 70 faiz qənaət imkanı yaradır”.
Layihələri ilə yanaşı, Valehin arzuları da var:
“Nəsib olarsa, bir gün Nobel mükafatı almaq istəyirəm. Bu da çalışmağa, zəhmətə, əziyyətə bağlıdır. Şansa inanan biri deyiləm. Hər şey insanın öz əlindədir. Nə qədər zəhmət çəkərsinizsə, onun qarşılığını alarsınız”.