image-rt-reklam
image-21fdacb1-83a2-40c3-baff-2fb9d5f1ccc3backend

Vətəndaşların əsas hüquq və azadlıqlarını müəyyən edən sənəd

image-728x90

Konstitusiyanın 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyanın insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil etmişdir. Əsas Qanunumuzda dilindən, dinindən,irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur.

Hər kəsin doğulduğu andan toxunulma hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir.

Sülh  və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət olunması mümkün deyil. Ermənistanın Azərbaycana qarşı artıq on il davam edən silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan artıq soydaşımız adi insan hüquqlarından məhrum edilmişdir. Vaxtilə ölkəmizdə insanların həyatını təhlükəyə məruz qoyan hərc-mərclik, qanunsuz silahlı birləşmələrin mövcudluğu, əhalidə qanunsuz silahların cəmləşməsi, terrorçuluq və mütəşəkkil cinayətkarlığın tüğyan etməsi insan hüquq və azadlıqlarının kütləvi surətdə pozulmasına gətirib çıxarmışdı. Bu ağır sınaqlardan çıxmış Azərbaycan xalqı mətin iradə, həmrəylik və əzmkarlıq nümayiş etdirərək, bəşər sivilizasiyasının idealları olan azadlığı, ədaləti və sülhü özünün inkişaf yolu seçmişdir.

Bütün digər sahələrdə olduğu kimi, Azərbaycanda da insan hüquqları sahəsində islahatların aparılması, zəruri hüquqi bazanın və institusional əsasların formalaşması məhz Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra baş vermişdir. Ən əsası isə, Ulu Öndər dövlətçiliyimizi təhdid edən təhlükəli tendensiyaları aradan qaldırdıqdan, müstəqil Azərbaycanın ideoloji-iqtisadi əsaslarını (Azərbaycançılıq ideologiyası və “Əsrin müqaviləsi”) möhkəmləndirdikdən az sonra müəllifi olduğu 1995-ci il Konstitusiyasında insan hüquq və azadlıqlarını təsbit etdi və hüquqi təminat altına aldı. Beləliklə, olduqca qısa zaman kəsiyində müdrik rəhbərimizin dəmir məntiqi, silinməz dəst-xəttinin, zəngin həyat təcrübəsi və işıqlı zəkasının ən böyük əsəri olan, dünya standartlarının tələblərinə tam dolğunluğu ilə cavab verən konstitusiya layihəsi hazırlanaraq ümumxalq səsverməsinə təqdim olundu. Həmin sənəd 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olundu. Bu gün Əsas qanunu iftixar hissi ilə xalqımız haqlı olaraq “Heydər Əliyev konstitusiyası” adlandırır, eyni zamanda, onu Heydər Əliyevin siyasi yaradıcılığının şah əsəri hesab edir.

Azərbaycan Respublikasının ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilmişdir. Azərbaycan dövləti siyasi-hüquqi potensialından tam istifadə etməklə bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər görür. Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən və sair hallardan asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulmuşdur. Artıq hüquqa və ədalətə söykənən, vətəndaş cəmiyyətinin və bazar iqtisadiyyatının inkişafına tam zəmanət verən qanunvericilik bazasının əsası qoyulmuş və onun təkmilləşdirilməsi davam etdirilir. Ölkəmizdə demokratik cəmiyyətin formalaşdırılması üçün hər cür şərait yaradılmışdır. Azərbaycanda çoxpartiyalılıq əsasında demokratik yolla parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olmuşdur. Ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların təməlində insana qayğı, insan ləyaqətinə hörmət dayanır. Həyata keçirilmiş islahatlar nəticəsində iqtisadi tənəzzül və inflyasiyanın qarşısı alınmış, iqtisadi inkişafda yeni mərhələnin möhkəm təməli qoyulmuşdur.

Azərbaycan Respublikası insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.

 Azərbaycan Dövlət Pedaqoji Universiteti

Rüstəmzadə Nigar Ziyafət qızı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90