image-rt-reklam
image-2backend

Sülh və əməkdaşlığa aparan yol

image-728x90

 Prezident İlham Əliyev: “Bu gün Azərbaycan xalqının yaddaşına həkk olunacaq”

Ötən həftə Prezident İlham Əliyevin ABŞ səfəri və Ağ Evdə verilən bəyanat, Azərbaycan diplomatiyasının uğurudur. Dünya siyasətində lider dövlətlərdən biri ilə strateji tərəfdaşlıq səviyyəsinə çatmaq, Azərbaycanın qlobal arenada mövqeyinin gücləndiyini, siyasətinin isə prinsipial və balanslı olduğunu nümayiş etdirir. Bu həm də Azərbaycanın müstəqil, milli maraqlara əsaslanan xarici siyasət xəttinin beynəlxalq miqyasda dəstəkləndiyini və yüksək qiymətləndirildiyini sübut edir.

Prezidenti İlham Əliyevin ABŞ-a rəsmi səfəri çərçivəsində avqustun 8-də Ağ Evdə verdiyi bəyanat iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcını rəsmən elan etdi. Prezidentin “Bu gün Azərbaycan xalqının yaddaşına həkk olunacaq” sözləri, bu səfərin və əldə olunan razılaşmaların təkcə diplomatik jest deyil, strateji məna daşıdığını aydın şəkildə ortaya qoyur: “1992-ci ildə, – Azərbaycan cəmi bir il əvvəl öz müstəqilliyini bərpa edəndən sonra, – bizə tətbiq olunan məhdudiyyət 33 ildən sonra ləğv edilib. Bu gün bu baş tutdu. Bu gün həqiqətən də Azərbaycan xalqının yaddaşına həkk olunacaq. Böyük şərəf və təşəkkür hissi ilə bu gün fikirlərimizi bölüşürük ki, Prezident Trampın strateji baxışı və münasibəti sayəsində nəinki bizim regionda, həmçinin son aylarda Asiyada, Afrikada və hazırda Cənubi Qafqazda müharibələrə son qoyulub. Otuz ildən çox idi ki, biz bu müharibəyə son qoya bilmirdik. Biz həyatları qurban verdik və çox pis müharibə içində idik və Prezident Tramp, onun komandası və bizim yaxın dostumuz cənab Uitkoff və onun komandası olmasaydı, yəqin ki, bu gün Ermənistan və Azərbaycan yenə bu bitməyən danışıqlar prosesində qalardı”, – deyə cənab Prezident əlavə edib.

Bu səfər və onun nəticələri, Azərbaycanın xarici siyasətində əlamətdar bir dönüş nöqtəsi olmaqla yanaşı, ölkənin beynəlxalq miqyasda artan nüfuzunun və etibarlı tərəfdaş statusunun təsdiqidir.

ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq formatına keçid, iki ölkənin maraqlarının artıq regional və qlobal səviyyədə üst-üstə düşdüyünü göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu tərəfdaşlıq “qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələri” əhatə edəcək. Bu yanaşma, sadəcə diplomatik əlaqələrin genişlənməsi deyil, eyni zamanda, dərin və davamlı bir əməkdaşlıq platformasının qurulması deməkdir. Azərbaycanın coğrafi mövqeyi, enerji resursları və iqtisadi potensialı ABŞ üçün strateji əhəmiyyət kəsb edir. Eyni zamanda, ABŞ ilə belə bir tərəfdaşlıq Azərbaycanın modernləşmə, texnoloji transformasiya və təhlükəsizlik istiqamətlərində inkişafını daha da sürətləndirəcək.

Azərbaycan uzun illərdir ki, iqtisadiyyatının neft və qazdan asılılığını azaltmaq məqsədilə şaxələndirmə siyasəti həyata keçirir. ABŞ ilə strateji tərəfdaşlıq bu istiqamətdə mühüm imkanlar yaradır. Süni intellekt, innovasiyalar, yüksək texnologiyalar və rəqəmsal iqtisadiyyat kimi sahələrdə əməkdaşlıq, Azərbaycanın gələcək inkişafına yeni nəfəs gətirəcək. Həmçinin qarşılıqlı investisiyaların təşviqi, Azərbaycanın qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsinə təkan verəcək. Bu isə, Prezidentin də vurğuladığı kimi, işsizliyin azaldılması, yeni iş yerlərinin yaradılması və insan kapitalının inkişafı ilə nəticələnəcək.

Azərbaycan və ABŞ arasında qurulan strateji tərəfdaşlıq, hər iki ölkənin maraqlarına xidmət etməklə yanaşı, daha sabit, dayanıqlı və təhlükəsiz bir gələcəyin formalaşmasına zəmin yaradır. Bu əməkdaşlıq formatı Azərbaycanın daxili inkişaf hədəflərinə çatmasına yardım edəcək, xalqın rifahının yüksəlməsinə təkan verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “böyük imkanlar və fürsətlər açılır”. Azərbaycan bu imkanlardan istifadə etməklə, regionun lider dövləti olaraq mövqeyini daha da möhkəmləndirəcək, dünyada isə etibarlı və strateji tərəfdaş kimi tanınacaq.

Azərbaycanın Prezidentinin “Prezident Tramp Qafqaza sülh gətirir” ifadəsi, ABŞ-ın münaqişələrin həllində, daha doğrusu, qeyri-sabit bölgələri sabitlik adasına çevirməkdə tutduğu qlobal rolu nümayiş etdirir. Müharibə illərində itirilən nəsillər, dağıdılan şəhərlər, didərgin düşmüş ailələr – bütün bunlar, artıq sülh yolunda bir daha təkrarlanmamalı dərslərdir. Bu gün Azərbaycan və Ermənistan, cəsarətlə sülhə doğru addımlamaq iradəsi göstərir. Bu, yalnız dövlət başçılarının siyasi iradəsi deyil, xalqın da istəyi və ümidi ilə dəstəklənən bir prosesdir. Cəsarət təkcə silah tutmaqda deyil, silahı yerə qoymaqda, barışığa əl uzatmaqda, gələcəyi keçmişdən üstün tutmaqda gizlidir.

Bu gün Azərbaycan və Ermənistan sülhə bir addım daha yaxınlaşıb. Bu gün Cənubi Qafqaz, münaqişə xəbərləri ilə deyil, barışıq və əməkdaşlıq çağırışları ilə gündəmə gəlir. Sözsüz ki, bu yol çətin olacaq. Amma iradə, dialoq və qarşılıqlı anlaşma ilə qanlı tarix, əməkdaşlıq dolu gələcəyə çevrilə bilər. Bu bəyanat, sadəcə iki ölkə arasında deyil, bütün regionun taleyində dönüş nöqtəsi ola bilər. Cənubi Qafqaz üçün sülh indi bir arzudan çox, real imkan olaraq qarşıdadır.

Prezident İlham Əliyevin Ağ Evdə Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibə, Cənubi Qafqazın gələcək inkişafı və regional əməkdaşlıq perspektivləri baxımından mühüm mesajlar ehtiva edir. Müsahibədə Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması, regional nəqliyyat dəhlizlərinin inkişafı və Azərbaycanın tranzit potensialı ön plana çəkildi. Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın sülhə sadiqliyini bir daha bəyan edərək, Ermənistanla imzalanan sənədin bu niyyətin bariz nümunəsi olduğunu vurğuladı. Prezidentin fikrincə, sülh yalnız atəşkəslə məhdudlaşmamalı, eyni zamanda tərəflər arasında real əlaqələrin bərpası, təhlükəsiz keçidlərin yaradılması və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın qurulması ilə davam etməlidir.

Prezidentin çıxışında diqqət çəkən əsas mövzulardan biri də Azərbaycanın tranzit imkanları və bu sahədə artan rolu oldu. İlham Əliyev bildirdi ki, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri ölkənin regional və qlobal ticarətdəki mövqeyini gücləndirir. Azərbaycan artıq Orta Dəhlizin (Çin–Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa) əsas iştirakçısı kimi çıxış edir və bu sahədə öz rolunu daha da gücləndirmək niyyətindədir. Azərbaycan Prezidenti İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı yerli media nümayəndələrinə müsahibəsində Ermənistana birbaşa mesaj ünvanlayaraq qeyd etdi ki, bu ölkə illərlə özünü regional layihələrdən təcrid edib və nəticədə potensial imkanları əldən verib. Onun fikrincə, Ermənistan tranzit ölkə olmağın nə demək olduğunu bilməyib, çünki heç vaxt belə mövqedə olmayıb. Prezidentin açıq ifadəsi belə oldu: “Siz tranzit ölkə olmağın nə demək olduğunu bilmirsiniz, çünki heç vaxt olmamısınız. Yalnız Azərbaycan vasitəsilə tranzit ölkə ola bilərsiniz”. Bu yanaşma həm reallığın, həm də Azərbaycan tərəfinin konstruktiv və praqmatik mövqeyinin göstəricisidir. Azərbaycan Ermənistanı sülhə və əməkdaşlığa dəvət edir, lakin bunu öz maraqları və regionun ümumi rifahı çərçivəsində həyata keçirir.

Cənubi Qafqaz son illərdə böyük geosiyasi dəyişikliklərə məruz qalıb. 2020-ci ilin Vətən Müharibəsindən sonra Azərbaycan regionun yeni reallıqlarını müəyyənləşdirən əsas aktor kimi çıxış edir. Bu yeni mərhələdə nəqliyyat, enerji və ticarət layihələrinin uğurla həyata keçirilməsi üçün sabitlik və qarşılıqlı etimad mühiti zəruridir. Bu kontekstdə, Prezident İlham Əliyevin Ağ Evdə verdiyi bəyanatlar təkcə ikitərəfli münasibətlər üçün deyil, həm də bütün region üçün yeni strateji yol xəritəsinin cizgilərini ortaya qoyur.

Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90