Qərb Türkiyənin Şərqi Aralıq dənizində strateji maraqlarına malik olduğunu etiraf etməkdən imtina edərək, mühüm müttəfiqini özündən uzaqlaşdırmaq riskini gözə alır.
Bunu Lixtenşteyn şahzadəsi Maykl “Türkiyəni görməzdən gəlməyin riskləri” adlı təhlilində yazır.
Onun sözlərinə görə, Türkiyə Şərqi Aralıq dənizi, Qara dəniz regionu və Cənubi Qafqazın mərkəzində yerləşir və burada böyük geosiyasi aktorlar nüfuz uğrunda yarışır.
Şahzadə Türkiyənin böyük çətinliklər və məsuliyyətlə üzləşdiyi bu bölgələrdə ABŞ, Avropa İttifaqı, NATO və Rusiyanın strateji maraqlarının olduğunu qeyd edib.
Maykl bölgələrdə geosiyasi gərginliyin qarşıdurmaya çevrildiyini bildirib:
“Livan, Liviya və Suriyada daxili münaqişələr şiddətlənir. İraqda mütəmadi olaraq bombalı hücumlar olur. Qafqazda müharibənin başa çatmasına baxmayaraq, Azərbaycan və Ermənistan arasında vəziyyət qeyri-sabit olaraq qalır. Gürcüstan və Rusiya arasında Cənubi Osetiya və Abxaziyaya görə hələ də dondurulmuş münaqişə var. Bu problemlərin hamısı bir-biri ilə bağlıdır və siyahını uzatmaq olar”.
Ankaranın maraqlarının nəzərə alınmasının vacibliyinə diqqət çəkən Lixtenşteyn şahzadəsi bildirib ki, regiona təsir edən əsas münaqişə Rusiyanın Ukraynaya qarşı müharibəsidir: “Dağıdıcı proseslər birbaşa Avropanın yaxınlığında baş verir və bölgənin sinir mərkəzi olan Türkiyənin mövqeyini və maraqlarını başa düşməyi vacib edir”.
Onun sözlərinə görə, şübhəsiz Şərqi Aralıq dənizinin ən güclüsü olan Türkiyə Avropa və Asiyanın kəsişməsində yerləşir və Aralıq dənizindən İstanbul boğazları vasitəsilə Qara dənizə çıxışı təmin edir:
“Türkiyə Avropanı Yaxın Şərq, Qara dəniz və Qafqazla birləşdirir. İkinci Dünya Müharibəsindən sonra iddialı Sovet İttifaqı ilə qarşılaşan Türkiyə NATO-ya üzv oldu və bu günə qədər alyansın ən mühüm üzvlərindən biri olaraq qalır. Moskvanın hörmət etdiyi Türkiyənin güclü donanması və hərbi qüvvələri sayəsində Prezident Rəcəb Tayyib Ərdoğan Ukraynanın taxıl daşımalarının Rusiyanın Qara dəniz blokadasından azad edilməsi ilə bağlı danışıqları uğurla aparıb.
Türkiyənin hərbi qüdrəti son Qarabağ müharibəsində də nümayiş etdirildi, Türkiyənin Azərbaycana dəstəyi bu ölkəyə Moskvanın dəstəklədiyi Ermənistanı məğlub etməyə imkan verdi. Ankara üçün Gürcüstanın bütövlüyünü qorumaq və Rusiyanın Balkan və Yaxın Şərqdə, xüsusilə də Suriyada təsirini məhdudlaşdırmaq vacibdir. Digər tərəfdən, Türkiyə enerji və ticarətdən asılı olduğu üçün Rusiya ilə münasibətlərini qoruyub saxlamalı olur”.
Lixtenşteyn şahzadəsi ABŞ və AB-nin Türkiyənin maraqlarını görməzdən gəldiyini vurğulayıb:
“Türkiyə Yaxın Şərqi sabitləşdirmək potensialına malikdir və Mərkəzi Asiyada mühüm rol oynaya bilər. Türkiyənin haqlı narahatlıqları var və özünü müdafiə edərək, regional sabitliyi qorumaqla Qərbə kömək edir. ABŞ və AB Türkiyənin maraqlarına məhəl qoymur və ölkəni beynəlxalq aləmdə daim nüfuzdan salmağa çalışır. Bu əks nəticə verəcək”.
O, Türkiyənin Suriyadakı əməliyyatlarının terrorla mübarizə baxımından ciddi məna kəsb etdiyini deyib: “Türkiyənin Qafqazda Rusiyanın təsirini cilovlamaq və Ukraynanın ərazi bütövlüyünü qoruyub saxlamaq səylərinin zəruriliyi sübuta yetirilib. Ankaranın yanaşması Qərbdən fərqli ola bilər, amma bəzən daha təsirli də olur”.
Şahzadə Maykl xarici təzyiq və təhdidlərə baxmayaraq, Türkiyənin öz milli maraqları çərçivəsində hərəkət etdiyini söyləyib:
“NATO üzvləri Türkiyəni müxtəlif mövzularda tənqid edirlər. Onlardan biri Rusiyadan S-400 müdafiə sisteminin alınmasıdır. Problem ondadır ki, Ankaraya öz maraqlarını müdafiə etmək üçün müəyyən strateji muxtariyyət lazımdır. Qərb avadanlığından tamamilə asılı olmaq, xüsusən də proqram təminatına nəzarət edə bilməmək manevr imkanlarını məhdudlaşdıracaq. Türkiyə müstəqilliyini qorumaq üçün inkişaf edən müdafiə sənayesi qurdu. Türkiyənin maraqlarına Qərb böyük ölçüdə məhəl qoymadığından, Ankara milli maraqları qoruyan tədbirlərə əl atmağa məcburdur. Finlandiya və İsveç PKK terrorçularına sığınacaq verməyi dayandırmasa, onların alyansa daxil olmasının qarşısı alınanda da belə olacaq”.
Şahzadə ABŞ və AB-nin Türkiyəni nüfuzdən salmaq səylərinin əks nəticə verəcəyini bildirib:
“Türkiyə iqtisadi fəaliyyətləri ilə Afrikada önəmli nüfuz qazanıb. Yaxın Şərqi sabitləşdirmək potensialına malikdir və Mərkəzi Asiyada mühüm rol oynaya bilər. Bu, Qərb üçün çox vacibdir. Bununla belə, ABŞ və AB Türkiyənin maraqlarına məhəl qoymur və ölkəni beynəlxalq arenada daim nüfuzdan salmağa çalışır. Bu, əks nəticə verəcək. Türkiyə olmasa, Avropanın təhlükəsizliyi və maraqları daim təhdid altında olacaq. Əgər avropalılar Ankaranı başa düşmək üçün səy göstərsəydilər, daha təhlükəsiz və daha sabit yaxın mühitlə mükafatlandırılardı”.Teleqraf






















