Ermənistan Baş naziri Nikol Paşinyanın son mətbuat konfransı, onun regional siyasətdə və daxili idarəetmədə ciddi dönüşlərə hazırlaşdığını bir daha nümayiş etdirdi. Açıqlamaları üç əsas istiqamətdə mühüm mesajlar ehtiva edir: sülh sazişi, KTMT-dən çıxış və Zəngəzur dəhlizinin Qərb şirkətlərinə icarəsi. Bu mövzular təkcə Ermənistan daxilində deyil, Cənubi Qafqazda geosiyasi tarazlığı da dəyişdirə biləcək məqamları əhatə edir.
Nikol Paşinyan Azərbaycanla sülh sazişini imzalamadan əvvəl onu saf çürük etmək niyyətindədir. Bu, ilk növbədə, onun daxili siyasətdə mövqeyini gücləndirmək və qarşıdan gələn parlament seçkilərinə daha stabil şəraitdə getmək istəyi ilə izah olunur. Belə görünür ki, Paşinyan həm beynəlxalq ictimaiyyətə, həm də ölkə ictimaiyyətinə sülh yolunda real addımlar atdığını göstərmək istəyir.
Ancaq burada bir ziddiyyət ortaya çıxır: Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd müddəalar olduğu halda, sülh sazişi necə imzalanacaq? Paşinyan yeni Konstitusiyanın qəbulunu seçkilərdən sonrakı dövrə saxlayır və bu da tərəflər arasında yekun razılaşmanın uzanmasına səbəb ola bilər. Bununla belə, əgər referendum 2026-cı ilin ortalarına qədər baş tutarsa, bu gecikmə nisbətən idarəolunan görünür.
Paşinyan KTMT ilə münasibətlərə son nöqtəni qoymaq niyyətində olduğunu açıq şəkildə bəyan etdi. Onun sözləri təkcə Ermənistanın Rusiya ilə hərbi müttəfiqlik münasibətlərindən uzaqlaşmaq istədiyini deyil, eyni zamanda Ermənistanın təhlükəsizlik arxitekturasını Qərb modelinə keçirmək niyyətini ortaya qoyur.
Bu, həm də Kremllə münasibətlərdə “geri dönüşsüz yol”un seçildiyi anlamına gəlir. Rusiya ilə münasibətlərdəki gərginlik, xüsusilə 2020-ci ildən bəri ard-arda yaşanan böhranlar və KTMT-nin müttəfiq dəstəyindən yayınması fonunda dərinləşib. Paşinyan bu açıqlama ilə həm Rusiyaya mesaj göndərir, həm də Qərb platformalarında Ermənistanın mövqeyini daha da aydınlaşdırmağa çalışır.
Paşinyanın daha əvvəl inkar edilən, lakin bu dəfə açıq şəkildə ifadə etdiyi niyyət — Zəngəzur dəhlizinin ABŞ və ya Avropa şirkətlərinə icarəyə verilməsi — çoxölçülü nəticələr doğura bilər. Bu, bir tərəfdən İran və Rusiyanı narahat edə bilər, digər tərəfdən isə Azərbaycan və Türkiyə ilə texniki və iqtisadi əməkdaşlıq imkanlarını genişləndirə bilər.
Bu istiqamətdə ciddi siyasi iradə və texniki hazırlıq tələb olunur. Əgər Ermənistan bu qərarı reallaşdırmaqda ciddi olacaqsa, dəhlizin bərpası üçün vaxt itirməməli və regionda iqtisadi inteqrasiyanı stimullaşdıran konkret layihələrə start verməlidir. Dəmiryol infrastrukturunun bərpası həm maliyyə, həm də logistika baxımından böyük resurs tələb edəcək. Buna görə Paşinyan bu məsələdə təkcə siyasi yox, həm də strateji çevikliyini göstərməlidir.
Paşinyanın mətbuat konfransını izlədikdən sonra çıxarılan nəticə budur ki, o, sülh prosesini yubatmadan davam etdirmək istəyir, lakin daxili siyasi təlatümlər və konstitusion dəyişikliklərin həssaslığını nəzərə alaraq prosesi idarəolunan şəkildə aparmağa üstünlük verir. Bu, həm daxili müxalifəti neytrallaşdırmaq, həm də beynəlxalq dəstəyi artırmaq məqsədi daşıyır.
Bununla yanaşı, Ermənistanın Rusiya təsirindən çıxması və Zəngəzur dəhlizi ilə bağlı Qərblə əməkdaşlıq planları regionda yeni siyasi-texniki reallıqlar yarada bilər. Əgər bu addımlar ardıcıl şəkildə həyata keçirilərsə, Cənubi Qafqazda yeni güc balansı formalaşa bilər.
İrəlidə bizi paralel aparılan üç prosesin nəticələri gözləyir: sülh sazişinin incələnməsi, KTMT-dən ayrılma və Zəngəzur layihəsinin gələcəyi. Paşinyan bu prosesləri düzgün idarə edə bilsə, Ermənistan üçün yeni geosiyasi mərhələnin əsasını qoya bilər.
Qoşqar Salmanlı