Naxçıvanda keyfiyyətsiz tikildiyi üçün ötən il sökülən məktəb binası yenidən inşa olunur.
Ulusal.az xəbər verir ki, Babək rayonunun Hacıvar kəndində 456 şagird yerlik məktəb binasının inşasına başlanılıb.
İki mərtəbədən ibarət olacaq məktəbdə 4-ü elektron lövhəli olmaqla, 20-ə yaxın sinif otağı, STEAM və hərbi kabinetlər, kimya, biologiya və fizika laboratoriyaları, kompüter sinifləri, müəllimlər otağı, kitabxana, bufet, yeməkxana, idman zalı və açıq idman qurğuları, oyun meydançası yaradılacaq.
Naxçıvanda əvvəllər inşa olunan məktəb binalarından fərqli dizayında və müasir üslubda, tikinti normalarına tam uyğun inşa olunacaq binada qazanxana həyətyanı ərazidə yerləşdiriləcək. Məktəbdə müasir tipli peşə təmayüllü siniflər, akt zalı və xarici dil kabinetinin yaradılması da nəzərdə tutulub. Hazırda binanın təməlində qazıntı işləri aparılır.
Qeyd edək ki, 252 şagird yerlik Hacıvar kənd tam orta məktəbinin əvvəlki binasının 2005-ci ildə inşa olunmasına baxmayaraq, layihənin yararsız olması, inşaat işlərinin keyfiyyətsiz aparılması səbəbindən binada qəzalı vəziyyət yaranıb, istismara yararsız olduğu üçün müvafiq qurumların rəyinə əsasən, 2023-cü ildə söküntüsü həyata keçirilib.