image-rt-reklam
image-ilham-eliyev-imzabackend

Mütərəqqi Forum Çərçivəsində Çin İlə Əlaqəlar Yeni Müstəvidə

image-728x90

Abbas Həsənli – ADNSU İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin müdiri
Bəyannamədə iki dost ölkənin bir sıra uyğun sektorlarında, eləcə də ticarət-iqtisadi sahələrində əlaqələrin davamlı və dinamik inkişafı qiymətləndirilir və ticarət, sərmayə və mühəndislik layihələrində qarşılıqlı fəaliyyəti daha da gücləndirmək üçün Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası mexanizminin səmərəli rolu yüksək dəyərləndirilir. Bununla yanaşı, Birgə Bəyannamədə Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlığının yüksək səviyyədə inkişafına nail olmaq məqsədilə nəqliyyat və kommunikasiyaların, “yaşıl enerji”, emal və istehsal, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və s. sahələrdə layihələrin həyata keçirilməsinin bundan sonra da diqqət mərkəzində saxlanılması zəruri sayılır.
Qeyd edim ki, hər iki dost ölkənin iqtisadi əməkdaşlığın yeni inkişaf mərhələsinə yüksəlməsi üçün güclü potensiala malikdir. Tərəflərin ixrac potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirmələri, gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlərin gerçəkləşdirilməsi bunun bariz ifadəsidir. Respublikamız qarşı tərəflə əməkdaşlığı daha da genişləndirmək məqsədilə Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə daim ciddi əməl edib, daxili bazarın qorunması üçün haqsız rəqabətə qarşı mübarizəni gücləndirib və rəqabətin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsini önə çəkib. Şübhəsiz ki, standartlaşdırma və metrologiya kimi mühüm sahələrin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb.
Xatırladım ki, son illərdə Azərbaycanın qeyri-neft ixracı sahəsi coğrafi şaxələnmə ilə yanaşı, məhsul çeşidlərinin çoxalması ilə də diqqət çəkib. Beynəlxalq sərgi və ticarət yarmarkalarında ölkə sahibkarlarının iştirakına və “Made in Azerbaijan” brendinin xaricdə tanıdılmasına dəstək tədbirlərİ isə ixracın artımına müsbət təsir göstərib. Azərbaycanın Çinlə əməkdaşlığında bir məqamı da xatırlatmaq istərdik. Belə ki, bu ölkənin innovasiyayönümlü investisiya imkanları respublikamız üçün mühüm önəm daşıyır. Başqa sözlə, bu, Azərbaycan iqtisadiyyatının diversifikasiya, innovasiya və transformasiyaya sadiqliyini, eynin zamanda, Şərqlə Qərbin kəsişməsində strateji mövqeyə malik ölkəmizin çinli sərmayədarları cəlb edə biləcək geniş imkanlara malik olduğunu təsdiqləyir. Beləliklə, 2 ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ticari-iqtisadi əlaqələrin inkişafını şərtləndirir. Təbii ki, belə bir şəraitin davamlı şəkildə formalaşması Azərbaycan–Çin arasında sərmayələrin təşviqi və qorunması, habelə ikiqat vergitutmanın qarşısının alınması üzrə imzalanan bir sıra sazişlərin, həmçinin texniki-iqtisadi əməkdaşlığa dair sənədlərin uğurla gerçəkləşdirilməsi ilə sıx bağlıdır . Yeri gəlmişkən, iki ölkə arasında münasibətlərin yeni mərhələyə daxil olmasında xüsusi yer tutan iqtisadi əlaqələrinin genişləndirilməsi, bu sahədəki problemlərin həlli məqsədilə yaradılan Hökumətlərarası İqtisadi Komissiya hər zaman səmərəli fəaliyyət göstərib. Adıçəkilən komissiyanın ilk iclası 2009- cu ilin mayında keçirilib. Bundan əlavə, 2012-ci ilin iyununda Pekin şəhərində Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Azərbaycan 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olub. Ölkəmizin “Bir kəmər, bir yol” layihəsinə verdiyi dəyər 2017-ci ilin oktyabrında Bakı–Tbilisi–Qars dəmir yolunun açılışı ilə təsdiqlənib. Çin hökuməti bu polad magistralın istifadəyə verilməsini, marşrutun tikintisində respublikamızın rolunu, eləcə də “Bir kəmər, bir yol” layihəsinə verdiyi dəstəyi daim yüksək qiymətləndirib.
Onu da qeyd edim ki, son illərdə iki ölkə arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Çin Azərbaycanın 4-cü iri ticarət tərəfdaş olub. Əgər 2018-ci ildə Azərbaycanla Çinin xarici ticarət dövriyyəsi 1,3 milyard ABŞ dolları idisə, 2023-cü ildə 3,1 milyard ABŞ dollarını ötüb. Bu da müvafiq surətdə 2018-ci illə müqayisədə 1,8 milyard ABŞ dolları və ya 2,4 dəfə, 2022-ci ilin müvafiq göstəricisindən isə 1 milyard ABŞ dollar və ya 44 faiz çoxdur.
Tam qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin Si Cinpin ilə görüşü, eləcə də imzalanmış mühüm dövlət sənədi Bakı–Pekin münasibətlərini bütün sahələrdə daha da dərinləşdirəcək, qarşılıqlı təmasları və dialoqu intensivləşdirəcək, ikitərəfli əlaqalərə yeni məzmun və keyfiyyət qazandıracaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90