“Laçın yenidən qurulur və vandalların heç bir nişanəsi qalmayacaq” –Ulusal.az xəbər verir ki, bunu açıqılmasında millət vəkili Səbinə Xasayeva bildirib.
“Birinci Qarabağ müharibəsində Laçını Laçın ərazi özünümüdafiə taboru da, əhali də, ordu hissələri və milislər də qoruyurdu. Müdafiə yetərli olmadı. 1992-ci il may ayının 18-də Laçın işğal olundu. Düşmənlər Laçına, əsasən, Laçın dəhlizi vasitəsilə daxil olmuşdu. Bu işğal nəticəsində Ermənistanla Dağlıq Qarabağ arasında bilavasitə coğrafi əlaqə yaradıldı. İşğal nəticəsində Laçın rayonunun əhalisi köçkün düşdü. 300-dən artıq hərbi və mülki şəxs həlak oldu, itkin düşdü. Rayonun əhalisi respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşdı.” millət vəkili qeyd edib.
“İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasəti apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər törətsə də, bizim inamımızı sındıra bilmədi “- deyə Səbinə Xasayeva qeyd edib.
Millət vəkili bildirib ki, ermənilər işğalçı olsa da onların havadarları bir çox halda onlara dəstək verir, onların cinayətlərini ört-basdır etməklə məşğul idi.
“Beynəlxalq təşkilatlar Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi tanıdılan ədalətsiz müharibəni həll etmədi. İşğalçı dövlət sülh danışıqlarından yayınırdı, regionda mövcud status-kvonu saxlamağa çalışırdı. 2020-ci il sentyabr ayının 27-də Ermənistanın silahlı birləşmələri işğal etdiyi ərazilərdən Azərbaycanın ərazilərinə hücum etdi. Azərbaycan Ordusunun hissələri bu hücumun qarşısını aldı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı başladı. Bu, İkinci Qarabağ müharibəsi idi, mahiyyəti etibarilə Vətən müharibəsi idi… Azərbaycan Ordusu Qubadlını, Cəbrayılı, Füzulini, Zəngilanı, Şuşanı işğaldan azad etdi. Üçtərəfli Bəyanat imzalandı. Bəyanata əsasən, Ermənistan silahlı birləşmələri Laçın rayonundan döyüşsüz çıxmalı idi, çıxdı da. Bu, Laçının işğalının sonu idi…” – deyə millət vəkili bildirib.
” Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olundu.
Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaqdır. Yol üzərində 3 tunel də tikiləcək. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə birləşdirir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialını artıracaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasının göstəricisidir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcəkdir. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Ölkə başçısı işğaldan azad edilmiş Laçın rayonunda səfərlərində bu rayonun da müasir inşaatın imkanları həddində yenidən qurulacağını bildirib… Laçın Böyük Qayıdış ərəfəsindədir. Bunu dövlət təmin edəcək, laçınlılar gerçəkləşdirəcək… Yaxın illərdə işğaldan azad edilmiş ərazilərdə işğalın heç bir maddi nişanəsi qalmayacaq. Laçında da…” -deyə Səbinə Xasayeva bildiib.