image-2000x150
image-1682674159_azedu-az_10_256backend

İcra hakimiyyətləri ləğv olunacaq, yoxsa qalacaq? – ANONS VERİLDİ

image-728x90

2021-ci ilin yanvar ayının 19-da dövlət başçısının imzaladığı fərmanla işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri institutu yaradılıb. Fərmanda qeyd olunub ki, məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasıdır.

Artıq işğaldan azad edilən bəzi rayonlara xüsusi nümayəndələr təyin edilib. Bundan başqa, dövlət başçısı Naxçıvana prezidentin səlahiyyətli nümayəndəsini təyin edib. Eyni zamanda Prezident İlham Əliyev ötən ay Kəlbəcərə də xüsusi nümayəndə təyin ediləcəyini açıqlayıb və yeni idarəetmə modelinin bütün ölkə üzrə tətbiq olunmasının anonsunu verib.

“Bu ərazilərdə, eyni zamanda, yeni idarəetmə üsulu da tətbiq edilməlidir və edilir. Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir”, – dövlət başçısı çıxışında vurğulayıb.

    Qeyd edək ki, xüsusi nümayəndəlik Azərbaycanın idarəetmə sistemi üçün yeni insititut hesab edilir. Hazırda yeni idarəçilik modelinin hüquqi əsaslarının formalaşdırılması prosesi həyata keçirilir. Xüsusi nümayəndəlik institutu “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında əsasnamə”yə uyğun olaraq fəaliyyət göstərir. Mətbuatda bu qurumun hələlik sınaq mərhələsində olduğu və özünü doğruldacağı təqdirdə ölkənin bütün ərazilərinə tətbiq ediləcəyi, hətta icra hakimiyyətlərinin ləğv olunacağı barədə müzakirələr aparılır.

    Məlumat üçün bildirək ki, yerlərdə icra hakimiyyətləri Azərbaycan Konstitusiyası əsasında yaradılan institutlardır. Konstitusiyanın 124-cü maddəsinə əsasən, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.

    İcra hakimiyyətlərinin ləğvinə gəlincə, bunun üçün konstitusiya dəyişdirilməli, yəni referendum keçirilməlidir. Məntiqi olaraq, xüsusi nümayəndəlik institutu özünü doğruldacağı təqdirdə, onun konstitusiyada təsbit edilməsi üçün referendumun keçirilməsi istisna edilməməlidir.

    Bəs indiki durumda icra hakimiyyətlərinin ləğvi mümkündürmü? 

    Mövzu ilə Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev işğaldan azad olunmuş ərazilərdə xüsusi nümayəndəliklərin tətbiq edildiyini və yeni modelin müsbət nəticələr verdiyini söyləyib.

    “Bütün sahələrdə olduğu kimi, idarəetmə sistemində də islahatların həyata keçirilməsi qaçılmazdır. Bu islahatlar bilavasitə idarəetmənin təkmilləşdirilməsinə, işlərin operativ şəkildə həll olunmasına və kadrlarla münasibətlərin yaxşılaşmasına xidmət edir. Ölkə rəhbəri tərəfindən xüsusi nümayəndəliklərin təyin olunması öz effektini göstərir. İşğaldan azad olunmuş ərazilərdə artıq bu sistem tətbiq olunur və yaxşı nəticələr verir. Yeni sistemin müsbət nəticələr göstərməsi gələcəkdə digər bölgələrdə də xüsusi nümayəndəliklərin yaradılacağını deməyə əsas verir. Yəni doğurdan da bu işlər yaxşı nəticə göstərəcəksə, sözsüz ki, bütün ölkə üzrə yeni sistemə keçmək lazımdır. İdarəetmə mürəkkəb sistemdir. Bu, bilavasitə insanlarla təmasların qurulması, insanlarla işləmək, abadlıq və tikinti işlərinin aparılmasıdır. Ona görə də, burada müəyyən tələskənliyə yol vermək olmaz. İşlər müəyyən təcrübələrə və metodlara əsaslanmalıdır. Əlbəttə, bu da vaxt tələb edir. Çünki icra strukturları son dövrlərdə bilavasitə yerlərdə çox işlər görüb. Onlar əhali ilə işləyir, sosial məsələlərin həll olunması, insanların qayğıları və onların qəbul olunması ilə bilavasitə məşğul olurlar. Anidən bir neçə rayonun birləşdirilib regional idarəetmə formasında xüsusi nümayəndəliklərə verilməsi müəyyən çətinliklər törədə bilər. Ona görə də, bu sistem hələ öyrənilir”.

    Komitə sədrinin sözlərinə görə, icra orqanlarının ləğvi imkansızdır, çünki təhsil, səhiyyə, maliyyə və vergi sahəsində regional idarələr yaradılıb:

    “Bunlar tamamilə ləğv oluna bilməz. Çünki regional idarələrlə və xüsusi nümayəndəliklərlə əlaqələndirici mütləq olmalıdır. Bu gün icra başçılarının hər bir kənddə, hər bir qəsəbədə tapşırıqları yerinə yetirməsi üçün nümayəndələri var. Sözsüz ki, əgər regional idarəetmə sistemi tətbiq olunarsa, onların rayonlarda və ya qəsəbələrdə mütləq nümayəndəlikləri olmaldır. Bu qaçılmazdır. Çünki o insanların müəyyən şikayətləri, cavablandırılmalı sorğuları, müəyyən qaydada regional idarələrlə əlaqələndirilməsi var. Ona görə də, bunu mütləq şəkildə hansısa qurum həyata keçirməlidir. Məncə, icra orqanları tamamilə ləğv oluna bilməz”.

    Deputat Kamran Bayramovun sözlərinə görə, ölkəmizdə bu cür qurumların yaradılması zərurəti məhz 44 günlük Vətən Müharibəsindən sonra torpaqlarımızın işğaldan azad olunması nəticəsində orada bərpa-quruculuq işlərinin görülməsi və dövlət idarəçiliyinin səmərəli şəkildə həyata keçirilməsi məqsədilə yaradılıb.

    “Cənab Prezidentin müvafiq fərmanına əsasən xüsusi nümayəndəlik institutu yaradılıb və əsasnaməsi təsdiq edilib. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar respublikası üzrə artıq xüsusi nümayəndələr təyin olunub. Cənab Prezidentin bir neçə çıxışında bu cür modelin, yəni regional idarəetmə modelinin ölkəmizin digər bölgələrində də tətbiqi məsələsi qaldırılıb. Prezident tərəfindən artıq bu modelin tətbiqi ilə bağlı işlərin görüldüyü bildirilib. Bununla bağlı bəzi suallar var. Çünki hazırda bizim idarəçiliklə bağlı müəyyən model formalaşıb. Yerli icra hakimiyyətləri, yerli özünüidarəetmə orqanları, həmçinin bələdiyyələr fəaliyyət göstərir. Amma yeni model öz səmərəsini artıq göstərməkdədir”.

    Parlamentari qeyd edib ki, icra hakimiyyətlərinin ləğvi barədə indidən fikir bildirmək doğru olmaz:

    “İndidən hansı qurumun ləğv olunacağı və yeni qurumun yaradılacağı haqqında danışa bilmərik. Bu barədə yalnız cənab Prezidentin müvafiq fərmanı imzalandığı təqdirdə fikir bildirə bilərik. Ölkəmizdə regionların inkişafı ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Dövlət proqramları imzalanır və icra olunur. Bu ildən 4-cü proqramın icrası yekunlaşır. Fikrimcə, yeni ildən artıq yeni proqramın qəbul olunması nəzərdə tutulacaq. Bölgələrimizin sosial, iqtisadi inkişafının sürətləndirilməsi, yeni iş yerlərinin açılması və digər məsələləri əhatə edən tədbirlər görüləcəkdir. Bu tədbirlərin səmərəsinin artırılması və düzgün istiqamətdə icrası, gələcəkdə səlahiyyətli nümayəndə insitutunun yaradılması və regionlarımızın inkişafı üçün böyük töhfə verəcək”.

    image-728x90

    • whatsapp
    • messenger
    • telegram
    • vkontakte
    • odnoklassniki
    image-728x90