Bu gün Azərbaycanın müasir diplomatiyasının əsas simalarından biri, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin doğum günüdür. O, 44 günlük Vətən müharibəsi zamanı diplomatiyamızın ön cəbhəsində çalışaraq Azərbaycanın maraqlarını beynəlxalq arenada uğurla qorudu.
Hikmət Hacıyev 15 oktyabr 1979-cu ildə Gəncə şəhərində anadan olub.
Gəncədəki 24 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillərində tam ali təhsil alıb.
NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal Mərkəzi və Belçikanın ULB Universitetinin magistr pilləsinin məzunudur.
Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışır. Müxtəlif illərdə o, Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdə və Misirdəki səfirliyiklərində çalışıb.
H.Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib.
“Diplomatik xidmətdə fərqlənməyə görə” medalı və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
18 sentyabr 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsini icra edib, 26 noyabr 2018-ci ildə isə bu şöbənin rəhbəri vəzifəsinə təyin olunub.
29 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Rus, türk, ingilis və fransız dillərini bilir.
Ailəlidir, iki övladı var.
Hikmət Hacıyev, Prezident Administrasiyasında çalışdığı dövrdə ölkəmizin xarici siyasət kursunun hazırlanmasında yaxından iştirak edib, Azərbaycan Prezidenti ilə birgə beynəlxalq sammit və görüşlərdə ölkənin mövqeyini uğurla təqdim edib. Onun fəaliyyəti Azərbaycanın regional və qlobal diplomatik nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verib.
Diplomat kimi Hacıyev müstəqil və balanslı xarici siyasət tərəfdarıdır. O, milli maraqların qorunması, beynəlxalq hüquqa hörmət və regional sabitliyin təmin olunmasını fəaliyyətinin prioriteti hesab edir. Eyni zamanda, ictimai diplomatiya və şəffaf kommunikasiya vasitələrindən fəal istifadə edərək Azərbaycanın xarici siyasətini həm yerli, həm də beynəlxalq ictimaiyyətə çatdırır.
Qarabağ münaqişəsi və müharibədən sonrakı dövrdə Hacıyev Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaqda fəal oldu, regionda sülh və sabitliyin bərqərar olunmasına töhfə verdi.
Hikmət Hacıyev gənc diplomatlar üçün örnək hesab olunur. Onun peşəkarlığı, strateji baxışı və vətənə bağlılığı Azərbaycanın diplomatiya məktəbinin inkişafına, milli maraqların müdafiəsinə və beynəlxalq nüfuzun möhkəmlənməsinə xidmət edir.
Bu gün Hikmət Hacıyev həm Azərbaycanın diplomatiya tarixində, həm də gələcək nəsil diplomatlar üçün nümunəvi sima olaraq xatırlanacaqdır.
Hikmət Hacıyevi doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür, fəaliyyətində uğurlar arzulayır!