Hacı Abgül Süleymanov Müsavatı İran səfirliyi qarşısında aksiya keçirdiyinə görə, ittiham edib. Ulusal.az xəbər verir ki, uzun müddət həbsdə olan dindar bu barədə özünün Facebook səhifəsində yazıb.
O, əvvəlcə müsavatçıları ağılsız adlandırıb. “Ağlınız yoxdur? Üç nəfər şikəst adamı yığmısız ora, xəcalət çəkmirsiniz? Bu sifarişi sizə kim verib? Özümüzün dağ boyda dərdimiz var, sizə İran lazımdır? Özünüzə iş tapın, xalqa xidmət edin”.
Abgül Süleymanov daha sonra “Bakı, Tehran, Ankara… Biz hara İsrail hara?” şüarı ilə çıxış edərək, üç müsəlman ölkəsinin İsrailin əlində oyuncağa çevrildiyini iddia edib. “Qorxun bunun ardınca gələn bəlalardan. Ölkədə görülməli iş çoxdur. Allah sizi hidayət eləsin! Özbaşına qalmısınız. Yaşlı arvadı yağışın altına niyə gətirmisiniz? Aldığınız pulları dava-dərmana xərcləyəcəksiniz. Etiraz olunası o qədər düşmən ölkəsi var ki. 44 günlük Vətən Müharibəsində, Gəncəmiz atəşə tutulanda nə Almaniya, nə Amerika, nə Fransa, nə İngiltərə, nə BƏƏ, heç biri bizə dəstək ünvanında fikir bildirmədi. İndi nə olub İrana qarşı hamısı bir ələ vururlar?. O ölkələr də İrana, Ermənistana dəstək verdiyi üçün etiraz edirlər? Orada da Zəngəzur məsələsi var? Oturub obyektiv düşünün. Allah sizə ağıl verib. Bu ağılı qəbrə aparacaqsınız?”
Sözügedən şəxs bildirib ki, o, etiraz aksiyasının əleyhinə deyil. “Mən demirəm etiraz etməyin. Edin, amma Allaha və vətənə görə. Pula görə yox. “Bravo”dan bir-iki kisə ərzaq və ət alacaqsınız. Onu da yeyib, qutaracaqsınız. Bəs sonra nə edəcəksiniz? Onun yerinə zavod və fabriklərin açılmasını tələb edin. Xalq işsiz qalmasın”.
Süleymanov daha sonra müsavatçıları ittiham edərək, onların bu addımının bekarçılıqdan irəli gəldiyini vurğulayıb. “Sizin bu işləriniz hamısı bekarçılıq üzündəndir. Musavat həyatı boyu kim olub ki? Arif Hacılı kimdir və kim olub? Ardınca düşdüyünüz şəxslər özlərini tanımayan insanlardır. Cəhənnəmə gedən özünə yoldaş axtarar. Siz Musavatın cəhənnəm yoldaşlarısınız! Biz onları əlimizin içi kimi tanıyırıq. Onlar sizdən istifadə edirlər, necə ki, sizdən öncəkilərdən istifadə etdilər. Gedib keçmişdəkilərdən maraqlanın, onlar niyə müxalifətdən ayrılıblar. Bugün müxalifətə qoşulanların ya təcrübələri yoxdur, ya da maddi maraqları var”.