image-rt-reklam
image-1632557176_sahibe1backend

Fransa Senatının riyakar addımına tutarlı cavab verildi

image-728x90

Fransa Senatının 15 noyabrda qəbul etdiyi həqiqətdən uzaq və ədalətdən məhrum qətnaməsi növbəti dəfə ermənilərə eyforiya yaşadır. Dəyərsiz bir kağız parçası ilə toy-bayram etməyə və ardınca labüd surətdə xəyal qırıqlığına uğrayıb dərin depressiyaya yüklənməyə adət etmiş erməni cəmiyyəti əsrlərlə davam edən bu təkrarçılığın ekstaz vəziyyətini yaşamaqdadır.

Nensi Pelosinin Ermənistana səfəri zamanı qondarma soyqırımı abidəsi önündə axıtdığı timsah göz yaşlarından heyrətlənmiş və az sonra bütün bunların bir şou olduğunu anlayıb məyusluğa qərq olmuş ermənilər bu dəfə də Fransa senatının “möhtəşəmliyindən”, “cəsarətindən” və “sədaqətindən” heyranlıqla danışırlar. Dünən və bu gün Ermənistan mətbuatının rəngindən asılı olmayaraq bütün məhsulları fransız dəstəyinin doğurduğu erməni xoşbəxtliyindən bəhs edir. Beləliklə, adəti trayektoriya üzrə az sonra erməni xoşbəxtliyinin hansı mərhələyə qədəm qoyacağını ehtimal etmək o qədər də çətin deyil.

Azərbaycanda isə Fransa Senatının qəbul etdiyi bədnam Qətnaməyə adekvat cavab özünü çox gözlətmədi. Elə ertəsi gün Milli Məclisin növbəti iclasında məsələni müzakirəyə təqdim edən spiker Sahibə xanım Qafarova Senatın qəbul etdiyi qətnaməni “… Azərbaycana qarşı bədxah və çirkli niyyətli siyasi aksiya” adlandırdı. Milli Məclisin sədri xanım Qafarova bildirdi ki, “…Hər sətrindən xalqımıza və dövlətimizə nifrət yağan bu qətnamə Ermənistan Respublikasının ölkəmizə qarşı ərazi iddialarına və qəsbkarlıq siyasətinə haqq qazandırmaq niyyəti güdən bir akt kimi qiymətləndirilməlidir. Heç bir hüquqi, siyasi və mənəvi haqqı olmadan Fransa Senatının qəbul etdiyi qətnamə bunu da göstərir ki, erməni şovinistlərinin qanunsuz maraqlarını təmin etmək üçün Fransa qanunvericiləri hətta öz dövlətlərinin milli maraqlarını qurban verməyə, Fransa ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərə xələl gətirməyə, habelə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa zərbə vurmağa da hazırdırlar…”.

Çıxış edən millət vəkilləri Fransanın müstəmləkiçilik tarixini, dünyanın müxtəlif bölgələrində törətdiyi çoxsaylı cinayətləri xatırladaraq Fransa senatorlarının heç bir dövləti, xüsusilə də öz haqlı mövqeyini dönmədən müdafiə edən Azərbaycanı mühakimə etməyə mənəvi haqqının olmadığını bildirdilər. Deputatlar öz çıxışlarında Yaxın Şərq bölgəsində və Afrika qitəsində siyasəti uğrsuzluğa düçar olmuş Fransanın Cənubi Qafqaz siyasətinin də iflasa uğrayacağına əmin olduqlarını ifadə etdilər. Beynəlxalq hüquq normalarına məhəl qoymadan işğalçı Ermənistanın ölkəmizə qarşı haqsız mövqeyinin Fransa qanunvericiləri tərəfindən dəstəklənməsi Azərbaycan qanunvericiləri tərəfindən Fransa inqilabının “azadlıq, bərabərlik və qardaşlıq” prinsiplərinə xəyanət kimi dəyərləndirildi. Çıxış edənlərin təklifi ilə Fransa Senatının Qətnaməsinə cavab olaraq Milli Məclisin Bəyanatının qəbul olunması qərara alındı.

Elə həmin gün səsverməyə çıxarılaraq qəbul olunmuş Bəyanatda işğal, müstəmləkəçilik, irqçilik, ksenofobiya, millətçi şovinizm, soyqırımı və insanlığa qarşı cinayətlərlə dolu olan Fransa tarixinin ayrı-ayrı epizodları senatorların diqqətinə çatdırıldı. Bəyanatda qeyd edildi ki, 2020-ci ildə və bu günlərdə Fransa Parlamentində Azərbaycan əleyhinə ədalətsiz və qərəzli qətnamələrin qəbul olunması ilə Fransa son 30 il ərzində iki ölkə arasında bağlanmış və ölkələrimiz arasında dostluğu və əməkdaşlığı təşviq edən çoxsaylı müqavilələrin müvafiq bəndlərini pozub və bu sənədlərdən irəli gələn öhdəlikləri yerinə yetirmir. Deputatlar yekdilliklə qəbul etdikləri Bəyanatda Azərbaycan Respublikası ilə Fransa arasında siyasi-iqtisadi münasibətlərin milli maraqlarımıza uyğun şəkildə tənzimlənməsi üçün bir sıra qabaqlayıcı addımların atılması barəsində hökümətə çağırış etdilər. Milli Məclis tərəfindən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı təşəbbüs və fəaliyyətlərdə Fransanın iştirakına imkan verilməməsi və bu məsələlər barəsində Fransa rəsmiləri ilə heç bir müzakirənin aparılmaması tövsiyyə edildi. Hazırda ölkəmizdə 300-dən çox fransız şirkətinin fəaliyyət göstərdiyini nəzərə alaraq onların dövlət layihələrində iştirakının bloklanması və eləcə də enerji sektorunda əməkdaşlığa yenidən baxılması təkliflər də hökümətə edilən çağırışlarda öz əksini tapdı.

Milli Məclis həmçinin Fransanın müstəmləkəçilik siyasəti, insanlıq əleyhinə cinayətləri və hərbi cinayətləri ilə bağlı məsələlərin Qoşulmama Hərəkatı çərçivəsində qaldırılmasını, Fransa tərəfindən aparılan islamofobiya və türkofobiya siyasəti ilə bağlı məsələlərin isə müvafiq olaraq İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində gündəliyə çıxarılmasını məqsədəuyğun hesab etdi.

Beləliklə, Milli Məclisin Fransa Senatına cavabı onun qəbul etdiyi qətnamədən daha sərt oldu.

Fransızların itaət etdiyi Xristianlığın vacib kanonlarından birində deyilir. ”Mühakimə etmə(sən) – mühakimə olunma(zsan), zira necə mühakimə edirsənsə, elə də mühakimə olunacaqsan; və hansı meyarlarla mühakimə edirsənsə, onlarla da mühakimə olunacaqsan ( yəni hansı arşınla ölçərsən, o arşıınla da ölçüləcəksən)”.
Azərbaycanı saxta iddialar əsasında riyakarcasına mühakimə etməklə Fransa senatorları müqəddəs hesab etdikləri inancın əsas kanonlarından birini pozdular. Azərbaycan deputatları isə onlara müsəlmanların yaşam tərzində meyar olaraq əsaslandığı atalar sözünün hikməti ilə tutarlı cavab verdilər. “Nə tökərsən aşına, o da çıxar qaşığına”.

Cavanşir Feyziyev
Millət vəkili

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90