Azərbaycana yenidən gəldiyim üçün sevindim
Azərbaycana yenidən gəldiyim üçün sevindim və çox xoşuma gəldi.
Bunu Ulusal.az-a açıqlamasında “Şerif”in (Moldova) futbolçusu Əyyub Alaş deyib.
UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Zirə” ilə qarşılaşan Tiraspol təmsilçisinin yarımmüdafiəçisi növbəti mərhələyə yüksəldikləri üçün sevincli olduğunu bildirib:
“Zirə”ni məğlub etmək və mərhələni adlamaq istəyirdik. Bunu bacardığımız üçün komanda olaraq sevinirik.Azərbaycan Premyer Liqasında çıxış edərkən “Zirə”yə qarşı daha əvvəl 6 dəfə oyun keçirmişdim. Hər zaman olduğu kimi “Zirə” öz formunda idi. Avropada oynamaq gözəldir. Azərbaycana yenidən gəldiyim üçün sevindim və çox xoşuma gəldi. Həqiqətən insanlarınız və ölkəniz gözəldir”.
26 yaşlı oyunçu karyerasını Azərbaycanda davam etdirməməsinin səbəbini açıqlayıb: “Azərbaycan klublarından rəsmi təklif almadım. Ona görə seçimim başqa komandadan yana oldu. Təklif gəlsəydi, bəlkə düşünərdim”.
Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsində “Zirə” penaltilər seriyasında “Şerif”ə məğlub olub – 1:2 (pen, 4:5).