Ötən sutka ərzində mövqelərimiz 30 dəfə atəşə tutulub. İlk təxribat aprelin 5-i 15:10-dan 17:35-dək davam edib. Ermənistan silahlı qüvvələrinin bölmələri ordumuzun Tovuz rayonunun Hacalı, Ağbulaq, Ağdam, Qaralar, Köhnə Qışlaq və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətlərindəki mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən təkmilləşdirilməsi işlərini görməyə cəhd göstəriblər. Saat 17:25 radələrində isə Berd rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərdən Azərbaycan ordusunun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətindəki mövqeləri atıcı silahlardan atəşə tutulub. Uzun müddətdən sonra ilk dəfə idi yüksəkliklərimiz hədəfə alınırdı. Çox maraqlıdır, sözügedən təxribat Brüsseldə reallaşan ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşü zamanı baş verirdi. Görüşün ilk anlarından nəzərəçarpan təxribatla bir daha aydın olur ki, tərəflərin Cənubi Qafqazda müəyyənləşdirdiyi ayırıcı xətlərin ayırıcı səddə çevrilməsinin əsası qoyuldu.
Məlum görüşün nəticələrindən ruhlanan və Qərb müttəfiqlərindən dəstək vədləri alan Ermənistan tərəfi eyni gündə növbəti dəfə 21:55-dən 23:20-dək bölmələrimizin mövqelərini hədəf seçdi. Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq, Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Çağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Üçtərəfli görüşün iştirakçıları görüşün məqsədinin Ermənistanın iqtisadi təhlükəsizliyinin təmini olduğunu bəyan etsələr də, proseslər əsl hədəfin gizlədildiyini deməyə əsas verir. Şərqi Zəngəzur istiqamətində şərti sərhəd zonasında Ermənistan silahlı qüvvələrinin cəmləşməsi özlüyündə ciddi siqnaldır.
İstisnasız, bu cəhdlərin hər biri regionda sülhə və sabitliyə maneədir. Azərbaycan da məhz buna qarşıdır və səbəblərini tutarlı arqumentlərlə əsaslandırır. Son nəticədə, sülhə təhlükə yarada biləcək istənilən addım ən yaxşı halda belə İrəvana müsbət nəsə vəd etmir.