Politoloq Arzuman Muradlı bildirib ki, Rusiya Silahlı Qüvvələrinin bu gecə NATO üzvü olan Polşaya hücum etməsi beynəlxalq təhlükəsizlik sistemi üçün olduqca ciddi nəticələr doğuracaq. Onun sözlərinə görə, bu addım faktiki olaraq Moskvanın NATO-ya qarşı müharibəyə start verməsi deməkdir.
Arzuman Muradlı hesab edir ki, baş verənlər tarixi analoqlarla müqayisədə üçüncü Dünya müharibəsinin başlanğıcı kimi dəyərləndirilə bilər:
“Artıq dünyanın bir çox ölkələri Rusiyanın bu hərbi əməlini kəskin şəkildə pisləyən bəyanatlar yayıb. Bu, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Tarixə nəzər salsaq görərik ki, hadisələr sanki ikinci Dünya müharibəsinin başlanğıc ssenarisini xatırladır. O zaman da bir dövlət qonşularına qarşı aqressiv addımlar atmaqla qlobal qarşıdurmaya səbəb olmuşdu. İndi isə Rusiya eyni taktikanı müxtəlif müttəfiq və dəstəkçi ölkələrin köməyi ilə həyata keçirməyə çalışır.”
Politoloqun fikrincə, Qərb dövlətlərinin cavab addımları çox gecikməyəcək:
“Avropa və ABŞ bu hücumu yalnız Polşaya deyil, bütövlükdə NATO-ya qarşı təhdid kimi görürlər. Alyansın nizamnaməsinə görə, bir üzv dövlətə edilən hücum bütün üzvlərə qarşı yönəlmiş sayılır. Buna görə də Rusiya çox qısa müddətdə ciddi hərbi-siyasi təzyiqlərlə üz-üzə qala bilər.”
Arzuman Muradlı əlavə edib ki, Moskvanın atdığı bu addım əslində onun öz mövqelərini zəiflətməkdədir:
“Bu hücum Rusiyanın strateji baxımdan böyük səhvi ola bilər. Çünki o, artıq təkcə Ukrayna ilə müharibə aparan dövlət deyil, həm də dünyanın ən güclü hərbi blokunun açıq rəqibinə çevrilir. Belə bir qarşıdurmanın nəticəsi Rusiya üçün fəlakətli ola bilər və hətta dövlətin mövcudluğunu təhlükə altına qoya bilər. Mən hesab edirəm ki, bu, Rusiyanın sonunu gətirə biləcək bir prosesin başlanğıcıdır.”